PDA

Orijinalini görmek için tıklayınız : Anım


hadi qaraçay
07-15-2009, 12:33 PM
Anım başlığı andığımız bütün sevgililərin sevgisinindir.



Səid Mətinpuru anırkən


Dünən hardasa görmədiyim, hardasa görüşmədiyim sevgili bir dostun bloquna getmişdim. Adını çox duymuşdum, şəkillərini çox görmüşdüm, yazılarından az çox oxumuşdum. Ancaq indi məni bu bloqa çəkib aparan, bam başqa bir səs idi.
Dünən Səid Mətinpurun 8 illik ayrılığından yazırdı sitələr. 8 il bizlərdən uzaqlaşdırılacaq olan bu səs nə səsdir? Yazılarının arasından onu tanımağa çalışıram. Bu səsi duymağa, anlamağa çalışıram. Bütün haray həşirlərdən uzaqda, bütün siyasal çəkişmələrdən qıraqda bir jurnalistin öz özünü tanımağa çalışıram. Bloqunun ilk yazısını açıram. Mehdi Nəiminin yaxalanmasına toxunan bir yazıdır. İran İslam Respoblikasının diplomasiyasında müsəlmanların eləcə də müsəlmançılığın siyasal çalarlarına toxunur. Ermənistanla ilişgilərinin anlaşılmazlığından və müsəlmanlar içində siyasal nədənlərdən asılı olaraq ayrı seçgilik siyasəti olduğundan danışır. Səidin içəri getdiyi bu gündə, onun hardasa 5 il öncə yazdıqları necə də aktualdır. Uyğurların ölüm dirim savaşında ölənlərinə İranın baxışı maraqlıdır. Köhnə hamam, köhnə tas...sözümüzə dönürəm.
Bunlar elə o zaman üçün1384cü il üçün belə yeni qonular deyildi. Ondan hardasa 10 il öncə İ.İ.R.nın xarici işlər nazirliyinin yaydığı aylıq ”orta asiya və qafqazların araşdırmaları” dərgisində böyük fəxrlə Ermənistanla olan siyasal, ekonomik ilişgilərinin genişliyindən danışılır. Bu dərgidə verilmiş statiklərə dayanaraq, İ.İ.Rsının Ermənistanla olan ekonomik ilişgilərinin boyutları Rusyadan və Amerikadan da böyükdür. Bu statiklər adama şok verir. Ermənistanın birinci şəriki olan Rusya 2.ci yerdədir, Ermənistanın ən güclü lobbisinin aktiv olduğu ölkə olan Amerika isə 3.cü yürdədir. Müsəlmanlara qan udduran Erməni daşnaksiyonunun arxasında İRAN İSLAM RESPOBLİKASI durur. Bu bilgiləri Səid Mətinpur vermir, bu bilgiləri bu statikləri yuxarıda dediyim kimi İ.İ.R.sının xarici işlər nazirliyi vermişdir(mecelleye motaleate asiyaye miyane ve qəfqaz. Sayı 2-17). Ancaq sözü gedən bu yazının sonunda Səid Mətinpurun yandırıcı bir tümcəsi var. Ayıq olan, sayıq olan, insana onun etnik quruluşundan baxmayan bir baxış açısı var bu tümcədə. İnsana və yalnız insana sayqın olan bir tümcədir bu: Hardasa torpağa göz tikərək səndən bir əsgər yaradırlar, başqa bir yerdə də kültürünü pozurkən yazıçı olmağa sürüklənirsən, və sən yazıçı bir əsgərsən.* Və ”sən” yazıçı bir əsgərsən. Bu sən kimdir? Mehdi Nəimimi, Səid Mətinpurmu? Önəmli deyil, önəmli olan Səidin insana olan baxışıdır.Əsgərə, yazıçıya olan baxışıdır. Önəmli olan, özünü, yoxsa da yol yoldaşı olan Mehdi Nəimini bu durumda görməsidir. Bir yanda torpağına göz tikilmiş, bir yanda kimliyinə.
Səid 8 il bizdən ayrı yaşamağa məhkum olmuş. Biz onu yalnız buraxmayacağıq.
*bax:
http://zenganli.blogfa.com/8402.aspx

Ramin CABBARİ
07-15-2009, 01:03 PM
Sayın Hadi bəy
Səid bəyi Mətinpuru söylədiyiniz kimi gərməskdə, yazılarından doğma bir səs duymaqdayıq. düşünürəm bu səsi batmağa qoymayanların sayısı az deyil.
Səid bəyi andığınız üçün sağ olun

izler
07-15-2009, 03:08 PM
Animsadiginiz ucun cox sag olun Hadi bey. Bizde animsadiq.

hadi qaraçay
07-15-2009, 06:18 PM
Sevgili Ramin, sevgili İzlər,
siz də ilgiləndiyiniz üçün çox sağ olun. Doğrusu Səid Mətinpur bir jurnalist olaraq, bir şair olaraq da boyunumuza bir haqq qoyub gedib. Eləcə də özgürlük uğrunda apardığı döyüşdə də bizim maraqlarımız az olmamışdır. Bu bir insanlıq borcu olaraq yapdığım işdir və sürəkli olaraq gedəcəkdir.

hadi qaraçay
08-07-2009, 05:00 PM
Səid Metinpura Açıq iləti


Əsənliklər qocamış
oralarda dərgi olmaz, olsa da türkcəsi olmaz. Yerin boş, bü gün Günter Grasdan bir qoşuq oxudum. Adını belə eşitmədiyin Ülkər adlı gənc bir qızın çevirisində. Adı, "Albalılar" . Bu albalı ağaclarıyla birlikdə adamın beyninə yekəli xırdalı min ad yügürməyə başlayır. . .

Darıxmağa vaxt tapsan, bir az yalnızlığına girə bilsən oturub olub keçənləri oxumağa başlarsan. İlk də adlardan başlarsan. Sonra biri gələr "mənə dörd dənə albalı qurusu göndəriblər, kəndimizdən paydır" deyər. Dörd albalı qurusu səni alar, o uca duvarlardan, o dəmir barmaqlıqlardan çıxardar, evə deyil, kəndə deyil, görmədiyin bir ölkənin görüşmədiyin bir yazıçısına aparar. O da nə alar, nə satar sənə bir şeir oxuyar:
Albalılar

Sevgini qoltuqağacıyla
Qumluqda ağaclara sarı sürünəndə gördüyüm zaman
Albalıları albalı kimi tanımaq istəyirəm

Qısa qollarımla
Hər zaman bir pilləsi az gələn nərduvanla
Ağacın dibinə tökülmüş meyvələrlə
Ya komputla
Yaşamaq istəmirəm artıq

Şirin! şib- şirin ; qaraya çalır da
Burada quş belə qıb- qırmızı görür yuxusunu
Kim kimi öpür
Sevgi qultuqağacıyla
özünü ağaca yetirənədə?

Albalının adı gəlincə içini kəsən bu "Mədə qanaxması"na tutulduğuna gülərsən. Bel ağrıların dincələr, baş dönmən qoyar və ürəyinin dincsizliyi unudular.
Ancaq hardasa səni sevən bir qoşuqçunun ürəyi sancar. Bunu bilsən yaxşıdır.

Sən dərgiləri görməsən sinirlərin dincdir. Səidin Mədə qanaxmasının, baş ağrılarının, bel ağrılarının, ürək sanılarının sağalmasını istəməyənlərin xəbərlərini oxumasan da olar. Bunları Hadi qaraçay oxudu, üzüldü və sənə kiçicik açıq bir iləti göndərdi. Bir qoşuq. Bir Günter Gras, bir albalı ağacı...səni unutmaq qolay deyil. Bunu kəsin bilmən gərəkir.

hadi qaraçay
08-13-2009, 10:36 PM
Səid Mətinpuru anırkən
Açıq iləti 2

Bax çörəyə, duza and olsun, adın gələr gəlməz içimi sayqınlıq bürüyər, bütün duyğularımı qap qara bir bulut tutar. Acı, çox acı bir duyğu içimi kəsib gedər. Diri olduğuma utanaram, içəridə olmadığıma, səninlə bir sellolun havasını udqunmadığıma utanaram. Yaşadığım bu dünyanın ədalətsiz quruluşuna baxıb baxıb içimi çəkərəm sevgili qardaşım. Bir əl olsaydım deyərəm, bütün yaralarını sağalda bilən bir əl olsaydım deyərəm.

Dünyanın harasına gedirsən ged, harasına baxırsan bax, inasana, insanlığa uyqun prinsiplərin pozulduğunu, alçaldıcı davranışların 21.ci yüzillikdə də sürdüyünü görə bilərsən. Yeri göyü bir birinə tikərək yer kürəsinin ən ucqarlarından qalxıb gəlib Əfqanistanda Əfqanlara, İraqda İraqlılara demokrası paylayan kristiyan amrikalıların Guvantanamosundan tut, söz olaraq islamın, quranın mərhəmətindən danışaraq insan hörmətinə hörmətsizlik edən, insanlığın ən ilkin ilkələrini pozan məmləkətimizin siyasətçilərinin Evin dustağında saxlanılan dustaqlarınacan bir birini sürəkili kəsən, bir birinin içindən keçən "Güc Labirenti"nin xarabalıqlarını görəcəksən. Dünyamız ədalətsizdir düşünəcəksən, düşünürəm, düşünürük. . .Bütn bu acıların içində bal dürməyi tutmuş anamın əllərini anıram. Bütün sarsıntıların başı üstündə gedən bir ışıq zolağını sezirəm sevgili Səid və birdən birə səsi gur bir söz tanrısı bir sevgili insanı anıram. Nazım Hikməti.
Nazım Hikməti anırma birdən, 15 ilini dəmir barmaqlıqların arxasında suya çəkib gəldi. Dilində əsgi bir mahnı, ”Bir Gemici Türküsü” dedi

Rüzgâr,

yıldızlar

ve su.


Sevgili Səid, görüşənmədiyim sevgili dildaş, jurnalist, qoşuqçu, Rüzgar gəldi gedərdir, Yıldızlar yol yoldaşlarıdır ancaq bu Su. . . bax bu Su aydınlıqdır. Gecinə tezinə bir söz demirəm, ancaq o gün kəsin qapımızın ağzındadır.


Mənim gördüyümcə bütün ovçuların yekə qarnı olub, dadlı duzlu dili olub, ən önəmlisi də çox yaxşı yol yoldaşı olublar. Bu ovçu da o gördüklərimin biri. Ovlara baxa baxa ” qadası bax o götü ağaran təkəni görürsənmi, o artıq qablamadadır. Söz sözü necə tapdı bilmədim, ancaq hardasa 4 il öncə biz "öz dilimizin, öz kültürümüzün çalarını istəyirik" 1deyirdin. Bax o götü ağaran istək indi qapıdadır...Sənin gəlişini gözləyirik, gəlib də qapını üzümüzə açasan qardaşım. Bir söz daha, bu ovçu varıydı haa, ” oda tutulmuş ət, artıq kababdır, ona pişmiyib demzlər” deyərdi. _Yaxşı ovçu qardaş onda pişməmişi hansıdır? Deyə soruşdum. Uzaqlarda bir sürü ovu göstərib ” bax pişməmişi onlardır.” dedi. Bizim dilimiz Abbas bəydən bu yana od üstündədir bilirsən.

Yaxşı bir oğlan demişkən ”YAŞAMALISAN”
öpüldün

1. Bu səssizliyi də sındıraq başlıqlı yazı. Bax:

http://zenganli.blogfa.com/8404.aspx

hadi qaraçay
09-11-2009, 04:16 AM
Dünən Səidin ad günüydü. Dünən dil deyib, dilim deyib yazıb yaradan, insana sayqınlıq, insana ağırlıq, insana hörmət deyib yazan Səid Mətinpurun ad günüydü. Adın ürəyimizə qazılı, adın bütün adlarımızın başında gedir. Səni toy tuturuq, səni yağılarımızın gözünün içinə baxırıq, səni qurtuluş bayrağı sancırıq.


********
1)

Bu gələn kimdir də bilsəydim

qırqovul qanadında
qırmızıdan yetmiş çalar
ördək başında
yaşıldan.

Gəlinimin ağzında ağ saqqız,
qızımın yanağında ənnik, kirişan.
Yemək masamın üstündə
Muğan buğdasından çörək sulayar,
gecələrimdə ay boyda gül açar
bu gələn odur.

Gözlərimi yumuram,
Saat Qabağında saat 12 yol çırpınır.


Şeyxin əbasında, güllələrin yeri irinləyib
Ovcunu aç Seyid
bu məni silkələyən kimdir?
Ovcunu aç
ovcumda tutduğum qum saatından süzülürəm.


2)
öncə qapısını itirdim
sonra yolunu
sonra yönünü.
Varanı çıxmaz
katan köynəkli bir ölümə vardım.

Uçmağın qapısı dəmiriymiş
duvarları daşımış
ölümün dodaqlarıymış yediyim alma.

Ərkin yaralı duvarları çiynimdə.
Bu qapısız,
bu yolsuz,
bu yönsüz tamuda
əncir yarpağı çılpaqlığımı örtənməz.

***


8 il onu bizdən alacaqlarına sözləşdilər, 8 il dilini danışmaqdan , ayağını yeriməkdən, gözlərini gözəlliklərə baxmaqdan ayırdılar. Səid bizim böyük itgimizdir. Onun boş yerini dolduranmırıq, ağrısına dözənmirik, və yerini dolduranmayınca, ağrısına dözənməyincə haramızdan vurulduğumuzu anlayırıq. Biz ürəyimizdən vurulmuşlarıq.

O acı duvarların arxasında, o qalın pərdələrin dalısında yetmiş yol yetmiş qat duvar tiksinlər, pərdə çəksinlər . . .sənin baxışının itisi aşacaq-aşır, sənin gözlərinin sevgisi, ürəyinin atışı aşacaq-aşır. . .
Səni bu duvarlar susduranmayacaq.

ülkər
09-12-2009, 10:30 AM
öncə qapısını itirdim
sonra yolunu
sonra yönünü.
Varanı çıxmaz
katan köynəkli bir ölümə vardım.

Uçmağın qapısı dəmiriymiş
duvarları daşımış
ölümün dodaqlarıymış yediyim alma.

Ərkin yaralı duvarları çiynimdə.
Bu qapısız,
bu yolsuz,
bu yönsüz tamuda
əncir yarpağı çılpaqlığımı örtənməz.



Mənə də anım yaz Hadı Qaraçay, Səyid Mətinpura qızırqanıram!
çox sevirəm bu şeiri...

hadi qaraçay
09-12-2009, 06:45 PM
çox da uzaqdan baxma, bir də gördün sənə də yazmalı olduq. Gördüyümcə
sənin də başın qovurma qoxusu verir.

Qoşuğu bəyəndiyinə çox sevindim.

admin
09-19-2009, 09:23 PM
Şahin zəncirdə


Əkbər Paşayi


Ad günün qutlu olsun Səid*








http://images.google.com/images?q=tbn:XCJoSlgkKNZFmM:1.bp.blogspot.com/_AqtjNkdkfW4/SlkH3L7dX8I/AAAAAAAAAaE/Fqnqqo0FUg4/s400/said%2Bmatinpur.JPG


“ gözləyin gələrəm bir gün yanıza
Hamımız birləşib yola düşərik
Məhəbbəti və eşqi bütün ellərə
Paylarıq, hamımız gözəl yaşarıq”

Iranda fars olmayan millətlərin öz milli haqları və öz gələcəklərini bəlirləmə haqqını əldə etmə uğrunda etdikləri savaşın sonucunda, bu günə kimi saysız – hesabsız aydını, yazarı, jurnalisti, milli çabamanları tutuqlabıb tutsaqlanmışdır. Genəldə Azərbaycan milli hərəkəti və özünü ona bağlı bilib vəya hiss edən hər tutuqlanmış bir aktivist, məhkəmədə nasionalist, bölücü, pantürkist, casus, iğtişaşçı və s. Adlandırılıb nahaq yerə suçlu tanınmışlar və bunun adrıca uzun sürəli həbsə məhkum edilirlər.
Burada demək istədiyim Səid Mətinpurun bu günkü durumudur. Xəbərlərdə belə gəlmiş: Zənganın baş prokuroru, bu şəhərin siyasal fəallarından biri olan S M-un tutuqlanması haqda artırdı: bir sıralarının düşündüyü və elan etdiklərinin əksinə, bu insanın cürmü toplumsal hərəkətlərə qatılmaq və ana dili uğrunda çalışmaq deyil. Bu insan casusluq etdiyinə görə tutuqlanmış və 8 il həbsə məhkum edilib, indilikdə zindandadır. http://www.mehrnews.com/fa/newsdetail.aspx?pr=a&NewsID=944738 (http://www.mehrnews.com/fa/newsdetail.aspx?pr=a&NewsID=944738)


Tanınmış yazar, jurnalist, insan haqqları çabamanı Səid Mətinpurun bundan öncə 9 ay tək adamlıq kamerada ağır əzinclər və insanlıq dışı, şəxsiyət alçaldan davranışlara məruz qaldığını az çox eşidib bilmişik. Səidin, o günlərə nə sayaq dözməsi və inanclarından bir an an belə çəkmədiyindən bolluca söz getmişdir. Yoldaşları və yaxından tanıyanları onun türk dilinə və millətinə olan sonsuz bağlılıq və sevgisindən yazmışlar.**
Səidi, yazılarında Türk adına bir millətin var olmasına, Azərbaycan adına bir vətənin varlığına, habelə milli diin türkcə olduğuna nə dərəcədə inanmış olduğunu görürük. Bunu düşünmək üçün ilk baş vurulacaq qaynaq Səidin əldə olan yazılarıdır.***
O , dönələrlə İranda, Türklərin siyasal, iqtisadi, və toplusal acınacaqlı durumunu nədənlərlə yazmış, Türklərin fars dövləti sömürüsündən qurtuluşunun təkcə yolunu mədəni tərpənişlərlə milləti ayıltmaq və hərəkətimizi güclü irəli aparmaqda görür. Onun insan haqları uğrunda atdığı addımlarını və İranda Türkcəni rəsmi qonuma çatdırılma istəyini, bütünüylə millətləşmə açısından və Güney Azərbaycanda Türklər millət olaraq oluşmasını gərəkli bildiyindən incələmək olar. Onun xordadda , Azərbaycan milli qalxışı Zəngan şəhərində danılmaz oynamı olmuşdur. Səid xordad qiyamında səslənən “haray haray mən türkəm” şüarını birinci yol, Türkçülük düşüncəsi, millətin göstərilərdə təməl aldığına dəyərləndirir. Milli hərəkəti beyinlərdə və canlarda diri saxlamasından habelə onun artıq tanıtdırmasını və millət içində yayılması və güclənməsindən söz açır.
Bu özəlliklərə yiyə olan Səid, millətimizdə ona qarşı sonsuz sayqınlıq qazandırmışdır. Evin tutsağından Səidə pay qalmış bel ağrısı, medə qanaması, baş sancısı və çətin durumu onun millətinin azadlığı yolunda gənc çağını və canını əsirgəmədiyinin ap aydın göstəricisidir. Səid tutsaqda ikən düşüncəsi, yolu, milləti əbədiləşəcəkdir.
Millətimizin yetişdirdiyi bu dözümlü, Türklük bilincindən dolu, arı ürəkli insan bir kəlmədə Azərbaycanın baş ucalığıdır.

*şəhrivər ayının 29-cu günü Səid bəyin doğum günüdür/ yazının adı doqtor Zehtabinin “şahin zəncirdə” başlıqlı kitabından alınmışdır.
** (http://www.matinpur.blogsky.com (http://www.matinpur.blogsky.com/) Səid Mətinpurun Azadlığı üçün), (Səid Mətinpurun azadlığı üçün komitə http://matinpoor.blogfa.com (http://matinpoor.blogfa.com/))
*** http://zenganli.blogfa.com (http://zenganli.blogfa.com/) (Səid Mətinpurun bloqu ) öyrəncisəl Qızılüzən dərgisi, Dilmac- federalism özəl sayı, Zənganda yayınlanmış Yarpaq, moc-e- bidari və peyke azər həftəlikləri