Bu gün
...bu gün
mənə qonaq gəl,
şəhərə çıxaq,
qoluna girim,
sığınım sənə -
yanıb-tökülsün cavan oğlanlar...
gəl,
sənə
illərdi görmədiyin,
bilmədiyin
qızından danışım...
tanıdığı yaxşı-pis adamlardan,
darıxdığı axşamlardan
onu incidənlərdən,
sevənlərdən
danışım...
tənhalığının tən ortasından
sənin bir zənginlə
xilas olub
sonra
uşaq kimi ağladığını da deyimmi?
gözləyirəm
sən də
onu nə qədər
çox istədiyindən danışasan
ömründə ilk dəfə...
bilirsən ondan nə soruş?
soruş ki,
ən böyük arzun nədi...?
bir də
“bəs ən böyük qorxun?” soruş
cavab almamış...
o da ürəyində:
“... itirmək...
səni və anamı...” - desin...
...istəyirəm,
əlimdən tutub aparasan
karuselin qarşısındakı
dondurmasatanın yanına
“hansını ürəyin istəyir, götür” deyəsən...
...sonra
anama zəng edək,
hansısa dükandan
tapıb gətirək
qoşulsun bizə
sən sağımda – sağım daha güclü
anam solumda – solum daha həssas
üzü dənizə dayanaq
bir az susaq
sonra ikiniz də mənə
o Günəşli aprel səhərindən danışın –
dünyaya bir qız gəlirdi...
...gəl, ata,
gəl, dərdləşək,
bu gün sözlə anlaşaq...