PDA

Orijinalini görmek için tıklayınız : DƏXİ NƏ İSTƏYƏCƏKLƏR? Mirzə Cəlil


Dumrul
07-15-2009, 03:51 PM
Dəxi nə istəyəcəklər?

Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.
Sözüm İran azərbaycanlılarının barəsindədir.
Bu gün Tehran padşahlarını yendirdilər; sabah görək nə istəyəcəklər.
Qeyri məsələlər hələ öz yolu ilə, mən qorxuram indi də başlayalar ki, bizə Tehranın dili də lazım deyil. Amma öz aramızdı, xudanəkərdə, əgər təbrizlilər indi də belə bir şıltağa başlasalar, yəni indi də deyələr, biz farsi-marsi dili lazım deyil, bizim öz ana dilimiz var, yəni bizim türk dilimiz var – onda nəüzibillah, bilmirəm işlər nə yerə gəlib çatacaq?
Mən heç zarafat-zad eləmirəm və sözün doğrusunu deyirəm. Çünki hələ şah məsələsi səhldir, hələ demək olar ki, şahsız da ötüşmək olar, onda da Əhməd şah kimi allahın bir azarsız bəndəsilə ki, beş-on şahı qabağına atırdın, Firəngistandan gündüz kefdə, gecə damağda, heç bir şeylə işi yox idi. Amma bu dil məsələsini səhl saymaq olmaz və sən bu sözləri Təbrizdə durub danışsan, ağzını cırarlar.


* * *

Zarafat kənarda qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyələr ki, Culfadan başlamış, bir tərəfi Savuc bulaq İran Kürdüstanı: Həmədan, Qəzvin, ta gəldi çıxdı Gilana və şimal tərəfdə Şura Azərbaycanına qədər, belə bir məmləkətin – ki, adı İran Azərbaycanıdır, - cəmi əhalisinin ana dili türk dilidir və türk dili də olmalıdır.

* * *

Hə, necə gördün daduşu?
Mən bu saat burada otura-otura bilirəm ki, bu saat xah Təbrizdə və xah Marağa və Ərdəbildə türk dili tərəfdarları yavaş-yavaş qımıldanırlar; bunu da bilirəm ki, türk dili tərəfdarlarına cavab olaraq arif adında bir dılğır şair qoltuq cibindən bir tuğra çıxardıb, fars dilinin şənində öz əşarından oxuyur və türk dili barəsində belə deyir: ar olsun izə, ey türkcə danışan azərbaycanlılar ki, vəhşi türk dilinə aldanıb, fars dilinə qədr-qiymət vermirsiniz, vaveyla, vamüsibəta!...
Doğrudan da bu nə mərəkə və məhşərdi?
Bu gün Əhməd şahı və onun bütün nəslini taxtdan saldılar, - bu hələ səhldir.
Sabah tac və taxtı da cümhuriyyət üsul-idarəsinə çöndərdilər, deyərik ki, “arifçilər” və fars dilçiləri bəlkə buna da tab gətirdilər. Amma əsil qorxu bunun dalındadır ki, birdən başlayalar fars dilinin çürük-mürük meybaz və beçəbaz kitablarını və tiryəkbaz “arif”lərini də təpikləyib bir baş şah Əbdüləzimə qovalar.

Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 14 noyabr1925, N: 46