PDA

Orijinalini görmek için tıklayınız : Anarın nəsri


Dumrul
03-07-2009, 09:57 PM
Dantenin yubileyi


- Bu gecə bu qoca bu ocaq.

- Bu gecə. Bu qoca. Bu ocaq.

- Bu gecə, bu qoca, bu ocaq.

- Yox, yox, bir də yox.

Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi - Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında - daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.

Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı.

Məşq gedirdi.

Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol procektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə öz adi paltarları idi.

Rejissor qıvraq bir sıçrayışla pilləkənləri qət edib səhnəyə qalxdı, ön tərəfdə dayanmış qarabuğdayı sinli kişiyə yanaşdı:

-Feyzulla, atam, qardaşım, - deyə sakit və təmkinlə da:nışmağa çalışdı, - özüvə yazığın gəlmir, bizə gəlsin. Səhər doqquzdan burdayam, ağzıma bir tikə çörək almamışam. Atam-anam sənə qurban, axı biz də yazığıq. Bütün əsərdə üç kəlmə sözüm var; onu da fərri deyə bilmirsən. Axı bu zəhirmarın harası çətindir: Bu gecə. Bu qoca. Bu ocaq. Vəssalam.

Feyzulla çirkli, əzik dəsmalını çıxartdı, tələsik-tələsik üzünün, alnının tərini sildi.

-Bu saat, bu saat, - deyə Rejissoru sakitləşdirməyə çalışdı. - Bu saatca, bu saatca deyəcəm, darıxma.

Rejissor papirosunu «Kazbek» qutusuna döyəclədi, üfürüb damağına qoydu, yandırmadı.

-Hə, di de görüm.

- Baş üstə, bu saat, bu saat.

Rejissor kibrit çəkdi, arxaya çevrilmədən gerisində dayanmış aktyora:

-Əlikram, replika, - dedi.

Arxada dayanmış aktyor Feyzullaya müraciətlə:

- Bəs hanı? - deyə soruşdu.

Feyzulla:

- Bu kecə bu qoca bu ocaq, - dedi.

Rejissor:

- Tfu, sənin... - deyə sözünü yarımçıq kəsib becid bir yerişlə səhnədən düşdü, yerinə qayıtdı, papirosu külqabıya basıb söndürdü. Sonra döş cibindən balaca həb çıxarıb dilinin üstünə qoydu, stəkana su töküb içdi. Oturdu.

Feyzulla:

-Əsəbiləşmə başına dönüm, əsəbiləşmə, - deyə Rejissora yalvardı, - bir hovur səbr elə, bu saatca deyəcəyəm. Bilmirəm, mənə nə olub bu gün, karıxmışam.

Rejissor rəssama tərəf dönüb yavaş səslə:

- Guya ayrı günlər dağı dağ üstünə qoyur, - dedi.

Feyzulla:

- Olar? - dedi.

Rejissor cavab vermədi, yünkülcə başını tərpətdi.

Feyzulla:

- Bu gecə! Bu qoca! Bu ocaq! -dedi və Rejissora baxdı.

Rejissorun üzündə heç bir ifadə yox idi. O, maddım-maddım səhnəyə, məchul bir nöqtəyə baxır, sanki heç bir şey görmür, heç bir şey eşitmirdi.

Feyzulla qeyri-müəyyən bir ifadəylə:

- Bu kecə, bu qoca, bu ocaq, - dedi.

Rejissorun yenə də halı dəyişmədi. Feyzulla sözlərini üçüncü dəfə təkrar etdi.

Rejissor ilan çalmış kimi yerindən sıçradı:

-Ay kişi, ay yoldaş, vətəndaş, müsəlman, erməni, moltanı, adam oğlusan axı. Ay... - deyə birdən-birə ovcuyla ağzını bərk-bərk yumub zarıdı.

Aktyorlar onun bu hərəkətinə bələd idilər, bilirdilər ki, ovcuyla ağzını yumanda dişinin dibindən çıxan söyüşləri saxlayır, saxladığıyçün, də zarıyır.

-Siyavuş, sakit, ol, - deyə rəssam əlini Rejissorun çiyninə qoydu, - bir toxta görək.

Rejissor «Badamlı»nı stəkana tökmədən birbaşa şüşədən başına çəkdi. Bir qədar sakitləşib rəssama tərəf döndü:

-Görürsən də, görürsən də mənim günümü. Sən də deyirsən ki, bəs Brext belə gəldi, Meyerxold belə getdi. Adə, bu məxluqnan Brext olar, bu məxluqnan Meyerxold olar? Üç kəlmə sözü səhərdən adam kimi buna dedizdirə bilmirəm. Mən köpək oğlu Feyzulla Kəbirlinskiynən böyük sənət yaradacam. - Əsəbi titrək barmaqlarıyla papirosu götürüb yandırdı, sümürüb tüstünü ciyərlərinə çəkdi. - Balam, səndən yaxşı pinəçi olar, çayçı, aşpaz, mən nə bilim camadar, məsciddə mürdəşir olar, amma daha aktyor yox, atam, aktyor yox. Aktyorluq sənətdir ey, ay müsəlmanlar, açın qulağınızı eşidin, iskusstvo. Yaradıcılıq. Tvorçestvo. Burda istedad lazımdır. Temperament, hərarət lazımdır. Bəli, hərarət. 36,6 hərarətiylə sənət yaratmaq olmaz. Gərək qaynayasan, yanasan ki, yaradasan. Yoxsa səsinin zor yerinə salmaqnan iş keçməz, atam balası, çığır-bağırnan obraz yaratmaq olmaz. Səsin gurdur, çox əcəb, get məscidə, ol əzançı.

Feyzulla səhnədə lal-dinməz dayanmışdı. Pörtüb qıpqırmızı qızarmışdı. Bolluca tər tökürdü. Qırx ildi səhnədəydi və qırx ildə cürbəcür Rejissorlardan, aktyorlardan bu cür sözləri, töhmətləri az eşitməmişdi. Amma indi ona yer eləyən Siyavuşun son sözləri - məscid, əzan, mürdəşir söhbəti oldu. Teatrda hamı - Siyavuş özü də, Əlikram da bilirdilər ki, Feyzulla ruhani ailəsindəndir, atası müfti olub. Bunu bəlkə bircə cavan rəssam bilmirdi - teatra təzə gəlmişdi.

Rəssam pıçıldadı:

-Ay Siyavuş, sakit ol bir az, - dedi. - Axı bədbəxt neyləsin, bacardığı budur da.

-Bəs mən köpək oğlu neydəyim? - deyə Siyavuş partladı,- mənim təqsirim nədir ki, cavan ömrümü belə insanların içində çürütməliyəm. İki eşşəyin arpaseını bölə bilmir, gəlib çıxıb səhnəyə.

Rəssam ərklə:

-Ayıbdır, Siyavuş, - dedi, - atan yerindədir.

- Mənim atam qələt eləyər. Mənim atam çoxdan o dünyaya, mələklərə salam aparıb. Amma beləsi bilibitdən kimidir. Səni də, məni də basdıracaq, arxayın ol. Yüz il yaşayacaq. Niyə də yaşamasın? Nə dərdi, nə qəmi var? Qışqırırsan üstünə quzu kimi boynunu bükür, lal-dinməz dayanır. Ürəyində də yəqin hələ mənə gülür ki, gör zalım oğlu nə özünü cırır. Bax, heç tükü də tərpənmir. Doğrudan da nə iskustvo, nə teatr? Qırx ildi gəlir, üç-kəlmə sözünü deyir, maaşını alır, çıxır gedir bozbaşını yeməyə. Qırx il də bundan sonra belə ömür sürəcək. Bizik axmaq, dərndən çıxırıq, sənət, yenilik, inkişaf… Kimə lazımdır bunlar hamısı, ay Zeynal, dünya Feyzulla dünyasıdır.

Rejissor ürəyini boşaldıb bir az sakitləşdi, yenidən papiros yandırdı, dərin bir qullab aldı, səhnəyə baxdı. Səhnədə Feyzulla mütilik heykəli kimi quruyub qalmışdı. Elə yazıq-yazıq Rejissora sarı baxırdı ki, Siyavuş özünü saxlaya bilməyib küldü. Əvvəl dodağı qaçdı, gülümsündü, sonra bərkdən şaqqanaq çəkib güldü.

- Mən ölüm Kəbirlinski, - dedi. Elə belə məzəyçün o replikanı bir də de.

Dəlisov xasiyyətli Siyavuşun gülüşünə cavab olaraq Feyzulla da mağmın-mağmın gülümsədi, hətta güldü də, amma sonra nə edəcəyini bilmirdi. Bilmirdi Rejissorun təklifi ciddidir, ya zarafat, məşqi davam etdirir, ya elə belə dilxoşluq edir. Bilmədi ki, necə desin, bnrinci dəfə dediyi kimi (onda Rejissor bəyənməmişdi, ayrı cürə göstərmişdi). Ya Rejissor əvvəl göstərdiyi kimi, ya sonra göstərdiyi kimi, ya da tamam başqa bir tərzdə. Ya da bəlkə zarafatla desin. «Yox, zarafatı qoy özü eləsin, mən eləsəm, sonra xatası çıxar, bilmək olmaz düşər-düşməzi var».

Var qüvvəsini, hafizəsini, təcrübəsini səfərbər edib gərgin bir səslə:

- Bu gecə! Bu qoca! Bu ocaq! - dedi. Rejissorun şaqqıltısından diksindi:

-Afərin Kəbirlinski, oğulsan oğul. Kişinin sözü bir olar, üç saat məşqimiz - bir fındıq.

Sonra Siyavuş qəfilcə gülüşünü kəsib ciddiləşdi və birdən-birə hamı Rejissorun necə yorğun olduğunu aydın gördü. Sanki bütün bayaqkı ehtiraslı danışıqları, odlu şikayətləri, acı sözləri, bir qədər süni hərəkətləri - bütün bunlar hamısı bədən paltarı tarım saxlayai kimi onu gərkin və kip saxlayırdı. İndi birdən bütün varlığı çıxarılıb bir qırağa atılmış paltar kimi əzik, bürüşük, aciz və yorğun göründü. Ağır-ağır:

-Yaxşı, gedin, - dedi. - Məşq qurtardı. Feyzulla teatrdan Əlikramla birlikdə çıxdı.

Əlikram:

- Gördün hərif na özündən çıxmışdı? - dedi. - Deynən səndən qabaq Rejissor-zad görməmişik. Deynən başımızın tükü sanı sənin kimi Rejissor görüb ötürmüşük.

Feyzulla:

-Ay Əlikram, sənin başında tük var ki, o misalı çəkirsən? - deyə zarafat elədi, amma zarafatına nə özü güldü, nə də Əlikram. Bir müddət səssiz addımladılar.

Əlikram:

-Bəs bazara getmirsən? - dedi.

Feyzulla:

-Yox, - dedi.

Niyə?

-İşim var.

- Nə işin?

«Allahu-əkbər, işə düşmədik?» - deyə Feyzulla fikirləşdi. Əlikrama demək istəmirdi ki, kinostudiyaya gedirəm, dublyacım var, bilirdi ki, bunu bilən kimi Əlikramın ürəyinin qurdları baş qaldıracaq. Amma ayrı bəhanə tapıb yalan deyə də bilmirdi. Yalan demək, bəhanə uydurmaqda həmişə çətinlik çəkirdi, - fantaziyası çatmırdı. Köhnə aktyorlar Feyzullanın bu cəhətini bilir və dərhal uşaq kimi onun yalanının üstünü açırdılar. İndi də:

-Elə belə, - deyə mızıldandı. Əlikram əl çəkmədi.

-Yenə olsun, - deyə qırsaqqız olub yapışdı.

-Kinostudiyaya gedirəm. Dublyacım var, - Feyzulla birdən düzünü dedi.

- Ay kişi, bu qədər pulu hara yığırsan? Buna sandıq-zad tab gətirməz.

-Bəxtəvərlikdən dəm vurursan, Əlikram. Yaxşı, sağ ol. Mənim avtobusum gəldi.

Avtobusun dal qapısı düz onların qarşısında dayandı. Amma açılmadı. Hələ qabaq qapıdan adamlar bilet alıb düşürdülər. Avtobus konduktorsuz işləyirdi. Sərnişinlər düşüb qurtardı, dal qapı açıldı və Feyzulla özünü birtəhər tünlük avtobusun içinə saldı.

-Əlikram:

-Mən ac qalaram, amma dublyaca getmərəm. Əsil aktyorçun dublyac xalturadır, - dedi, amma Feyzulla bu sözləri eşitmədi. Yəni elə Əlikram da bu sözləri daha çox özüyçün deyirdi, çoxdandı onu dublyaca çağırmırdılar.

Feyzullanın ayaqları sızıldayırdı, səhərdən məşqdə ayaq üstə idi, həm də anadangəlmə yastıayaq idi, amma avtobusda oturmağa yer yox idi. Meşin, nikelln dəmir, tər iyinə qeyri-müəyyən bir iy də - məhz şəhər nəqliyyatına məxsus olan bir iy də qatışırdı. Nədənsə bu iy Feyzullanın yadına müharibə illərini saldı. Yastıayaq olduğu səbəbdən Feyzullanı davaya aparmamışdılar. Teatrın işçilərinin bir çoxu, o cümlədən Feyzulla ixtisara düşmüşdü. Hə, hə, indi bildi ki, neçin bu iy ona müharibə illərini xatırlatdı, dava vaxtı düz üç il Feyzulla tramvayda konduktor işlədi. Dava qurtarandan sonra yenə teatra qayıtdı.

Avtobus studiyaya tərəf yaxınlaşdıqca adam seyrəldi, Feyzulla oturdu. İki dayanacaq arasındakı yolu oturaq gəldi.

Kinostudiyada liftə keçib dördüncü mərtəbənin duyməsini basdı. Lift üçüncü mərtəbədən keçəndə bugünkü dublyacın Rejissoru Ağa Mehdi pilləkəndən Feyzullanı görüb:

-Kəbirlinski, Kəbirlinski, - deyə çığırdı.

Kəbirlinski dördüncü mərtəbədə liftdən çıxıb pilləkənlə aşağı düşdü. Ağa Mehdinin yanında Feyzullanın tanımadığı kənc, yaraşıqlı bir rus qızı vardı. Zərif ətir iyi Feyzullanın burnunu çaldı. «Yəqin o Moskvadan gələn artistka budur», - deyə Feyzulla düşündü. Ağa Mehdi:

-Kəbirlinski, nahaq zəhmət çəkmisən, - dedi.- Dublyacı keçirtdik sabaha. Cavad bu gün gələ bilmir, məşğuldur, - sonra yanındakı aktrisaya müraciətlə əlavə etdi, - vot odin iz tex samıx ekzemplyarov, o kotorıx mı tolko çto qovorili.

Aktrisa gülümsündü. Gülüşü uzun məşqlər boyu cilalanıb kamilləşmiş məstedici bir təbəssüm idi.

- Oçen priyatno, - dedi və əlini Kəbirlinskiyə uzatdı: - Lena.

Feyzulla lap özünü itirdi, əl verən kimi, tələsik əlini çəkib cibinə saldı, dəsmal çıxarıb üz-gözünü sildi.

Ağa Mehdi:

- Amma dəsmalından olmaz, - dedi. - Satıb eləməli olsan, bizə xəbər elə.

Ağa Mehdinin kefi yaman kök idi. Aktrisa deyəsən söhbətin nədən getdiyini anladı, Feyzullanın dəsmalına baxdı, pıq�*qıldayıb güldü.

Ağa Mehdi aktrisaya:

— Platok Dezdemonı, - dedi və hər ikisi yenə güldü.

Kəbirlinski daha da özünü itirdi, tələsik dəsmalını cibinə qoydu, vəziyyətdən çıxmaq üçün:

- Deməli dublyac sabaha qaldı? - dedi.

- Bəli, saat ikiyə. Gələ bilərsən?

- İkidə?

Cib dəftərçəsini çıxarıb baxmağa başladı. Axır illər yaddaşına arxayın olmurdu. Müxtəlif gündəlik işlərini, saatlarını əski əlifbayla balaca, qara, kağızları didilmiş cib dəftərçəsinə qeyd edərdi.

Ağa Mehdi aktrisanın qoluna girib pilləkəni düşməyə başladı. Qanrılıb Kəbirlinskiyə:

- Gələ bilməsən, zərər yoxdur, - dedi, - bir adam tapıb yazaram, bir də özünü zəhmətə salma.

Kəbirlinski dəftərçəsini büküb:

- Yox, gələ bilərəm, boşam, - deyə Rejissorun ardınca qışqırdı. Ağa Mehdi laqeyd səslə:

- Lap yaxşı. Gələ bilərsən, gəl, - deyə aşağıdan cavab verdi və aktrisaya nə isə pıçıldayıb bərkdən güldü. Aktrisa da güldü və Feyzulla, onun sözlərini aydın eşitdi:

-A vı işite tipac. Vot vam pocaluysta otliçnıy tipac. Prekrasnaya tupaya, morda.

- Da, no krome mordı, nujen eşe xotya bı minimalnıy talant.

Kəbirlinski ağır-ağır pilləkənləri düşdü. Ürəyində kinostudiyanın telefonlarını söydü. Üç gün zəng eləyəsən düşmək olmur. Telefonlar ağıllı-başlı işləsəydi, zəng eləyib bilərdi, bir də bica yerə yorta-yorta bu boyda yolu gəlməzdi.

«Bu gün mənimki gətirmir. İndi gedək görək radioda başımıza nə gəlir?» Radioda üçdə olmalıydı, indi ikinin yarısıydı.

Evə gedib-gəlməyə çatmazdı. Evə radiodan sonra getsə yaxşıdır. Xörəyə. Dünən arvad ağzından qaçırtdı - deyəsən bu gün bozbaş bişirəcək. Amma nə olardı! Bozbaşdan ləzzətli xörək var? Yox, bozbaşı tələsik, atüstü yemək olmaz. Gərək kamal-ədəblə oturasan, yavaş-yavaş çörəyi doğrayasan, suyu hopsun çörəyin canına, qaşıqla kartofu, əti yaxşıca əzəsən, üstünə də sumağı səpəsən, başlayasan baş soğanla yeməyə, bəh, bəh, bəh.

Bu fikirlərdən Feyzullanın lap ağzı sulandı, kinostudiyanın bufetinə girib kolbasa çörək-aldı, qurdunu öldürdü.

Radionun yanında dizeldən düşdü, dik qalxıb binaya girdi, pilləkənlərin yarısını çıxıb dayandı, nəfəsini dərdi, tərini sildi.

Neçə il idi hər həftə bu gün, bu saatlar Feyzulla radioya - yazılışa gəlirdi. Daimi uşaq verilişində tülkü rolunun ifaçısı idi.

Redaksiyaya girib salam verdi.

-Salam gözəl qızlar, iyid oğlanlar, - dedi, - mən hazır.

Bu, ənənəvi salam idi.

Küncdə oturmuş balaca boylu, kök, kürən oğlan - Məcid:

-Tülkü lələyə eşq, olsun! - dedi. - Bəs Məstan pişik hardadır?

-Gələr, gələr, - deyə Feyzulla onu sakit elədi. - Nə darıxırsan, maşını ayağının altında, harda olsa özünu yetirəcək.

Məstan pişik rolunun daimi ifaçısı gənc aktyor Cavad Cabbarov səhnənin təzə parlayan ulduzlarından idi. Səhnədə Hamleti, Elxanı, Otellonu, oynasa da radiodakı bu kiçik rolundan - onu balacalara sevdirən Məstan pişik rolundan imtina etmirdi. Səliqəylə bir həftə yazılışa gəlir, radio işçilərinin onu Məstan pişik adlandırmasından qatiyyən incimir, əksinə xoşlanırdı;

Verilişin redaktoru Səfurə Feyzullanı görəndə bir balaca pərt kimi oldu. Məcid:

-Tülkü lələ, - dedi, - Səfurə xanımın sənə sözü var, amma utanır deməyə.

-Bıy, niyə utanır ki, mən bəyəm özgəyəm.

Səfurə:

-Yox, ona fikir verməyin, Feyzulla dayı, - dedi, - özüm indi deyəcəyəm. Məsələ belədir, deyir bir iş var, iki əməl. Heç bilmirəm, vallah necə deyim.

Feyzullanın ürəyi düşdü. «Yox, bu gün bilmirəm nədir, mənimki gətirmir. Gətirməyəndə gətirmir də. Görəsən yenə nə olub, səsim kimin xoşuna gəlməyib».

- Nədi, qızım, de görüm, utanma.

-Bilirsiz Feyzulla dayı, bu verilişimizi kənar müəllif yazıb, nabələddi, tülkü rolunu götürüb qadına verib, heç bir şeyi də dəyişmək olmaz, çünki əhvalatı elə bunun üstündə qurub.

Feyzullanın bir an boğazı qurudu. Sonra özünü ələ alıb:

-Bəs necə olsun, - dedi, - deməli bundan sonra tülkü qadın olacaq?

-Yox, yox, yox, - deyə Səfurə tələsik danışmağa başladı - heç elə şey olar, biz ölməmişik ki, heç qoyarıq? Bircə bu səfər, bircə dəfə gələn səfərdən yenə gəlib öz rolunuzu oxuyacaqsınız.

Məcid:

- Bu səfər tülkü arvad çıxıb, - dedi. - Gələn səfər yenə döndərib eləyəcəklər kişi.

Səfurə ona baxıb məzəmmətlə başını buladı. Feyzulla:

-Neynək, - deyə stula çökdü. - Qoy oturub nəfəsimi dərim. Bu sizin dik lap adamın kələyini kəsir.

Məcid:

-Tülkü, tülkü, tənbəki, quyruq üstə nəlbəki, - dedi.

Səfurə yerinə qayıtdı. Elə bil ağır yükü çiynindən atmışdı. Feyzulla stulda oturub töyşüyə-töyşüyə nəfəs alırdı. Dəsmalını çıxarıb, alnında bığ yerində puçurlanmış təri sildi.

Dəhlizdə hay-küy qopdu. Gur bir səs eşidilirdi:

-Salam, mirzə, salam, necəsən krasavitsa, xoş gördük, göyçək oğlan, özün necəsən e, canından, başından muğayat ol.

Səfurənin közləri parladı. Sevinclə:

-Gəldi, çıxdı, - dedi.

Qapı taybatay açıldı. Hündür gənc bir oğlan içəri daxil oldu. Cavadın saçları, çatma qaşları və nazik bığları zil qara, gözləri isə ala idi. Bu təzad onun yaraşıqlı sifətində qəribə bir ifadə yaradırdı - yarıtəkəbbürlü, yarısadəlövh, bir qədər çoxbilmiş bir qədər məsum. Şıx geyinmişdi, qızartdaq məxmər pencəyinin altından qar kimi ağ ipək köynək, köynəyin yaxasında qırmızı zolaqlı qalstuk görünürdü. Saçlarını həmişəki kimi yağlayıb səliqəylə dala daramışdı. Barmağında iri qaşlı üzük parlayırdı. Cavad:

-Bütün əhli-məclisə atəşin salamlar, - dedi. - Səfurə xanıma xüsusi Privet, Kəbirlinski, Məcid, eşq olsun.

Məcid irişib:

-Privet, Məstan pişik, - dedi.

Səfurə:

-Gəl çıx da, - dedi. - Gözləməkdən gözümüzün kökü saraldı ki...

Cavad:

- Canınçun, maşını gücnən qovmuşam, - dedi. - Sizdən artıq olmasın, yaxşı bir məclisdəydim. Yarımçıq qoydum, durdum. Yalvardılar ki, getmə, dedim xeyr, siznən oturan Cavad Cabbarov idi, hər həftənin bu günü bu saatı mən dönüb oluram Məstan pişik, ministr də kəlsə məni burda saxlayammaz. Qapını bağlasaz, pəncərədən atılıb qaçaram. Gərək cumam radioya.

Hamı gülüşdü. Məcid:

-Məstan pişik, - dedi, - çoxdan görünmürsən, otağımızda siçan əmələ gəlib.

Cavad ciddi bir təəccüblə:

- Bıy ay Məcid, bəs nə əcəb tutub yeməmisən? - dedi, hamı yenidən gülüşdü:

Cavad gülüşlərinə ara verib:

-Yaxşı, Səfurəcan, - dedi, - yarımca saat vaxtım var, balamın ölmüşünə kinostudiyada dublyacım vardı, sənin xətrinçün keçirtdim sabaha.

Kəbirlinski:

-Düz deyir, Səfurə xanım, - deyə sözə qarışdı.- Mən allah şahidi.

Cavad:

-Görürsən ki, - dedi, - deyir yalançının şahidi yanında olar. Yaxşı, tez yazaq, gərək qaçam məktəbə, məni görüşə çağırıblar.

Səfurə:

-Bu saat yazacağıq. - dedi. - On dəqiqədən sonra studiya bizimdir. hələlik al mətnlə tanış ol.

Cavad mətni götürub gözucu baxdı, səhifələrə ötəri nəzər salıb bir-bir çevirirdi.

Səfurə yavaş səslə:

-Bura bax, Cavad, camaat cürbəcür sözlər danışır, - dedi.

Cavad:

-Nə sözlər? - deyə soruşdu.

-Nə bilim, sən bilərsən. Deyir guya Zərifəylə...

-Allahu-əkbər, - deyə Cavad kağızları bir qırağa qoydu, - belə müsibət olar, evində yatıb durasan, camaat səninçün söz çıxarda. Canımçün elə şey yoxdur. Gicəm arvadımı, uşağımı atam. Canınçün Səfurə,- o da səsini lap yavaşıtdı, - axşam oturmuşam evdə, televizora baxıram, zəng olur. Arvad gedir telefona, bir də görürəm dili-dodağı əsir. Deyirəm, ay qız, nə olub? Deyir bəs, al, qulaq as. Bəli, alıram, zənən xeylağıdır. Zəng eləyib arvadıma yanıq verir ki, bax bu saat ərin mənim yanımda kefdədir, səni də maymaq kimi qoyub evdə. Deyirəm gördün, indi özün görürsən ki, necə ağ yalan olur. Durduğu yerdə adama necə söz çıxarırlar. Görürsən ki, burda, oturmuşam, nə deyir? Bax, bütün şayiələri də bu cür uydururlar. Kimə deyirsən? Sıxır gözünün qorasını ki, bir şey olmasa deməzlər. Deyir, kaş sən çaş, çopur olaydın, mənim də canım rahat olaydı. Neynirəm belə göyçək əri ki, ömrüm çəhənnəmə dönsün. Eh, nə isə... - o, mətni götürdü. - Yaxşı, gəl yazaq da, baxdım mətnə. Elə çevir tatı, vur tatıdır,

Səfurə:

-Gedək, - dedi.

Dəhlizdən keçərkən Cavad:

-Bəs Kəbirlinski nə oldu? - deyə soruşdu.

Səfurə əhvalatı ona danışdı.

Cavad ayaq saxladı.

-Yox, yaxşı deyil, Səfurəcan, - dedi, - allah onsuz da onu döyüb, siz də belə eləyirsiz. Sinli kişidi, o boyda yolu durub gəlib bura.

-Yaxşı, mən neyləyim, yoxdur da bu səfər rolu. Onlar bir neçə addım da atdılar. Sonra Cavad yenə dayandı, geri döndü:

-Kəbirlinski, ay Kəbirlinski, - deyə çağırdı.

Kəbirlinski otaqdan çıxdı.

-Gəl bəri.

Kəbirlinski onlara tərəf tələsdi. Səfurə narahatlıqla:

-Ay Cavad, - dedi, - axı sənə söz dedim, yoxdur e rolu. Cavad əlindəki mətn kağızlarını divara söykəyib cibindən qələm çıxartdı:

-Gəl bura, Kəbirlinski, - dedi, - bu saat sninçün bir şey düzəldərəm. Tülkü olmasın, çaqqal olsun, nə eybi var, hə? Təki on bir manat gəlsin, ay zalım. Stavkan neçədir?

Kəbirlineki:

-Yeddi manat, - dedi

-Yeddi? Zərər yoxdur. Yeddi manat da puldur. Çaqqalnan necəsən?

-Çaqqal?

-Həmişə tülkü olmusan, bir gün də çaqqal olarsan, - deyə Cavad şaqqıldadı - Ay lotu, vur bura. Kəbirlinski də gülümsündü.

-Yox, axı, - deyə nə isə kəkələdi...

-Sən heç ürəyivi sıxma, - deyə Cavad əlindəki mətnə əlavələr edirdi. - Bax burda qoy tülkü desin: çaqqal sən də burdasanmış. Aha, çaqqal da deyir: hə, hə, tülkü lələ, mən də burdayam, hə, hə. - O, sanki çaqqalı yamsılayırmış kimi əcayib bir səs çıxartdı.

Səfurə:

-Cavad, - deyə məzəmmətlə ona baxdı, - axı müəllif birdən dedi ki...

-Qələt eləyir müəllif, - deyə Cavad onun sözünü kəsdn - Çəm-xəm eləsə babalı mənim boynuma. Denən Cavad Cabbarov dedi ki, mən bu «əsərə» çaqqal obrazını əlavə etməyi lazım bilirəm. Vəssalam. Hə, nədir? Azdır? Yaxşı bura da əlavə edək. Hanı? Hə. Tülkü: gedək. Çaqqal: - o, qələmini bir-iki dəfə termometr kimi çırpıb yazmağa başladı: - deməli, çaqqal: gedirsiniz? Mən də sizinlə gedirəm. Aha, belə, Axırda da: sağ olun, sağ olun. Kəbirlinski, sən də deyərsən sağ olun: Arada da qoşul bizə: hə, yox, bəli, filan. Əsas odur ki, səsin gəlsin. Çətini ölüncədir. Ay zalım. Yaxşı, oldu. Vay, vay, gecikəcəm. Getdik. Havayı yerdən səninçün yeddi manat düzəltdim, Kəbirlinski, qədrimi bilmirsən. Gərək o yeddi manata «Drujba»da mənə yaxşı bir qonaqlıq verəsən. Ha, ha, ha! Ay haramzada.

Studiyaya keçdilər.

Səfurə Məcid:

-Cavaddır da, - dedi, - özü hay-küyçü, amma ürəyi nazik, yuxa kimi.

Məcid:

-Mən getdim Eldardan muştuluq almağa, - dedi. - Atası tulküydü, dönüb oldu çaqqal.

Eldar radioda Rejissor köməkçisi işləyirdi. Feyzullanın yazılışı olan günlər gözə dəyməzdi. Bunun səbəbini hamı bilirdi, bilirdilər ki, atasıyçün, daha doğrusu onun ifa etdiyi rollardan, bu rolları ifa edərkən çıxartmalı olduğu səslərdən xəcalət çəkir. On doqquz yaşı vardı Eldarın. Gündüzlər işləyir, axşamlar teatr texnikumunda oxuyurdu. Boylu-buxunlu, göyçək oğlan idi. Ancaq bir balaca axsayırdı, sol ayağını çəkirdi. Qazandığını əyin-başına verirdi, bəzən gəzdiyi qızları kinoya belə dəvət etməyə pulu olmasada, geyimində-kecimində heç kəsdən geri qalmırdı. Yaşına yaraşmayan bir ciddilik vardı üzündə. Hətta bir qədər qaraqabaq idi. Atasını tanıyanlar: «Elə bil Kəbirlinskinin yox, Nəsrəddin şahın oğludur, - deyirdilər, - forsu adamı yıxır».

Amma Eldar forslu deyildi, xəstə və ifrat dərəcədə məğrur idi, sanki hamının nədənsə ona rişxənd, istehza edəcəyindən qorxurmuş kimi yeganə dostu Aydından başqa heç kəsə yaxınlaşmır, heç kəslə səmimi olmaq, ünsiyyət bağlamaq istəmirdi. Əsas səbəb, əlbəttə, atası idi. Feyzulla onun yaralı yeri idi. Atasının təxəllüsünü deyil, əsil familini daşıyırdı - Eldar Ələskərov. Eldarın söyər yerini bilən bic-vələdüznalar, illah da Məcid onu daha da cırnadırdılar.

-Yaxşı, Eldar, atan Kəbirlinskidir, sən nöşün Ələsgərovsan?

-O sənin borcun deyil.

-Daha acığın nöş tutur, sözdür soruşuram da.

İndi də Məcid Eldar oturan otağa girib bərkdən:

-Eldar, gözün aydın, muştuluğumu ver, - deyərkən oğlan elə bil nə isə duyubmuş kimi sim təki gərildi.

-Nə olub? - deyə qaşqabağını saldı. Məcid ağzını açmasaydı belə, Eldar onun kürən sifətini körcək qanı qaralırdı.

Məcid tam bir ciddiyyətlə:

-Gəldim sənə xəbər verim ki, atanı böyüdüblər, - dedi, - kişi əməlli-başlı inkişaf eləyib, tülkü rolundan keçib çaqqal roluna.

Eldarın yerindən sıçramasıyla Məcidin qapını çırpıb daban əl altı qaçması bir oldu.

Otaqdakı qızlar pıqqıldaşıb güldülər. Amma Eldarın qırımını ayrı cür görüb dərhal özlərini yığışdırdılar.

Aydın:

-Əşi sən də bu düdəmənin sözündən niyə cırnıyırsan? - dedi. - O, adamdı ki, adam sözü danışsın. Görür ki, sən özündən çıxırsan, ayağı yer alır. Sən heç fikir vermə.

Eldar. dodağını dişləri arasına alıb:

-Yaxşı, - dedi, - qoy mənə borc olsun. - Özünü ələ aldı, sakitləşdi və otaqdan çıxdı.

Məcid qaçıb studiyanın yanına kəlmişdi.

Feyzulla rolunu yazdırıb dəhlizə çıxdı, pul kağızına qol çəkdi.

Məcid gəlib onun yanında durdu.

-Kəbirlinski, - dedi, - oğlunu yığışdır. Mənə göz verir, işıq vermir.

-Neynir ki, sənə?

-Əşi, özün görürsən ki, mən cürübbəz zəifcanlı oğlanam, üfürsən yıxılaram. O, maşallah, göz dəyməsin, zırpı şeydir, elə yaxşı deyiblər ki, uzundraz beynamaz, xeyrə-şərə yaramaz.

-Bax bu olmadı da, dilivi dinc qoymursan, sonra da deyirsən ki, bəs belə.

-Axı mən neyləyim. Yapışıb məndən ki, gərək səni döyəm. Əşi bir dənə əngimdən qoysa, sağ tikəm qulağımın dibində qalar. Gücü var, getsin taylarına göstərsin. Gərək elə qolunun zorunu mənim başımda sınasın.

-Elə durduğun yerdə səni döymək istəyir? Bəlkə sataşıb eləyirsən ona?

-Nə sataşıram? Soruşuram ki, nöşün atanın familiyası ayrıdır, səninki ayrı, a kişi, bunun üstündə heç adamı döyərlər.

Feyzulla bir an duruxdu, sonra aramla, təmkinlə danışmağa başladı.

-Bilirsən: bala, ikimizin də familiyamız birdir, Ələsgərov. Kəbirlinski mənim təxəllüsümdür.

-Aton rəhmətlik. Bax adam kimi sən başa saldın, mən də bildim. Daha döymək, söymək nəyə lazım?

Bu söhbət əsnasında Eldar gəlib onlar dayanan yerə çıxdı. Məcid dərhal Feyzullanın böyrünə qısıldı.

-Bax, dekinən mənimlə işi olmasın, yoxsa bax, bir baş gedəcəyəm sədrin yanına.

Feyzulla:

-Eldar, bala, - dedi, - nə işin var bununla. Eldar cavab vermədi, qanlı-qanlı Məcidə baxır, amma atasının, adamların yanında özünü saxlayırdı.

-Yaxşı, sənnən mənimki qalsın, - dedi.

Məcid:

-Gördün, - dedi, - yenə məni hədələyir, bax, atandan soruşdum, məni başa saldı, amma sən cırtqoz kimi atılırsan ortalığa, çıxırsan özündən. Feyzulla müəllim, - Eldarın yanında «Feyzulla müəllim» deyirdi, amma bu müraciətin özündə bir istehza vardı, - Feyzulla müəllim, inciməyin, amma məni çox maraqlandırır, bu nə dəbdir belə, artistlər özlərinə təxəllüs götürürlər: Ərəblinski, Kəbirlinski...

O tam ciddiyyətlə danışırdı, dodağı belə qaçmırdı, bircə gözlərinin içindən cin çıxırdı. Eldar istehzanı, masqaranı duyur və Məcidin bütün sifəti sanki Eldarın gözlərinin içinə, yaddaşına, canına hopurdu. Məcidin kürən saçları, qaşları, kirpiksiz gözləri, kosasayağı ətli sifətində qızıla çalan təkəm seyrək tükləri... Burun pərələrnndən uzanan tüklər belə kürən idi... Danışanda, ilişəndə zarıldayan üç qabaq qızıl dişi, sallaq buxağı, kos kimi ora-bura dığırlanan, bir nöqtədə qərar tapa bilməyən göz bəbəkləri, pələng qulaqlar, yoğun, gödək barmaqlı toppuş əllər, ağ köynəyin kirli yaxalığı - Eldarın gözlərinə yapışır, hafizəsində həkk olunurdu.

Feyzulla tam bir sadəlövhlüklə:

-O vaxt mod eləydi, ay bala, - dedi, - hərə özünə bir təxəllüs götürmüşdü.

Məcidin vurnuxan gözləri arabir Eldarın nəzərləriylə tuşlaşır və bu ani baxışlarda hər ikisi bir-birinin halını başa düşürdü. Eldar içini yeyirdi. Məcid isə çoxdandı belə ləzzət çəkməmişdi. Kəbirlinskini Eldarın gözü qarşısında əməlli-başlı dolayır, daha doğrusu Feyzulla heç bir şey duymadan - öz danışıqlarıyla özü özünü dolayır, Məcidə sonsuz zövq verir, Eldarı odsuz-tüstüsüz yandırırdı.

Bixəbər Feyzulla:

-Hərə bir ad götürmüşdü, - deyə davam edirdi. - Ərəblinski, Sarabski, Ağdamski... Məcid asta-asta:

-Kəbirlinski, - dedi.

-Zəhrimar Kəbirlinski, kor Kəbirlinski, - deyə Eldar axır partladı. - Mən sənin ağzını dağıdaram, onda bilərsən...

Feyzulla təəccüblə oğluna baxdı.

-Bıy, ay oğul, sənə nə olub, özündən çıxırsan, nə deyir ki...

-Ey, sən də bilmirəm, Aydan gəlmisən, Marsdan. Başa düşmürsən nə deyir!»

-Yoox.

- Elə başa düşməsən yaxşıdır, - dedi, çönüb getdi: Cavad studiyadan çıxdı:

-Yaxşı, salamat qalın, mən qaçdım, - dedi.

Kəbirlinski:

-Cavad, başına dönüm, - dedi. Hansı tərəfə gedirsən? Bəlkə məni də aparasan?

Cavad bir an ayaq saxladı:

-Canımçün tələsirəm, - dedi, - yoxsa məmnuniyyətlə, - bir neçə addım da atdı, sonra Kəbirlinskiyə tərəf çevrildi.- Yaxşı, gəl, - dedi. - Baksovetəcən apararam.

-Ay sağ ol. Ordan özüm gedərəm. Aşağı vestibüldən keçəndə kimsə:

-Kəbirlinski, Kəbirlinski, - deyə harayladı.

Feyzulla başını qaldırıb baxdı, Rejissor köməkçisi Mamed onlara tərəf qaçırdı. Cavadla salamlaşıb Feyzullanın qolundan yapışdı. -

Səni allah yetirdi bizə, Kəbirlinski, - dedi, - axşam boşsan?

- Yox, nədi ki?

-Tamaşan var?

-Yox, tamaşam yoxdur, amma ayrı işim var.

Mamed:

-Bu oldu əmiri, - dedi, - deməli belə, ayrı işivi keçirdirsən sabaha. Axşam televizorda verilişimiz var. Sadıq xəstələnib. Gərək onu əvəz eləyəsən.

-Yox, axı...

-Axısın, maxısın bilmirəm, yoxsa mənim boğazımı üzər.

-Mamed, bilirsən, mən sənin xətrini dünyalarcan istəyirəm, amma axşam dərnəyim var.

-Neçədədir dərnəyin?

- 7-də.

-Deməli belə, 8-ə mən səni buraxaram. Keçirt dərnəyi bir saat kecə, nə olacaq?

Cavad qapıdan:

-Kəbirlinski, gəlirsən? - dedi. - Mən bax səni gözləyən deyiləm ha. Tələsirəm.

Feyzulla:

-Gəldim, gəldim, - dedi, - sonra Mamedə tərəf döndü, - Yaxşı, Mamed, daha sənin sözündən keçə bilmirəm. Amma axı gərək hazırlaşam. Böyük roldur?

-Nə rol, adə, evinəcən sənin. Bircə gəlmə sözün var. Poçtalyondu, girir içəri ki, «sizə kağız gətirmişəm», vəssalam, şüt-tamam. Buna nə hazırlaşmaq, maşallah 40 ilin artistisən. Amma Kəbirlinski, başıva dönüm, məni podvadit eləmə ha, boğazımı üzərlər. Deməli belə, altıda burdasan.

-Yaxşı, arxayın ol. Söz verdimsə gələrəm.

-Yaşa, var ol. Səndən bir dənədir. İki dənə olsaydı arabaya qoşardıq. Ha, ha, ha... İncimə a, zarafatım var səninlə, kiçiyinəm. Üzüm ayağının altına.

-Canın sağ olsun.

Mamed artıq qaçıb getmişdi, uzaqdan çevrilib: - Üzüm, yəni vinoqrad, - dedi, bir də güldü və harasa şütüyüb qeyb oldu.

Feyzulla qaça-qaça binadan çıxdı. Cavad artıq maşını işə salıb hərəkətə gətirirdi.

-Saxla, gəldim, - deyə Kəbirlinski uzaqdan əl elədi, özünü yetirib Cavadın yanında oturdu.

Cavad:

- Kəbirlinski, qan eləyirsən ha, - dedi. - Gündüz radio, axşam televizor.

-Əşi, ay Cavad, qoymazlar kasıbçılığımızı eləyək, - deyə ərklə Cavada köz vurdu və məmnun gülümsündü...

Cavad başını çevirib ona baxdı. Cabadın gözlərinin ifadəsini görmək olmurdu - gözlərini iri qara eynək gizlətmişdi.

Kəsik siqnalla trolleybusu ötdü, başaşağı yolla sürməyə başladı. Sükutu Feyzulla pozdu:

-Cavad, sən də mənim oğlum, ərk eləyib sənə - bir şey demək istəyirəm.

-De görüm.

-Sən Siyavuş müəllimlə yaxınsan, dekinən ona adam içində mənimlə bir az yaxşı rəftar eləsin. Abrımı bükür ətəyimə. Axı mən də malçişka deyiləm. Bu səhnədə saç ağartmışam.

-Nə deyir ki?

-Nə bilim, qışqırır, söyür. Özü də camaatın yanında. Bayaq o rəssam da oturmuşdu. Cavan oğlandır. Aramızda hörmət-izzət var. Başlayıb onun yanında filan, peşməkan. Özümüz olsaq, cəhənnəmə, nə deyir desin. Bir də var kənar adam. Axı atası yerindəyəm.

-Nə deyir axı?

-Əşi, nə bilim başlayıb yenə məscid belə gəldi, əzan elə getdi. Axı mən neyləyim ki, atam müfti olub.

-Nə olub atan?

-Müftiydi də. Bəs bilmirdin?

-Yox, hardan bilim.

-Bəs mən elə bildim bilirsən. Hamı bilir ki, bu əhvalatı. Atam müfti idi, mən artistliyə kedəndə qovdu məni evdən. Ölənəcən mənimlə danışmadı. Üzünü də görmədim. Vəsiyyət eləmişdi ki, üstümə də kəlməsin. Amma yaman xiffət eləyirmiş. Anam deyirdi ki, kişini sənin dərdin öldürdü.

-Sənə də nə düşmüşdü artist olasan, ay Kəbirlinski.

-Nə bilim, yaman həvəsim vardı. Sən mənim beləliyimə baxma, bir vaxtlar rayonumuzda Oqtay, Aydın, Şeyx Sənan oynayırdım.

-Əşi, qoy oturmuşuq.

-Canımçün. Atamın aman-zaman bircə oğluydum, yaman istəyirdi məni də molla eləsin, əməlli-başlı farsca-ərəbcə öyrətmişdi.

-Gərək elə molla olaydın, Kəbirlinski, mollalar bilirsən necə qazanır. Hər ölənə bir yasin oxusan narodnı artistdən yaxşı dolanardın.

Feyzulla gülümsündü, hansı ötən xatirələrisə yadına salıb başını yellədi:

- Quran ayələri indiyəcən yadımdadır, - dedi.

-Doğrudan? Bəs nə əcəb, mollalıq eləmirsən?

Feyzulla təəçcüblə çiyinləripi çəkdi:

-Nə danışırsan, ay Cavad, məndən molla olar?

-Niyə olmur?

-Bay, əşi sən nə danışırsan? Mən hara, mollalıq hara?

-Axı, niyə olmur. Atan - müfti, sir-sifətindən möminlik yağır, özün də quranı əzbər bilirsən. Daha mollaya bundan artıq nə lazımdır?

-Qəribə söz danışırsan e, - bu qəribə fikir Feyzullanı lap çaşdırmışdı, nəhayət o, əsas səbəbi yada saldı, - mən necə molla ola bilərəm ki, allaha inanmıram.

-Rəhmətliyin oğlu, neynirsən inanıb. Mollalar elə bilirsən özləri inanır? Sən mənim sözumə qulaq as, artistlikdən bir şey çıxmaz. Ket mollalığa, bəy balası kimi dolan, allahnan da işin yoxdur, inanırsan inan, inanmırsan inanma. Mən quran oxumağı bilsəydim, bir gün teatrda qalmazdım. Dramatik artistlikdən axmaq sənət yoxdur. Ya kərək xanəndə, çalançı olasan, ya aşıq, ya molla. Toydan, yasdan gələn gəlir heç yerdən gəlmir. Yaxşı, Kəbirlinski, gəldik çıxdıq. Bu da Baksovet.

-Çox sağ ol, Cavad. Bircə dəqiqə vaxtını alacam, incimə.

-De görüm, yaxşı.

-Sən bir Siyavuşnan danış. Sənin sözündən çıxmaz. Denən məni incitməsin.

-Deyərəm.

-Bilirsən, teatralnı texnikumda dərs deyir, mənim oğlum da orda oxuyur. O gün gəlib tələbələrə deyib ki, kürreyi-ərzdə hələ Kəbirlinskidən bezdarnı artist anadan kəlməyib. Uşaq da pərt olur tay-tuşunun yanında, dost var, düşmən var.

- Qələt eləyir, Siyavuş, deyərəm ona.

- Hə.

- Bir də Cavad...

Bir məsələ də var.

-Nə məsələ, a kişi, denən görək, sən də lap məni avara elədin.

-Vallah sənə ərkim çatır, ayrı kimə deyim axı... Bilirsən, mən elə şeyə fikir verən deyiləm, amma beş dost olanda, beş də düşmən gözü var. Bir yandan da arvad məni piləyir.

-Uzatma, Kəbirlinski, sən atovun goru, keç mətləbə görək...

-Mətləb deyəndə, yəni bu il mənim altmış illiyim tamam olur. İndi mən nə Ərəblinskiyəm, nə Abbas Mirzə, amma daha, azdan-çoxdan yenə bizim də xidmətimiz olub... Deyirəm, bəlkə zvaniyadan-zaddan... Mən elə şeyin düşkünü deyiləm, özün bilirsən, amma, görürsən dünənki uşaqlar gəlib olub əməkdar artist, yox, mən bir şey demirəm, halal xoşları olsun, amma indi biz də özümüzə görə, azdan-çoxdan neçə ildir külünk vururuq. Bir balaca...

-Bilirsən, Kəbirlinski, açığı, zvaniya məsələsi bir az çətindir, amma Siyavuşla danışaram, mestkomdan bir qramota-zad alaram səninçün. Di bağışla, lap kecikdim...

-Sağ ol, çox sağ ol, ömrün uzun olsun, - deyə Feyzulla öz-özünə danışa-danışa evinə sarı addımladı. Cavadın maşını çoxdan közdən itmişdi.

Feyzulla avtomat-telefon budkasına girib karamel fabrikinə zəng elədi. Karamel fabrikində dramatik dərnəyin rəhbəri idi.

-Uşaqlara de ki, 7-də yox, 8-də yığışsınlar. 9-a on beş dəqiqə işləmiş.

Evlərinə gəldi. Köhnə evdə ikinci mərtəbədə yaşayırdılar. Həyət balaca, dar və qaranlıq idi. Həyətdə daima daman krantın altındakı daş suyun təsirindən qurbağa çəni kimi sürüşkən və yaşılımtıl olmuşdu. Həyətdə krantdan başqa qapısı qıfıllı ayaqyolu, iri zibil yeşiyi və ərzaq mağazasının boşalmış karton qutuları vardı. İkinci və üçüncü mərtəbələrə dəmir pilləkən qalxırdı. Pillələrə ayağını möhkəm basanda adama elə gəlirdi ki, bütöv bir zirehli ordu addımlayır. İkinci və üçüncü mərtəbələrin şüşəbəndləri həyətə baxırdı.

Feyzullagilin bir otağı və bu otağın qarşısında kiçik bir dəhliz kimiləri vardı. Bu dəhliz həm də mətbəxi əvəz edirdi - bura iki gözlü balaca bir pilətə qoymuşdular. Dəhlizin o biri tərəfi pərdəylə ayrılmışdı, pərdənin dalında açılıb-bükülən çarpayı qoyulmuşdu. Eldar burda yatırdı.

Eldar çarpayısının yanındakı divara iki kitab rəfi vurmuşdu. Rəflərə - teatra və kinoya aid kitablar, teatr və kinocurnalları düzülmüşdü. Rəflərin qarşısındakı divara Eldar başdan-başa şəkil yapışdırmışdı - kinoulduzlarının, əsasən aktrisaların - «Film» və «Ekran» Polşa curnallarından kəsilmiş şəkilləri. Çarpayının yanında yerdə maqnitofon və çoxlu lent yazısı qoyulmuşdu - bura Eldarın 4 kvadratmetrlik aləmi, başkicəlləndirən xülyalar və mətbəx qoxusuyla dolu dünyası idi.

Otaq ala-qaranlıq idi. Yeganə pəncərədən düşən işıq nisbətən böyük otağa - iyirmi kvadratmetrlik otağa azlıq edirdi. Otaqda iki çarpayı, tünd mixəyi rəngli iri, zəhmli kamod, masa və dörd stul vardı. Kamodun üstünə küləbətinli süfrəcik salınmışdı. Çarpayıların üstünə hansı gözəlisə qaçırdan iki çaparın şəkli çəkilmiş pluş örtük atılmışdı. Kamodun üstündəki güləbətinli süfrəcikdən biri də stolun üstünə çəpəki çəkilmişdi (kleyonkanın üzərindən). Pəncərə pərdələri də televizor ekranını örtmüş ağ parça da həmin cür güləbətin naxışlı idi. Kiçik ekranlı «Luç» televizoru küncə qoyulmuşdu. Çarpayının yanındakı zivənin üstünə bozumtul örtük çəkilmişdi. Çox yeri süzülmüş palazın aralarından qırmızı şirəli taxta döşəmə görünürdü. Divarda zərli çərçivələrdə güzgü və foto şəkillər asılmışdı. Feyzullanın arvadı Həcərin cavanlıq şəkilləri, Eldarın şəkilləri. Bu şəkillər kiçik idi. Ortada isə başqa bir kişinin iri şəkli asılmışdı. Bu kişi - Feyzullanın mərhum bacanağı Həcərin bacısı Qəmərin əri akademik İsgəndər Muradəliyev idi. İsgəndər və Qəmər neçə il bundan qabaq avtomobil qəzasında həlak olmuşdu.

Feyzulla içəri girəndə Həcər dəhliz-mətbəxdə qonşu Anaxanımla söhbət edirdi.

Otaqdan və dəhlizdən qarışıq bir iy gəlirdi. Nəmişlik, rütubət, bulanıq qab-qacaq, semişka yağı, bir də paltar sabunu iyi.

Anaxanım Feyzullanı görüb:

-Hər vaxtınız xeyir, - dedi, - sonra Həcərə tərəf döndü, - yaxşı bacı, mən ketdim.

Feyzulla otağa daxil oldu, pencəyini çıxarıb səliqəylə stulun başına keçirtdi, dəhlizə qayıdıb ləyənin üstündə əl-üzünü yudu.

-Bəs heç bozbaşın iyi burnuma dəymir, - deyə zarafatla Həcərə müraciət etdi.

Həcər dinmədi. Feyzulla cavab almağa tamamilə ümidini itirmişdi ki, Həcər birdən açıldı:

-Bozbaş! Yox bir cücəplov. Ət alıb gətirmişdin, bozbaş istəyirsən? Kolbasadan bişirəcəyəm bozbaşı?

-Daha dava niyə eləyirsən. Mən elə bildim ət almısan.

-Görəsən hansı pula? heç bilirsən neçəyədi ət bazarda? Sənin gətirdiyin pulnan gündə ət almaq olar? Odey dünənki dolmadan qalıb, qızdır ye.

-Neynək, dolma daha yaxşı.

O, mətbəxə keçib dünənki, daha doğrusu srağagün bişmiş dolmanı odun üstünə qoydu. Bir az sükutdan sonra Həcər yenə başladı:

-Bozbaş! Könlünə bozbaş düşüb, - o heç cür sakit ola bilmirdi. - Adam ayağını yorğanına görə uzadar. Yerə soxum boyunu, bu da adını kişi qoyub.

Loğma Feyzullanın boğazında qaldı:

-Ay arvad, nə düşmüsən üstümə, qoymazsan bir parça zəhirimarımızı yeyək.

-Ye də. Görüm heç yediyin boğazından keçməsin. Hamı ərə gedir ağ günə çıxır, bu da adını ər qoyub.

Feyzulla yorğun bir hərəkətlə başını qaldırdı.

-Axı nə olub yenə? - dedi.

-Nə olacaq? Odey, Anaxanım kəlmişdi. Ərnndən, evindən, dolanışığından danışır, adam yanır-yanır yaxılır. Topal Səfdərin qızı elə dolansın, Dursun bəyin qızı belə.

Feyzulla söhbəti zarafata salmağa çəhd elədi:

-Neyniyim, ay arvad, özün mənə aşiq olmuşdun da. Özün mənə qoşulub qaçmadın?

-Kaş mənim qıçım sınaydı, sənə qoşulub qaçan kün, gözüm kor olaydı, səni görən gün. Kül mənim kic ağlıma, uşaq idim, nə qanırdım, gəldin kəndə teatr çıxartdın, mənim də gözüm tutuldu. Mən Qəmərdən min pay gözəl idim, o, İsgəndər Muradəliyevə qismət oldu, mən də sənə...

Feyzulla boşqabını, çəngəlini mətbəxə apardı, səsi dəhlizdən gəldi.

-Utanmırsan, Həcər? heç olmasa Qəmər yazığın adını çəkmə.

-Yazıq niyə olur Qəmər?

-Bəs yazıq deyil. O cür faciənin qurbanı oldular, o da, İsgəndər yazıq da. Nə yaşları vardı, ölməli vaxtlarıydı heç?

Həcər köksunü ötürdü, bir müddət susdu, sonra öz fikirlərinə cavab verirmiş kimi sözünə davam etdi...

- Zato bir gün gördü. Öldüsə də heç olmasa yaşayanda insan kimi yaşadı. Evi, eşiyi, pulu, varı, dövləti... Beş gün dünyada kefin çəkdi, dünyadan gedəndə də bir şey görub getdi. Amma mən sabah yıxılıb öləndə nə deyəcəm. Nə gördüm bu dünyada? Sənin bu qıcqırmış sir-sifətini, bir də bu iylənmiş xarabanı... Budu mənim gördüyüm... Camaat kefində-damağında… eh, - deyə birdən özü öz sözünü kəsdi, - sənə dedim-demədim nə təfavütü var?

Feyzulla özünə çay töküb gətirmişdi, balaca armudu stəkandan qurtum-qurtum içirdi.

-Həcər, - dedi, - görürəm bu gün sənin əhvalın özündə deyil. Anaxanım da gəlib səni fitdəyib.

-Məni fitdəmək-zad lazım deyil. Özüm koram, görmürəm, xalq necə dolanır, biz necə dolanırıq.

Feyzulla çayını içdi, aparıb stəkanı əlüzyuyanın altında suya çəkdi, otağa qayıtdı.

Həcər:

-Eldar dünən bir halda gəlmişdi ki, çırtma vursaydın qan damardı. Dərsə bir müəllim gəlib, səni yaş yuyub, quru sərib.

Feyzulla:

-Eşitmişəm, - dedi, - Aydın dedi mənə, Eldarın yol daşı.

-Eşitməyindən nə olsun? Guya gedib o müəllimi asıb-kəsəcəksən. Kimdi sənin sözünə məhəl qoyan?

Feyzulla sakit qulaq asırdı. Ən ağır, ən kinayəli sözləri belə gündə eşidərsənsə, onlar artıq dəyərsizləşir, vərdiş halına keçir, odur ki, nə incidir, nə ağrıdır. Bəlkə bir qədər yorur, vəssalam.

Həcər isə yorulub usanmaq bilmirdi.

-Deyir, ay ana, mənim atam axı niyə belə fərsizdir. Mənə də deyir onun ucbatından hamı yuxarıdan aşağı baxır. Atam olmasaydı, deyir, heç olmazsa bilərdim ki, yetiməm, biri mənə közün üstə qaşın var deyə bilməzdi, amma bu sağdır, hamı bunu körür, tanıyır, hamı buna külür, rişxənd eləyir, ələ salır, mən də qalıram içimi yeyə-yeyə.

- Eldar heç vədə belə söz deməz.

- Yalan deyənin lap atab atasına lə'nət. - Həcər əlini stolun üstündəki kiçik çörək qırıntısına uzatdı, onu barmaqları arasında ovxaladı, - bax bu bərəkət haqqı, uşaq danışırdı, ürəyim qan olurdu. Mama, deyir, mən kimdən əysiyəm ki, kaş deyir mən də böyük bir adamın oğlu olaydım. Mən deyir cavanam, gözələm, öz üzərimdə deyir, çalışıram, kecəni gündüzə qatıb oxuyuram, biliyimi, savadımı artırıram. Görürsən, deyir, bir məclisdə, bir kompaniyadayıq. Qızların hamısının gözü məndədir. Mənim də deyir görürsən birindən xoşum gəlir, Tanış oluruq, danışırıq. Kitablardan, teatrlardan, kinolardan, hardan deyir desə mən də xəbər verirəm, xəcalət qalmıram. Amma bir də görürsən deyir, axmağın birisi gəlir, nə bir savadı, biliyi var, nə də bir əməlli sir-sifəti, vücudu üç qəpiyə dəyməz, amma di gəl böyük bir şişqanın oğludur, ya da ki, atası kalandır, ayağının altında maşını, cibində pulu. Görürsən qıza dedi ki, gəl otur maşınıma, səni gəzdirim. Qız da deyir daha onu qoyub mənimlə gəzməyəcək ki...

Feyzulla:

- O cür qızla elə gəzməsə yaxşıdır, - dedi. - O nə qızdır ki, pula, maşına qəlbini satır.

Həcər susub bir müddət maddım-maddım Feyzullaya baxdı, sonra iki əliylə ona boğma çıxarıb:

-Ala ey, külü qoyum ağlıva, - dedi, - durdu, durdu, söz danışdı da... Elə bütün ömrünü belə əfəl olmusan ki, bu günə qalmısan da...

Feyzulla nəhayət hövsələdən çıxdı:

- Arvad, bilirsən nə var?- dedi. - Bəsdi. Sən dedin, mən dinmədim, amma daha cızıqdan çıxdın, ağ elədin. Mənim də özümə görə heysiyətim, mənliyim var.

Həcər:

-Sənin mənliyinə ki, - dedi, - yaxşı, yum, səninlə danışanda bütün qanım qaralır.

Feyzulla ayaqqabılarını çıxarıb çarpayısına uzandı. Həcər dəhlizə çıxdı. Ordan qab-qacaq səsi, çəngəl-bıçaq cingiltisi eşidildi. Feyzulla gözlərini yumdu, mürgülədi. Bir azdan Həcər yaş əllərini silə-silə otağa qayıtdı:

-Anaxanım deyir, bəs bütün artistlərə ad veriblər, ərivi niyə yaddan çıxarıblar?

Feyzulla cavab vermədi. Ya doğrudan yatmışdı, ya da yalandan özünü yuxuluğa qoymuşdu.

Həcər:

-Sən yat, - dedi, - sənə nə var ki, buğda yeyib cənnətdən çıxmısan.

Dəhlizə getdi, bir azdan yenə qayıtdı.

-Eldar deyir ki, kaş bircə dəfə mənim dədəm haqqında da qəzetdə bir kəlmə xoş söz yazaydılar. Yoxsa ya heç nə yazmırlar, ya da bircə kəlmə yazırlar ki, «Kəbirlinski yenə də rolunun öhdəsindən gələ bilmədi».

Feyzulla aramla gözlərini açdı, uzun-uzadı Həcərə baxdı:

-Həcər, - dedi. - Bəlkə məsələni açıb Eldara deyək.

Həcər birdən-birə elə bil dəyişib başqa adam oldu, sapsarı saraldı, sanki balacalaşdı, büzüşdü və qəflətən qocaldı. Boğuq səslə:

-Nə danışırsan, ay kişi? - dedi. - Ağlın çaşıb. Sən atovun goru heç o fikri başına gətirmə.

Gözləri dolmuşdu. Dəsmal çıxarıb gözlərini sildi, dəhlizə keçdi və Feyzulla evdən kedənəçən bir kəlmə də danışmadı.

Düz altıda Feyzulla televiziya studiyasında idi. Yavaş-yavaş artistlərin hamısı gəlib yığışdı. Rejissoru gözləyirdilər. İri procektorların işığı və istisi studiyanın içini hamama döndərmişdn. Mikrofonlar - budaqdan sallanmış armud kimi artistlərin başları üzərindən asılmışdı.

Cürübbəz, balaca boylu, çevik Mamed ora-bura şütüyür, bu qapıdan girib, o qapıdan çıxırdı, müxtəlif göstərişlər, sifarişlər verirdi. Tez-tez «deməli belə, deməli belə» deyə təkrar edirdi. «Deməli belə, sən burda durarsan, sən burdan girirsən. Aha, deməli belə, üçüncü kamera, sən bu tərəfdən nayezd eləyirsən, krupnı plan, sonra sən soldan götürürsən, ikinci kamera. Deməli belə, mən, işarə verəndə bas düyməni. Burax musiqini. Deməli belə, hamı burdadır, hamı öz yerindədir. Budey Siyavuş müəllim də gəldi».

Feyzullanın ürəyi düşdü. Nə biləydi ki, televizorun bu axşamkı verilişinə Siyavuş dəvət olunub. O, televiziyaya tez-tez gələn deyildi. Recisorun Siyavuş olduğunu bilsəydi, mütləq boyun qaçırardı. Siyavuş da dərhal onu gördü.

-Kəbirlinski,- dedi: - balam, mən səndən qaçıram, sən də hara getsəm çıxırsan qabağıma. Ay kişi, qoymazsan gözümüzü açaq.

Hamı gülüşdü. Siyavuşun özünün də deyəsən kefi kök idi. Mamedə müraciətlə yavaşdan:

-Bu zırramanı hardan tapıb gətirmisən? - dedi.

-Deməli belə, Sadıq bu gün zəng elədi ki, xəstəyəm, qaldım əlim yandıda, rastıma Kəbirlinski çıxdı, çağırdım.

Siyavuş başını buladı.

Mamed:

-Əşi cəmi-cümlətanı ikicə kəlmə sözü var, - dedi.

P...- poz onu da.

-Nəyi?

-Kəbirlinskinin sözünü. Nə sözdü ki?

-Heç nə, kağızları gətirir, deyir... qoy bu saat baxım nə deyir - mətni vərəqlədi, - hə, deməli belə, «bu da sizin kağızlar».

-Poz getsin. Gəlsin, dinməz-söyləməz kağızları versin, izalə olub çıxıb getsin. Onun səsini eşidəndə təpəmdən tüstü qalxır.

Mamed güldü və cümləni pozdu. Sonra Kəbirlinskiyə yanaşdı:

-Deməli belə, Feyzulla, - dedi, - sözlərini saldıq ixtisara, elə belə dinməzcə girərsən bax bu tərəfdən, kağızları verib çıxıb gedərsən, vəssəlam, bildin?

- Salam da verməyim?

- Yox, yox, sən atovun goru, xataya salma bizi, elə kağızı qoy çıx, bildin?

-Bildim, bildim-. Baş üstə.

- Mamed:

-Deməli, belə. Hərə öz yerinə keçsin, - dedi, - beş dəqiqədən sonra efirdəyik.

Hamı öz yerini tutdu, donub qaldı. Kameralar tüfənk lüləsi kimi hədəflərə - aktyorlara tuşlandı. Siyavuş, Mamed, səs Rejissoru idarə pultunun arxasına keçdilər, daxili ekranlarda müxtəlif kameralarla - müxtəlif görüm nöqtələrindən göstərilən səhnə donub qalmışdı. Çay nəhrə tərəf axan kimi maddiləşmiş, sərhədlənib qalıba, məcraya salınmış televiziya vaxtı qaçılmaz bir labüdlüklə saat yeddiyə doğru axırda - düz saat 7:00-də efirə çıxacaqdılar.

Yeddiyə 15 saniyə qalmış Siyavuş daxili mikrafonla:

- Diqqət! Efirdəyik, - dedi və düyməni basdı. Səs Rejissoru musiqini buraxdı, birinci kamera verilişin titrlərini göstərdi. Veriliş başlandı.

Qırx dəqiqədən sonra Siyavuş papiros yandırıb ayağa durdu. Veriliş sona yetmişdi. Aktyorlar studiyadan çıxdılar.

Kəbirlinski Mamedin qoluna girib bir qırağa çəkdi.

-Mamed, başıva dönüm,- dedi, - pul kağızında mənim adım var da?

-Əlbəttə, Kəbirlinski, ayıb sözdur, havayı işləmirsən ki, hələ kommunizma gəlməyib, hələ sosiyalizmadır - kommunizmaya keçid mərhələsi.

-Yox, bilirsən niyə soruşuram? Deyir başına kələn, başmaqçı olar. Bir dəfə də sözsüz çıxış eləmişdim, beləcə sözsüz rol idi. Buxqalteriyada adımı pozmuşdular.

Mamed:

-Yox, arxayın ol, - dedi, - gözüm üstündə olacaq.

-Ömrün uzun olsun. Yoxsa bu buxqalter yaman köpəkoğlu adamdır. Qoca kişidir, məndən beşbetər, gözü də görmür. Deyirlər taxır eynəyini, dayanır ekranın qabağında, bir-bir sayır, neçə nəfərdir, kim neçə söz deyib, sonra da dava-mərəkə qaldırır ki, mən dövlətin pulunu havaya səpələyə bilmərəm.

-Lap Məşədi İbadın hambalına döndü. Qənaəti gərək elə sənin bir manatında eləsin.

- Day demə.

- Yox, Kəbirlinski, xətircam ol.

-Çox sağ ol. - Kəbirlinski minnətdarlıqla Mamedə əl verib körüşdü, hamıyla xudahafizləşdi, binadan çıxdı, uzaqdan trolleybusun dayanacağa tərəf getdiyini görüb qaçdı, birtəhər çatdı, özünü içəri saldı.

Azneftin yanında düşüb ayrı avtobusa mindi, saat 9-a on beş dəqiqə işləmiş gəlib karamel fabrikinə çıxdı.

Üç il idi Feyzulla karamel fabrikində dram dərnəyinə rəhbərlik edirdi. Dərnəyin hələlik altı üzvü var idi - dördü kişi, ikisi qadın. Kişilərdən biri Salman - qoca qarovulçu idi, tək yaşayırdı. Evinə getməyə darıxırdı, odur ki, gəlib dərnəyə yazılmışdı. İkinci kişi - Muxtar dərnəyə arvadı Rozaya görə yazılmışdı. Roza erməni idi, azərbaycanca pis bilmirdi, amma ləhcəylə danışırdı. Dürüst danışmağa səy göstərirdi, rəfiqəsi Bəhicə də ona bu işdə çox kömək edirdi. Dərnəyə də elə Bəhicəyə görə yazılmışdı. Bəhicə orta yaşlarında dul qadın idi. Kəbirlinskinin rəyincə əsil səhnə istedadına malik idi.

Üç ildi ki, Kəbirlinski dərnəkdə «Oqtay Eloğlu» tamaşasını hazırlayırdı, Bəhicəyə Firənkiz, Rozaya Nadya rolunu tapşırmışdı. Oqtay rolunu Kəbirlinski özü hazırlayırdı.

Başqa rolları Muxtara, Salman kişiyə tabelişk Bəşirə və şofer Davuda vermişdi. Dərnəyin hələlik az üzvü olduğundan Kəbirlinskidən başqa hamı iki-üç rolda oynayırdı.

Roza həm Nadya, həm də aktrisa Tamara rolunu, Bəhicə həm Firəngiz, həm də Oqtayın bacısı Sevər rolunu ifa edəcəkdi.

Dərnəyin məşğələləri həftədə bir dəfə fabrikin qırmızı guşəsində keçirilirdi. Qırmızı guşə - divarlarına müxtəlif şüarlar, lövhələr və şəkillər vurulmuş bir otaq idi. Divarda qırmızı kətan üstündə «İncəsənət - xalqa məxsusdur» sözləri yazılmışdı. Cürbəcür cızıqlar və dairələr çəkilmiş bir lövhədə fabrikin illik planı və məhsulun hansı şəhərlərə göndərildiyi göstərilmişdi. Zər çərçivəli ikinci lövhədə - qırmızı pluş üzərində zərli hərflərlə - «İstehsalat qabaqcılları» - yazılmış və iyirmi nəfərin, o cümlədən şofer Davudun fotoşəkilləri yapışdırılmışdı. Sırayla düzülmüş bu şəkillərin üstündə Kəbirlinski knopkayla Cəfər Cabbarlının və Stanislavskinin şəkillərini vurmuşdu. Pəncərələrdə pərdə yerinə saralmış qəzetlər körünürdü. Otağın divarları təzə ağardılmışdı və əhəng iyi hələ də gəlirdi.

Kəbirlinski otağa girəndə dərnəyin üzvləri hamısı yığışmışdı. Rozayla Bəhicə nə barədəsə pıçıldaşırdı. Davud və Bəşir papiros çəkir, Muxtar isə Salmana bəzi sözlərin mənşəini başa salırdı.

-Məsələn, kolbasa, - deyirdi, - qol basan. Əti doldururdular bağırsağın içinə, qolnan basırdılar, qolbasan, qolbasan, indi gəlib olub kolbasa.

Salman:

-Əşi, dünyada işlər varmış, - dedi.

-Bə nə? Bax, məsələn, sən nəçisən, hə, de görüm nəçisən?

Salman özünü itirən kimi oldu:

-Mən? Nə bilim... Oxrannik.

-Ay sağ ol. Oxrannik, qarovulçu. Ruslar da, deyir karavul. Amma əsli bizim sözdür. Qara qul. Ya məsələn loşad nədi?

-Bilmirəm, - dedi.

Salman gözünü döydü.

- Loşad - alaşa at. Gördün?

-Salman:

- Pay atonnan, - dedin, - əşi işlər varmış dünyada.

-Kəbirlinski:

-Yaxşı, dostlar başlayaq işimizə - dedi. - Bağışlayın, bir az geçikdim. Televizora çağırmışdılar.

Roza:

- V tot raz mən gördüm sizi televizorda, - dedi.

Kəbirlinski bir az tutulan kimi oldu.

- Əşi, - dedi, - lap başımı dəng eləyiblər, gündə çağırırlar. Televizora, radioya, kinoya, çoxundan otkaz eləyirəm. Deyirəm, yaxşı deyil, başqaları da var axı... Əl-qərəz,-istədi bu gün Cavadla maşınla getdiyini də desin, bilirdi ki, Bəhicənin Cavaddan xoşu gəlir. Kəbirlinski özü də bir balaca Bəhicədən kəsirdi. Amma bilmədi necə desin, nə bəhanə tapıb desin. Muxtar Salmana tərəf dönüb:

-Arvadlar xəz şuba geyir e, karakul, - dedi, - əsli nədi? Qara gül!

Salman «nırç» eləyib fikirli-fikirli başını buladı.

Feyzulla:

-Hə, o səhnəni hazırlamısınızmı? - dedi, - tamam hazır olanda Cavad Cabbarovu çağırıram gəlib baxsın, görsün Oqtayı necə oynayarlar, bu gün bir xeyli məni maşında gəzdirib, deyir Feyzulla müəllim, eşitmişəm bir əntiqə dərnək düzəltmisiniz, daha bizdən niyə gizlədirsiz? Dedim tələsmə, hələ hazır deyilik, səbr elə, hazır olanda çağıraram, gəlib baxarsan.

Bəhicə:

-Yox, mən utanaram, - dedi, - Cavad Cabbarovun yanında oynaya bilmərəm.

Kəbirlinski:

-Niyə oynamırsan, lap yaxşı oynarsan, - dedi, - bəs Firəngizi görmürsən, hələ o zamanda atıldı çıxdı səhnəyəz, qarxmadı, çəkinmədi.

Muxtar Salmana:

-Moskvada bir küçə var, - dedi, - Arbat. Bilirsən nə sözündəndir: araba-at.

Kəbirlinski:

-Yaxşı, başlayaq məşqə, - dedi:

Firəngiz «Mənəm bu ananın doğma yavrusu» deyə səhnayə atıldığı yeri məşq edirdilər.

Dolu əndamlı, yorğun baldırlı, cod dərili, başı vız, corabları həmişə buruq-buruq Bəhicəni gənc və məlahətli Firəngiz təsəvvür etmək bir qədər çətin idi, amma Kəbirlinski ifadan razı qalmışdı.

-Sağ ol qızım, - deyirdi, - Yaxşıdır. - Sonra hamıya müraciətlə əlavə etdi, sənət yanmaq deməkdir, yanmaq, yaratmaq! Burada yaradıcılıq istedad lazımdır. Bir də hərarət. Bəli, hərarət! 36,6 hərarətlə sənət yaratmaq olmaz. Gərək qaynayasan, yanasan ki, yaradasan. Gərək sənətkar canını səhnəyə fəda etsin, yanıb kül olsun ki, tamaşaçı da onun yaratdığı, obraza inansın. Heç bilirsiz Konstantin Sergeyeviç Stanislavski nə deyib?

Qarovulçu Salmanm Muxtara baxdı.

Roza:

-Moya cizn v iskusstve - dedi.

- Ay sağ ol, - dedi. - yəni ki, Salman qağa, mənim həyatım incəsənətdir. İncəsənət olmasa mənə yaşayıb eləmək lazım deyil, başa düşdün, Salman qağa.

Salman tez-tez başını yellədi.

Kəbirlinski:

-Sənət, səhnə, aktyor ki var, böyük sözdür. - dedi. - Sənət daimidir, həyat müvəqqəti. Bax, Bəhicə qızım, sən o sözü deyəndə ki, «Mənəm bu ananın doğma yavrusu» gərək salon zağ-zağ əssin. - Qəfilcən Kəbirlinski susdu, fikrə getdi. - Siz o günləri görməmisiz, mən görmüşəm. Rəhmətlik Cəfər hamısını olduğu kimi yazıb. İndi, maşallah bir rola on artistkamız can atır, o vaxt arvad rolunu oynamağa artistka tapa bilmirdik, özümüz məcbur olurduq oynamağa. Mən özüm o qədər Firəngiz, Gültəkin, Xumar oynamışam ki...

Roza:

-Vı Firəngiz? - deyə pıqqıldayıb güldü.

Kəbirlinski də gülümsündü.

- Bəli, bəli, elə günlərimiz olub. Əmim oğlu qaçaq idi. Xəbər göndərmişdi ki, gedin deyin o dəyyusa, bir də arvad tumanı geyib mütriblik eləsə, qəmedyə çıxartsa, onu da vuracağam, bütün artist tayfasını da. Gecəynən fayton tapıb kənddən qaçdıq. Eh, günlər vardı.

Roza:

-Bəs qorxmurdunuz Feyzulla Xudaverdiyeviç? - dedi.

-Ay rəhmətliyin qızı, qorxuya-zada kim idi baxan. O vaxt nə pul gözümüzdə idi, nə şöhrət, nə zvanya-filan. Kənd-kənd gəzib teatr çıxardardıq. «Şamdan bəy», «Zorən təbib», «Yağışdan çıxdıq, yağmura düşdük», «Bizim kirayənişin özünü öldürdü». Camaatımızı ayıltmaq, gözünü açmaq istəyirdik. - O, köksünü ötürdü. - Eh, deyir ötan günə gün çatmaz...

Xorultu eşidildi. Qarovulçu Salman oturduğu yerdə mürgüləyirdi. Muxtar dümsükləyib onu oyatdı.

Feyzulla boğazını arıtladı.

-Yaxşı, məşqimizi davam etdiririk, dedi, ayağa durdu, gərginləşdi, üzünün damarları çıxdı, rəngi pörtdü, gözü-başı qaynadı, üzünü Bəhicəyə tutub:

- O... Firəngiz, sənsan! Yuxumu görürəm. Of, ilan... Əqrəb. O... Fəqət... Bunu mənim yanıma kim gətirdi? - deyə bağırdı.

Bəhicə. özünü itirdi diksindi, əti biz-biz oldu, elə bil qorxub büzüşdü. Sonra nədənsə ağladı.

Feyzulla evlərinə gecə on ikidə gəlib çıxdı. Həyət qaranlığa qərq olmuşdu. Göz gözü görmürdü. Hamı yatmışdı. Feyzulla dəmir pilləkənləri asta-asta çıxdı açarını çıxarıb qapını açdı, otağa girdi.

Həcər yatmışdı.

-Nə yavaş-yavaş gəlirsən, deyərsən quş lələyi üstündə yeriyir.

Feyzulla təəccüblə:

-Nə olub ki? - dedi.

-Zəhirmar olub, çor olub. Bilmirəm, yoxsa niyə belə yeriyirsən, dəmir pilləkənə ayağını basmağa qorxur ki, səs çıxar.

-Hə də, axı qonşular yatıb.

-Qonşuların dərdin çəkirsən! İnanan daşa dönsün. Sən qorxursan ki, səs olar, aşnan oyanar. Yaqut xanımın şirin yuxusuna haram qatılar.

Yaqut onların qonşusu idi, üçüncü mərtəbədə yaşayan cavan gözəl gəlin idi. Təzə köçmuşdü bu evə, Kəbirlinski onu cəmisi iki-üç dəfə pilləkəndə görmüşdü. Bir dəfə həyətdən vedrəylə su daşıyırdı, Feyzullayla pilləkəndə rastlaşdı. Feyzulla vedrəsini götürüb yuxarı qaldırdı. Həcər də bunu görmüş və indiyə qədər bağışlaya bilməmişdi. İndi də kişini alıb yatırdı:

-Arvadının, uşağının qaydına qalmır, o lotunun yuxusunun dərdini çəkir...

-Ay arvad, mən həmişə gec gələndə belə çıxıram ki, heç kəsi dəng eləməyim.

-Gec gələndə! Gec niyə gəlirsən ki, hansı xarabadaydın yenə...

-İşdəydim də, kefdə, damaqda deyildim ki...

Həcər yenə nə isə deyir, deyinir, deyinirdi. Feyzulla yeriiə girib yorğanını başına çəkdi, dərhal yuxuladı və nədənsə yuxuda Konstantin Sergeyeviç Stanislavskini gördü.

Səhər tezdən Feyzulla teatra yollandı - tamaşaya ictimai baxış təyin olunmuşdu. Eldar da işə getdi, Həcər evdə qaldı.

Bir azdan Anaxanım gəldi.

-Bacı, sabahın xeyir, deyəsən paltar yuyursan. Mən də yuyacaqdım, suyumuz kəsildi zəhrimar. Nə var, nə yox?

-Sağlığın.

Anaxanım keçib stulda oturdu, əliylə üzünü yellədi.

-Puf istidi... Dünən gördüm ərivi televizorda, amma qaragün yenə-ağzını açıb bir kəlmə dinib danışmadı. Belə lal dinməz oyunu niyə oynayır, ay Həcər bacı!

-Nə bilim, ay Anaxanım. Amma onların sənəti belədir ki, şərt danışmaq deyil. Elə fərasət ondadır ki, danışmaya-danışmaya göznən, qaşnan, himnən-cimnən rol yaradasan. Belə rolları da uşaq-muşaq oynaya bilməz də. Gərək təcrübən, səriştən olsun. Belə rol olanda harda olsa bizim kişini tapıb çağırırlar. Nədi bələddirlər səriştəsinə, bilirlər ki, təcrübəsi çoxdur...

-Hə, belə de, yoxsa mən də deyirəm ki, bu qaragün niyə elə həmişə susub durur. Bir kəlmə söz demir.

Həcər yuduğu ağı çıxarıb burdu, bərk-bərk sıxdı.

-Ay Anaxanım, sənə də zəhmət verirəm, - dedi, - tut bunun o başından dart.

Arvadlar hərəsi ağın bir tərəfini tutub özlərinə tərəf çəkirdilər.

Həcər:

-Elə hey televizora çağırırlar. Kinoya çağırırlar, - dedi, - çoxuna özü getmir. Abrın, həyasın saxlayır, Yoxsa o, da başqaları kimi sırtıqsifət olsaydı, çoxdan ad da almışdı, ev də.

-Hə, mən də deyirəm də. Bayaq qızım kəlib ki, bu künlərdə Feyzulla dayıkilin teatrında təzə teatr çıxardacaqlar. Deyirlər bir qiyamət şeydir, biletçün baş yarırlar. Dekinən deyir Feyzulla dayı bizə də bilet kətirsin. Ela məndə sən deyəni dedim. Dedim Feyzulla dayı çox utancaq kişidir/ Ağız açıb bilet-zad tapan deyil, tapan elə Həcər xalaya tapar da... qarakün evdən bayıra çıxmır.

Həcər qıpqırmızı qızardı. Anaxanım görməsin deyə, aşağı əyildi, guya yerdən nəsə götürəcəkdi. Sonra başını qaldırıb:

-Mənim özümün teatrla o qədər aram yoxdur, - dedi, - çavanlıqda o qədər baxmışam ki, ömürlük bəs eləyib. Yoxsa getsəm, niyə tapmır. İstəsəm hər axşam gedərəm. O tası ver bura, zəhmət olmasa. Ay sağ ol... İntəhası mənimki televizordur, oturub rahat baxıram özümçün.

-Yox, demə, teatrın öz yeri var. Televizora sən baxırsan, amma teatrda həm sən baxırsan, - o, Həcərə göz vurdu, güldü,- həm də sənə baxırlar, ay Həcər bacı. Geyinib-kecinirsən, sırğadan, üzükdən nəyin var taxırsan, çıxırsan beş adam içinə. Ürəyivə ayrı şey gəlməsin ha, Həcər bacı, bilet-zad istəmirəm. Lazım olsa deyərəm qardaşım oğluna, əlli yerdən tapar. Belə, söz gəlişi dedim... Bazara gedirəm. Bir şey lazımdır, alım səninçün. Yaxşı ləpə qoz var... Beş kilo aldım. Bayramqabağı tapılmayacaq. Bir şey lazımdırsa, düzünü denən.

-Yox, yox, sağ ol. Səhər özüm getmişdim.

Tamaşanın müzakirəsi, qızğın keçirdi. Çıxış eləyənlərin əksəriyyəti quruluşu bəyənir, yüksək, qiymətləndirir, xırda-mırda kəm-kəsirləri qeyd edirdilər.

Kəbirlinski də başqa aktyorlar kimi səhnə libasını, qrimini soyunub, gəlib bir qıraqda oturmuşdu.

Axıra yaxın eynəkli cavan bir oğlan söz aldı. Feyzulla onu tanımırdı, Əlikram pıçıldadı ki, teatr tənqidçisidir, Moskvada qurtarıb təzəcə gəlib, özü də filankəsin oğludur.

Kəbirlinski:

-Maşallah, - dedi, - vallah belə cavanları görənda adamın ürəyi dağa dönur, görürsən necə bulbül kimi ötür. Millətimizin ümidi bunlaradır.

Gənc tənqidçi:

-Mən bir məsələyə də toxunmaq istəyirəm, - dedi, - kötüklər məsələsinə, - burada o, kiçik bir pauza verdi. Salonda bir hərəkət, bir pıçıltı gəzdi: «Necə? Kimlər? Nə? Nələr? Kötüklər».

Gənc tənqidçi güclə sezilə biləcək bir məmnunluqla bu pıçıltının susmasını gözlədi, camaatı bir az da intizarda saxlayıb:

-Bəli, bəli, kötüklər, - dedi. - O kötüklər ki, inkişaf yolumuza yıxılıb bizi irəliləməyə qoymurlar. Bağışlayın, mən bir az sərt, kəskin danışıram, amma axır əvvəl bu məsələyə son qoymaq lazımdır. - O, qrafindən stəkana su töküb, bir stəkan içdi və təmkinlə davam elədi, - ayrı-ayrı adamlara yazığımız gəlir, amma sənətimizə yazığımız gəlmir, ayrı-ayrı şaxslərin qeydinə qalırıq amma səhnəmizin qeydinə qalmırıq, ayrı-ayrı qocamanların - «qocamaan» sözünü açıq iztehzayla dedi, - bəli, ayrı-ayrı qocamanların hörmətini saxlayırıq, amma işimizin, peşəmizin hörmətini saxlamırıq.

O, yenə pauza verdi, yenə camaatı intizarda qoydu, görəsən kimi deyir, çoxunun ürəyi gup elədi, görəsən ad çəkəcəkmi, ya elə belə ümumi sözlər deyir. Əgər ümumi mücərrəd danışırdısa, hamı bu doğru fikirlərlə razılaşacaq, hamı şərik çıxacaq, hamı bərkdən əl çalacaqdı.

Gənc münəqqid:

-Bax, məsələn, götürək bu günkü tamaşanı, - dedi. - Zövqlə işlənmiş müasir tamaşadır. Brext teatrının səmərəli təsiri duyulur. Rejissor, rəssam işi təqdirəlayiqdir. Cavad Cabbarov yadda qalan obraz yaradır. Amma bir aktyor görürsən kobud, biçimsiz oyunuyla, bütün ansamblı pozur, təəssüratı xarablayır. Mən e... - əlindəki kağıza baxdı, - e… Kəbirlinskini nəzərdə tuturam. Gərək ki, Siyavuş müəllim, o, tamaşada üçcə kəlmə söz deyir… E… bu qoca, bu gecə, bu, ocaq?

Siyavuş yorğun gözlərini qaldırıb:

-Bəli, - dedi.

-Aha. Amma bu sözləri bir kökdə, bir tərzdə deyir ki, adam təəccüb edir, bu adam səhnəyə hardan və necə gəlib. Və ikinci sual: bu və bunun kimi adamlar səhnəmizdən necə və haçan gedəcəklər. Haçan səhnəni tərk edib çoxdan layiq olduqları qanuni istirahətə gedəcəklər.

«Qanuni istirahət» sözlərini deyəndə hamı gülüşdü.

Münəqqid də xəfifcə gülümsünüb davam etdi:

-Bu, xırda məsələ deyil. Mən bayaq Siyavuş yoldaşla bu barədə danışdım. Deyir, yazıqdır, necə atım bayıra. Yoldaş Siyavuş, bir nəfərə yazığınız gəlir, amma teatra, sənətə, nəhayət tamaşaçıya yazığınız gəlmir. Bilirsinizmi bu nədir? Xırda humanizm.

Siyavuş yerdən:

-İrisi hansıdır? - dedi.

Münəqqid:

-Bəli, bəli, - dedi, - xırda humanizm, mən deyərdim burcua humanizmi.

-Sən direktor olanda çıxardarsan, - deyə Siyavuş yenidən replika atdı.

Kimsə güldü.

Gənc münəqqid pərtləşdi, amma pərtliyini biruzə vermədi, dərhal özünü ələ aldı:

-Yox, liberallıq lazım deyil, - dedi və yerinə keçdi.

İclasın sədri:

-Deməli, tamaşanı qəbul edirik, - dedi. - Göstərilən nöqsanları da yoldaşlar işləyib düzəldərlər.

Salondakılar əl çaldılar və yerlərindən durdular. Bir-bir yanaşıb Siyavuşu, Cavadı, rəssamı təbrik edirdilər.

Əlikram:

-Gördün də, - dedi - dəysin dədəsinə.

Kəbirlinski:

-O papurusundan görüm, - dedi.

-Sən ki, çəkən deyilsən.

-Hərdən-birdən çəkirəm.

Foyeyə çıxdılar.

Foyedə gənc münəqqid Siyavuşla və rəssamla dayanıb nə barədəsə qızğın mübahisə edirdilər. Kəbirlinski bir qıraqda sütuna söykənib dayanmışdı, onlara baxırdı. Sözlərini eşitmirdi, amma görürdü ki, nə isə çox odlu-odlu danışırlar. Kəbirlinski onlara baxır və qeyri-ixtiyari zövq alırdı - üçü də cavan, gözəl-göyçək idi, səliqə və dəblə geyinmişdilər. İstedadlı, ağıllı-kamallı idilər, bütün ömürləri, şöhrətləri də hələ qabaqda idi. Birdən rəssam nə isə dedi, üçü də bərkdən şaqqıldayıb güldülər, üçünün də eyni açıldı. Münəqqid ərkyana əlini Siyavuşun çiyninə vurub onlardan aralandı, kiməsə ötəri salam verdi, kiməsə əl elədi, kiməsə gülümsündü və qıvraq addımlarla pilləkənləri düşməyə başladı.

Nədənsə Kəbirlinski də birdən onun ardınca getdi və aşağı foyedə ona yanaşdı:

-Salaməleyküm, - dedi. - Bağışlayın, tanış deyilik, amma çıxışınız mənim çox xoşuma gəldi. Təbrik edirəm. Cavan münəqqid:

-Çox sağ olun, - dedi və çevrilib getmək istədi. Kəbirlinski:

-Amma bircə məsələni sizə demək istəyirəm, - dedi.

-Nə məsələ?

-Dediz ki, Kəbirlinskini qovmaq lazımdır.

-Bəli. Düz demədim?

-Bəs necə olsun axı...

-Nə necə olsun. Sizin xoşunuz gəldi Kəbirlinskinin oyunundan?

Feyzulla:

-Kəbirlinski mənəm, - dedi. Gənc münəqqid diksindi.

-Siz? Kəbirlinski... - deyə karıxdı, amma yenə özünü ələ aldı quru bir tərzdə, - çox əcəb, - dedi, - qrimsiz sizi tanımadım. Tanışlığımıza şadam. Amma fikrimdə qalıram.

Kəbirlinski:

-Mən qırx ildir aktyorluq edirəm, - dedi.

-Axı bu cavab deyil. Stacla talant ayrı-ayrı şeylərdir. Mən açıq danışmağı sevirəm, mənim fikrimcə, siz aktyor deyilsiz.

Kəbirlinski nədənsə münəqqidin pencəyinin döş cibində ucu görünən mil-mil göy dəsmala baxırdı.

-Oğlum, - dedi, - sən cavansan, talantlısan, ağıllı, savadlısan. Bütün ömrün də qabaqdadır. Qabağında da maşallah dağ kimi dədən var.

Münəqqid qızardı. Feyzulla sakit-sakit sözünə davam etdi:

-Amma mənim altmış yaşım var. Ailə saxlayıram, əlimdə də ayrı heç bir sənətim yoxdur. Olsaydı gedib pinəçi, ya qalayçı, ya dəllək olardım. Amma neyləyim, deyir, altmışında öyrənən gorunda çalar. İndi pis-yaxşı mənimki də bu artistlikdir. Çıxardıb atsalar acından ölərəm.

Hiss olunurdu ki, gənc münəqqid bu söhbətə darılır.

-Yox, mən elə demədim ki, bəlkə siz başqa rolların öhdəsindən gələ bilərsiz, - deyə vəziyyətdəi çıxmağa çalışdı. - Amma bu rolunuz, mənim fikrimcə, müvəffəqiyyətsizdir. Mən də öz şəxsi fikrimi dedim.

Kəbirlinski:

-Çox sağ ol, bala, -dedi,- allah səni xoşbəxt eləsin... sözü mərd-mərdanə deməyindən xoşum gəldi. Amma mənim də, vallah bir təqsirim yoxdur. Srağa gün...

Gənc münəqqid:

-Bağışlayın, - dedi, - yoldaşlarım küçədə gözləyir məni... Sağ olun.

Kəbirlinski foyedəki güzgüyə tərəf getdi, uzun-uzadı baxdı.

Eldar radionun pilləkənləriylə qalxanda Aydınla rastlaşdı. Aydın:

-Xəbərin var?-dedi.- Rəna ərə gedir.

Eldar udqundu:

-Yalan sözdür, - dedi.

-Nə bilim, dedilər mənə. Deyirlər bu gün elçi gələcək evlərinə.

Eldar dinmədi, Aydından aralanıb pilləkənlərlə ikinci mərtəbəyə qalxdı. Boş otaqların birinə girdi, daldan qapının cəftəsini vurdu.

Əvvəl papiros çıxartdı, titrəyən barmaqlarıyla kibrit çəkdi, yandırdı, kəsik-kəsik sümürdü, sonra dəstəyi götürüb zəng vurdu. Nömrə məşğul idi, asıb dərhal yenidən zəng elədi. Yenə asdı, yenə nömrəni yığdı. Dördüncü ya beşinci dəfə cavab aldı.

-Allo.

-Salam, - dedi, - mənəm.

-Tanıdım.

-Rəna, bir söz eşitmişəm.

Rəna sakit və bir qədər bezgin səslə:

-Düzdür eşitdiyin, - dedi. - Bu axşam elçi gəlir mənə.

Eldar yanındakı pəncərənin sınığını, laxlamış cəftəsini, pəncərə arxasındakı mənzərəni, şəhəri, evləri, tüstüləri, dənizi, gəmiləri sanki birinci dəfə görürdü. Həyətdə sürücü maşını heç cürə işə sala bilmirdi. Motor dişovan maşın kimi uğuldayır, sonra susurdu. Telefon sükuta qərq olmuşdu. Eldar əlindəki qələmlə stolun üstündəki kağıza «Eldar. Eldar Ələsgərov. Ələsgərov Eldar. Eldar. Eldar» sözlərini yazırdı.

Rəna:

-Eldar, məndən niyə inciyirsən, - dedi, - söhbətimiz yadında, özün demədin ki, hələ 5-6 il evlənmək fikrim yoxdur. Cürbəcür planların var, Moskvaya getmək, oxumaq, kino çəkmək. Kim bilir ondan sonra nə fikrə düşəcəksən. Bu qədər vaxta yəqin məni də unudacaqdın. Altı ilə kim bilir nə, olacaq. İndi məni yaxşı yerdən istəyirlər. Oğlanı da tanıyıram. İnsan adamdır. Anam da deyir axmaq olma. Dünən mən...

Eldar ardına qulaq asmadı. Dəstəyi qoyub otaqdan çıxdı.

Siyavuşla Cavad radioya çağrılmışdılar. Təzə tamaşaya həsr olunmuş müsahibəyə. Onların çıxışlarını Eldar lentə yazacaqdı. O, studiyanın qabağındakı otaqda - səsyazan cihazlar olan otaqdaydı. Cavadla Siyavuş studiyanın içindəydilər. Bu otaq studiyadan qalın divarla və səs keçirməz iki qat şüşəylə ayrılmışdı. Şüşə divardan studiyanın içi aydın görünürdü, amma orda top atılsaydı, burda eşidilirdi. Siyavuşla Cavad studiyada oturub yavaşdan söhbət edirdilər. Onlar radioya çoxdan gəlib gedirdilər, amma studiyanın kiçik bir fəndini unutmuşdular. Ya da heç buna fikir vermirdilər: mikrofonun açarı açıq olanda studiyada pıçıltıyla deyilən söz belə qabaqdakı otaqda iri dinamikdən gur səslə yayılır. Studiyadakı adama elə gəlir ki, o, xısın-xısın, yavaş-yavaş danışır. Daha bilmir ki, o biri otaqda səsi gur-gur gurlayır.

Siyavuşla Cavad teatrdan, tamaşadan, biri günkü premyeradan danışırdılar. Eldar onların söhbətinə fikir vermir, lentləri, cihazları rahlayırdı. Birdən o, studiyadan eşidilən söhbətə diqqət eləməyə başladı, ondan danışırdılar.

Siyavuş:

-Yox əşi, - dedi, - doğrudan deyirsən Kəbirlinskinin oğludur?

Cavad:

-Bəs bilmirdin, - dedi

-Yox, hardan bilirdim. Bu ki, mənim tələbəmdir.

-Hə. Sən də o gün bunun yanında başlamısan Kəbirlinskini söyməyə. Kişi əməlli-başlı səndən inciyib.

Gülüşdülər.

Siyavuş:

-Kəbirlinski ayrı aləmdir, - dedi.

-O gün tutub məni ki, Siyavuşa de məni acılamasın. Yaxşı yadıma düşdü, deyirəm, axı sənə nə isə deməliyəm, yadımdan çıxır. Kəbirlinskinin könlünə zvaniya düşüb. O gün məni tutub ki, bəs altmış yaşım tamam olub, Siyavuşa de, mənə ad verdirsin.

-Deyəydin keçəl dərman bilsə öz başına elər də.

Hər ikisi güldü.

-Mən də deyirəm də. Deyirəm, a kişi, bu cür əcdahalar qalıb burda, sən də ad davası eləyirsən. Amma, zarafatyana bir Siyavuş, yazıqdı, qoca kişidir. Bəlkə belə xudmani yığışıb öz aramızda ona yubiley-filan bir şey eləyəydik. Bir blaqodarnost, bir də pul yığıb vazdan-zaddan bir şey alardıq, vəssalam.

Siyavuş:

-Nə olar ki, mümkündür, - dedi. - Amma, bilirsən, iştah diş altındadır, Blaqodarnost verəcəksən, gələcək ki, maaşımı artır, maaşını artıracaqsan, gələçək ki, mənə baş rol ver.

Cavad:

-Yox, bu elə kişi deyil, allahın fağırıdır, öz yerini də biləndir, - dedi, - amma bunun könlündən bilirsən nə keçir. İstəyir teatrda bir balaca yubiley düzəldək ona. Çağırsın qohum-qardaşın, ləzzət çəksin.

- Pis olmaz. Feyzulla Kəbirlinskinin yubiley kecəsi. Hamlet. Otello. Od gəlini.

Fortinbrasın 3-cü əsgəri - Kəbirlinski.

Otellonun dördüncü gözətçisi - Kəbirlinski.

Beşinci ərəb - Kəbirlinski.

İkinci skelet - Kəbirlinski».

-Sən zarafat edirsən, amma, vallah, belə afişa versən, camaat tökülüb gələr. Kəbirlinskini kim tanıyır, amma zalım balasının adı gur-gur guruldayır: Feyzulla Kəbirlinski! Deyəcəklər görəsən bu haranın böyük artistidir.

Siyavuş:

-Bəli, - dedi. - Kəbirlinski, Ərəblinski. - Sonra üzünü şüşəyə tutub, - yaxşı, bu Kəbirlinskinin oğlu bizi niyə bu qədər yubadır, - deyə əlavə etdi, - yazsın çıxıb gedək işimizə də.

Eldar divara söykənmişdi. Rəngi sapsarı, dodaqları göm-göy idi. Şüşə arxasından Cavadın ona əl elədiyini görüb tələsik çevrildi, cəld otaqdan dəhlizə çıxdı. Qapıda Məcidlə toqquşdu.

Məcid onu görüb irişdi, üst dodağını çirmədi, qızıl dnşləri göründü. Çənəsindəki iri xalın üstündən qızılı tüklər uzanırdı.

Məcid:

-Privet Kəbirlinski, - deməyiylə Eldarın ona şillə çəkməsi bir anda oldu. Aydın dəhlizin o başından özünü atıb Eldarı qucaqladı, kənara dartdı...

Axşam Eldarla Aydın «Drujba»da kiçik stolun arxasında oturmuşdular.

Masanın üstündə balıq kababı, göyərti, araq şüşəsi və qrafin vardı. Şüşədəki arağı içib qurtarmışdıdar. Əlavə sifariş verdikləri üç yüz qram hələlik qrafinin içində idi. Musiqiçilər ritmik rəqs havası çalırdılar, oynayanlar da vardı. Xüsusilə bir oğlanla bir qız heç aradan çıxmaq bilmirdilər. Onlar müasir dəbdə bir-birindən aralı rəqs edir, hərə müstəqil surətdə öz rəqs hərəkətlərini icra edirdi: yalnız baxışlarıyla bir-birinə bağlanırdılar.

Eldar içib nəşələnmişdi, kefi bir az durulmuşdu. Elə bil o həmişəki qaraqabaq, qaşqabaqlı oğlan deyildi. Elə hey danışır, danışırdı.

- Aydın, - deyirdi, - sən ela bilirsən mən o Məcid qurumsağı xub əzişdirə bilmərəm. Vallah qol-qabırğasını sındırıb şil-küt elərəm onu. Amma eləmirəm, niyə, çünki o saat gedəcək şikayətə, məni qovacaqlar işdən. Mən bu işdən gedə bilmərəm, Aydın. Gərək iki il də işləyəm. İki ildən sonra...

Aydın:

- İki ildən sonra nə olacaq ki? - deyə soruşdu.

Eldar başını süfrədən qaldırıb dalğın-dalğın uzaqlara baxdı, üzünə xəyalpərvər bir ifadə çökdü, siqareti sümürüb tüstüsünü həlqə-həlqə havaya buraxdı.

-O, o... iki ildən sonra burdan dnplomu alıb gedirəm Moskvaya, vısşi Rejissorski kurslara.

-Necə düşəcəksən ora?

-Niyə düşmürəm. Cibimdə diplom desən diplom, pul desən pul.

-Orda pul keçmir. O bizdədi pulnan ali məktəbə girmək.

-Asta ye, boğazında qalar, soruşub öyrənmişəm, lap yaxşı keçir. İntəhası bizdə nəqd puldur, orda podarka-filan, gərək lazım olan adamları qonaq eləyəsən. Orda komissiyada cavan qızlar-arvadlar çoxdu, bir-ikisinin başını tovlayacam, işim gedəcək yağ kimi.

-Ay zalım, deynən bazlığa gedirəm də. Eldar:

-Yox, - deyə bərkdən qışqırdı. Elə bərkdən qışqırdı ki, ətraf stollar arxasında oturmuş adamlar çönüb onlara baxdılar. Eldar sərxoş bir inadla dönə-dönə bərkdən təkrar etdi, - yox, çanımçün yox, Aydıncanı yox, anamın ölmüşünə yox. Ancaq kurslara düşənəcən. Düşdüm, qurtardı, daha nə qız, nə içgi, nə gəzmək, nə filan. Gecə-gündüz oxuyacam, Aydın, yuxu yatmayacam, çörəksiz, susuz qalacam, amma oxuyub hər şeyi öyrənəcəm. Ondan sonra gələcəm bura - o, qrafindən qədəhə araq tökdü, iri bir qurtum aldı, - pıf zəhirmar, - deyə üz-gözünü turşutdu, çörəkdən bir tikə götürdü, - gələcəm bura... hə, onda baxarıq. Tamaşa onda olacaq. - Aydının düz gözlərini içinə baxdı. - Siyavuşu neyləyəcəm, Aydın, əgər bilsən?

Aydın:

-Mən nə bilim, - dedi.

- Siyavuşu götürəcəm özümə müavin.

-Yəni ministr-zad olacaqsan?

-Hələ bilmirəm. Amma hər halda bir böyük vəzifə tutacam. Siyavuşu da götürəcəm özümə müavin.

-Birdən istəmədi sənə müavin olmaq? Eldar bnr an susdu. Görünür, xəyallarında bu variantı düşünməmişdi. Nəhayət:

-Niyə istəmir? -dedi, - nə qədər istəsə maaş təyin eləyərəm. Lap öz maaşımdan da artıq. Amma gərək mənim müavinim olsun, mütləq. Zəngi basıb çağıracam yanıma. Girib içəri küləcək. Amma mən gülməyəcəm. «Gülməli nə var, yoldaş Siyavuş,- deyəcəm. Bəlkə deyəsiz biz də gülək. Yox, deyəcək, Eldar, elə-belə. Eldar yox, yoldaş Ələsgərov - deyəcəm. Evinə qonaq gələndə Eldar deyərsiz, bura idarədir, burda mən yoldaş Ələsgərovam. Özü də zəhmət çəkin, işə vaxtında gəlin. Bu gün on beş dəqiqə gecikmisiniz».

Aydın:

- Fantansan, - dedi, - Siyavuşun bağrı çatdar.

Eldar məmnun halda gülümsündü.

-Bəs nə bilmisən, - dedi. - Cavadı bilirsən neyləyəcəm?

-Onu da müavin eləyəcəksən?

-Yoox. Onu qoyacağam qalsın səhnədə, oynasın. Amma hər müzakirədə durub deyəcəm ki, Cavad yoldaş yenə primitiv obraz yaradır, yenə rolunun öhdəsindən gələ bilmir, Məcid...

-Hə, hə, Eldar, mən ölüm, - deyə Aydın ləzzətlə əlini əlinə sürtdü, - Məcidi neyləyəçəksən?

-Məcidi redaktorluqdan çıxardıb eləyəcəm artist, özü də ancaq bircə rolda çıxış eləsin - çaqqal rolunda.

Yenidən rəqs musiqisi başlandı. Yenə bayaqkı oğlanla qız ortaya çıxdılar. Amma indi aram rəqs çalınırdı, onlar qucaqlaşıb oynayırdılar. Qız oğlanın köksünə qısılmışdı, başını onun çiyninə qoymuşdu. Oğlan qızın saçlarını oxşayırdı. Aydın acıq həsəd hiseiylə onlara baxırdı.

Eldar:

-Gəl içək, sənin sağlığına, - dedi.

İçdilər.

Eldar:

-Gör hələ səninçin nələr eləyəcəm, -dedi.

Aydın:

-Yaxşı, bəs özün nə olacaqsan axı? - dedi.

-Özüm sənətkar olacam, Aydın, böyük sənətkar, o vazifə-zad müvəqqəti şeylərdi, əsas isə mən fikrimi verəcəm Rejissorluğa və aktyorluğa. Həm Rejissor, həm aktyor. Öz teatrım olacaq e, məsələn, necə demirlər Tovstonoqov teatrı, ya nə bilim Oxlopkovun teatrı, bax mənim də elə teatrım olacaq. Aydın:

-Maşın da ki, samo saboy, - dedi.

-Əlbəttə, maşınım da olacaq. Özüm də sürəcəm, şoferim də olacaq. Hər dəfə premyera günü maşını göndərəcəm Renagilə, on dənə də bilet özünə, ərinə, anası, atası, podruqaları, kimi istəsə gətirsin.

Aydın:

-İçək sənin sağlığına, - dedi.

-İçək. Mən bilirəm Aydın, sən elə bilirsən mən piyanam, amma özüm ölüm, zərrə qədər piyan deyiləm, bax, nə qədər içirəm tutmur məni, bilirəm, sən ürəyində inanmırsan mənə, bəlkə gülürsən, amma özüm ölüm, hamısı olacaq bunların, ad da, maşın da, kalan pul da.

-Bilirsən, Eldar, inanıram, hamısı olacaq. Amma çox gec olacaq e... Yaşımız ötəcək. Kaş onlar hamısı bax indi, bu saat olaydı, bu yaşımızda.

Musiqiçilər yavaş-yavaş alətlərini yığışdırırdılar. Adam seyrəlmişdi. İşıqların bir qismi keçirilmişdi. Dəniz tərəfdən əsən külək pərdələri yellədirdi.

Həcər:

-Lül-piyan gəlib, - dedi.

-Harda içib, kimnən?

-Mən nə bilim, - sükutdan sonra əlavə etdi, - yazıq dərdindən içir də. Cavandır, geyinib-gəzmək istəyir. Gördüyü nədir, sənin sir-sifətin.

Feyzulla qaranlıqda Həcərin çarpayısına tərəf çevrildi.

-Bilirsən, Həcər, - dedi, - mən çox fikirləşirəm. Düz deyirsən, o mənə görə xəcalətli niyə olsun. Niyə düzünü açıb deməyək. Deməyək ki, bala, sən də balaca kişinin oğlu deyilsən. Sənin atan da beş kişinin biri idi.

Qaranlıqda Həcərin üzünün ifadəsini görmədi. Ancaq onun əllərini öz ağzında hiss elədi. Həcər ovcuyla bərk-bərk onun ağzını yumub:

-Sus, sus, görüm, - deyə pıçıldadı.

Feyzulla özü də bilirdi ki, heç bir vaxt ürək eləyib həqiqəti Eldara aça bilməyəcəkdir.

...İsgəndər Muradəliyev arvadı Qəməri: və yeddi aylıq oğlunu. Şuşaya istirahətə aparırdı... Yola axşamüstü çıxmışdılar ki, istiyə düşməsinlər. İyulun cırhacırı idi. Xırdalan tərəfdə dəmir yoluyla şose yolu çarpazlaşan yerdən keçəndə qaranlıq idi. Yaxınlaşan qatarı görməmişdilər. Közətçinin səhlənkarlığından şlaqbaum bağlanmamışdı. Dəmir yolunu keçəndə sürücü sürəti dəyişdi, üçüncüdən ikinciyə qoşdu, motor söndü, maşın qatarın qarşısında qaldı. Tale kimi qaçılmaz və müdhiş bir labüdlüklə üstlərinə gələn qatarın yaxın nəfəsini duyanda Qəmər qışqırdı, bayıldı. İsgəndər iradəsinin son fəal çırpıntısıyla uşağı Qəmərin qucağından qapıb yolun kənarına atdı. Uşaq salamat qaldı. Bircə sol qıçı şikəst olmuşdu. Qalan hamısı həlak olmuşdu. Qəməri məscidə gətirib yuyanda döşündən süd axırdı.

Həcərlə Feyzullanın övladı yox idi. Uşağı saxladılar, böyütdülər, öz adlarına keçirtdilər, həqiqəti gizlətdilər.

Səhər Eldar masanın arxasında oturub qatıq içirdi. Ağrıdan başı çatlayırdı. Feyzulla üzünü qırxırdı. Geyinib çıxanda Həcər:

-Feyzulla, - dedi, - sabah premyeradı, bizə də bilet gətir. İkisin, Eldarla mənə, ikisin də Anaxanımgil istəyiblər.

Eldar:

-Mən getməyəcəyəm, - dedi.

Feyzulla:

-Həcər, çətindir, - dedi. - Biletçün qırğındır.

Həcər:

-Daha bu lap ağ oldu, - dedi,- özün işlədiyin teatra da bilet tapa bilmirsən. Allah bilmirəm niyə səni belə aciz-avara yaradıb.

-Yaxşı, yenə başlama. Anaxanıma söz vermə, Eldar da istəmir, sənə bir bilet düzəldərəm.

Pilləkənlərlə düşəndə arxadan Həcərin səsini eşitdi:

-Sən mənə bilet gətirmə, gör iki gözüvü bir deşikdən çıxardaram, yoxsa yox.

Kassaçı:

-Yox, yox, yox, - dedi, - bir dənə də bilet qalmayıb.

-Axı mən bu teatrın işçisiyəm.

-Teatrın iki yüz yetmiş işçisi var. Feyzulla administratorun yanına gəldi.

-Canımçün, Feyzulla, sabahla biri günə heç bir şey eləyə bilmərəm, sonrakı künlərdən birinə közüm üstə, neçə bilet istəsən.

Feyzullanın hər yerdən əli üzülmüşdü. Siyavuşun yanına getmək istəmirdi, ancaq ayrı əlacı qalmamışdı. Siyavuşun otağına elə hey adamlar girib çıxırdı.

- Necə yəni gələ bilmir, - deyə Siyavuş kiməsə qışqırırdı, - gələr, canı da çıxar, sabah tamaşadı, bu nə oyundur çıxarır.

Kimsə:

-Bu səhər qaynanası ölüb, - dedi.

-İstəyir lap bütün qohum-əqrəbası qırılsın, sabah burda olmalıdır, bu basabasda kimnən əvəz eləyəcəm onu. Telefon zəng çaldı, Siyavuş dəstəyi qaldırdı:

-Yox, - dedi. - Sabah axşam. Biri gün kündüz və axşam, Bəli.

Dəstəyi asdı.

-Aslan, - deyə qapının yanında dayanmış oğlana müraciət elədi, - proqramlarda Səlimovun yerinə Hacıyevi qeyd elə. Sabir, sən də denən səhnədə stolun üstünə qara yox, ağ telefonu qoysunlar. O dünənkini.

Yenə zəng olundu. Siyavuş:

-Bəli, - dedi. - Bəli, mənəm, buyurun, əleykisalam. Bağışlayın, indi imkanımız yoxdur. Bazar ertəsi zəng elərsiz.

Dəstəyi qoyan kimi yenidən zəng çalındı. - Bəli, bəli. Yox, Yox, heç bir şey eləyə bilmərəm. Bir bilet də qalmayıb. Bilirəm, çox yaxşı, qəzetinizə böyük hörmətim var, amma sabaha heç bir şey mümkün deyil, biri günə tapşıraram.

Dəstəyi qoydu.

-Aslan, Şərifə xanıma de gəlsin mənim yanıma, - birdən küncdə dayanmış Feyzullanı gördü. - Kəbirlinski, sən nə deyirsən?

Feyzulla:

-Siyavuş müəllim, - dedi, - sizə bir işim düşüb, heç üzüm də gəlmir.

-Kəbirlinski, uzatma. De görüm nə deyirsən.

-Deyirdim bu gün mənə bir bilet bəlkə... Siyavuş qəti səslə:

-Yox, - dedi.

-Hə?

-Dedim ki, yox. Mən bilet paylamıram. Bu iş üçün nahaq gəlmisən mənim yanıma, - zəng çalındı, - bəli, mənəm. Gəlirəm, siz başlayın, bu saat gəlirəm, - dedi. - Onsuz da başım qazana dönub, Kəbirlinski, - tələsik otaqdan çıxdı.

Feyzulla yavaş-yavaş aşağı düşdü, teatrdan çıxıb radioya gəldn. Fikir onu almışdı. Arvada nə cavab verəcək, evə nə üzlə gedəcək.

-Nə olub, Kəbirlinski, qaşqabağın yer süpürür. Məcidi səsindən tanıdı.

-Heç, ay Məcid, - dedi, - fikirləşirəm.

-Xeyir ola, nə fikirləşirsən belə.

-Fikirləşirəm ki, mənim kimi bir insanın yer üzündə yaşamağının nə mənası var.

-Bıy, sağ ol...

-Altmış il ömür sürmüşəm, nə bir qəpiklik iş görmüşəm, nə bir xətir-hörmətim var. Sabah yıxılıb öləm, kimin vecinə olacaq. Bir aydan sonra adım da yadından çıxacaq hamının.

-Nə olub, özünütənqidə keçmisən?

-Yox, bilirsən, adam papağını qoyur qabağına, fikirləşir, bütün ömrüm lent kimi keçir gözümün qabağından, görürəm ki, elə əvvəlcədən düz yolumla getməmişəm. Bütün ömrüm hədərə çıxıb gedib, indi də daha kecdir.

-Nə olub, Kəbirlinski, bu gün yenə fəlsəfə qırıldadırsan? Bəlkə bir şey-zad deyən olub sənə, ürəyivə-zada toxunublar, vallah hamısını qataram bir-birinə, səni çöldən tapmamışam ki...

-Ey ay Məcid, qırx ildir teatrda işləyirəm, qarderobşik qədər hörmətim yoxdur. Adam yerinə saymırlar məni, it dəftərində adım yoxdur. Bir bilet nədir ki, onu da mənə çox kördülər.

Onlar dəhlizlə kedirdilər, Eldar qabaqlarına çıxdı, Feyzullanın Məcidlə danışdığını görüb üzünü yana çevirdi. Bu Hərəkəti Məcidin nəzərindən qaçmadı. Məcidin gözlərində cinlər oynadı, bic-bic gülümsündü.

-Kefini pozma, Kəbirlinski,-dedi, ondan aralanıb uzaqlaşdı.

Feyzulla rolunu yazdırdı, bufetdə bulkayla kefir içdi, binadan çıxırdı ki, daldan səs eşitdi, dönüb baxdı.

Məcid ikinci mərtəbənin pəncərəsindən boylanıb onu haraylayırdı.

- Kəbirlinski, bir bura zəhmət çək.

Feyzulla geri döndü. Məcid pillələrdə onun qabağına çıxdı.

-Bayaqkı sözlərin yaman mənə yer elədi, Kəbirlinski, - dedi, - gedib mestkomla danışdım. Sənə ikiadamlıq dəvətnamə aldım. Amma sizin teatra yox, Akademiyaya. Özü də sabaha yox, bu günə. Sabah, bilirəm tamaşadı, məşğulsan. Bu gün vur arvadı da qoltuğuna gəl Akademiyaya - yaxşı yığıncaq var orda. Bax, görürsən, burda da yazılıb Dantenin yubileyidir. Dante məşhur italyan şairidir, 700 il bundan qabaq yaşayıb. Bax, adıvı da yazdırmışam.

Feyzulla dəvətnaməni alıb baxdı. Doğrudan da dəvətnamədə «ikiadamlıq» sözləri və onun adı, familiyası yazılmışdı:

«Hörmətli yoldaş Feyzulla Kəbirlinski! Sizi böyük italyan şairi Dante Alikyerinin anadan olmasının 700 illiyinə həsr olunmuş təntənəli yığıncağa dəvət edirik.

I - hissə Dantenin həyat və yaradıcılığı haqqında məruzə.

II - hissə Böyük konsert».

Kecənin tarixi də əllə yazılmışdı - mayın 11-i, yəni bu gün.

Məcid:

-Səliqəli geyin ha, Feyzulla, - dedi, - üst-başıva fikir ver, hökumət-zad olacaq. Feyzulla dili-dodağı əsə-əsə:

-Çox sağ ol, bala, - dedi, - çox sağ ol, - ayrı söz deyə bilmədi. Qəhərlənmişdi.

Evinin pilləkənlərini quş kimi çıxdı. Amma içəri girəndə özünü tox tutdu, təmkinlə danışdı:

-Arvad, hazırlaş, - dedi. - Bu axşam Dantenin yubileyinə gedirik.

-Hara?

-Dantenin yubileyinə. Heç bilirsən Dante kimdir? Vöyük İtaliya şairidir. Özü də yeddi yüz il bundan əvvəl yaşayıb.

Həcər:

-Bıy, mənim orda nə işim var? - dedi.

-Bəs demirdin məni teatra, konsertə apar. Teatr, konsert bunun yanında nədir ki? Yubiley bilirsən nə olan şeydir? Təntənə, bayram. Doklad da olacaq, konsert də. Hələm-mələm adama bilet vermirlər.

-Bəs sənə nə əcəb veriblər, gün hayandan çıxıb.

-Bizə də bir gün düşər də. Altmış ildir külüng çalıram, saç-saqqal ağartmışam. Özü də adımı da yazıblar e... Məxsusidir. Di yaxşı, hazırlaş, mənim də qara kostyumumu ütlə.

Feyzulla arvadıyla nə isə təzə bir tonda, yeni bir intonasiya ilə, göstəriş, əmr ədasında danışırdı və qəribədir ki, arvad da bu tonu etirazsız qəbul edir, ərinin dediklərinə əməl edirdi. Qara kostyumu sandıqdan çıxartdı, çırpdı, üstünə su səpdi, səliqəylə ütülədi, şalvarın bükümü taxta kimi dümdüz oldu. Yaş əskiylə Feyzullanın qara çəkmələrini də sildi, parlatdı.

Yeddiyə hazır oldular. Həcər arad vaxt tapıb bir Anaxanımgilə də baş çəkdi, təzə xəbərdən agah elədi onu, dedi ki, İtaliyadan şair gəlib, biz də onun gecəsinə gedirik, Bakıda say-seçmə adamları çağırıblar. Feyzullaya məxsusi dəvətnamə göndəriblər.

Bu bahar axşamı Bakının küçələri adamla dolu idi. Cavan oğlanlar, qızlar qol-qola gəzirdilər. Feyzulla da Həcərin qoluna girmişdi. Həcər qara gülməxmər paltarını geymiş, çiyninə ağ ipək örpəyini salmşpdı. Ayağında dikdaban qara lak çəkmə vardı.

Neçə illərdən bəri ilk dəfə idi ki, belə qol-qola küçəyə çıxmışdılar, neçə illərdən bəri ilk dəfə idi ki, deyişmir, dalaşmırdılar, Həcər də deyinmirdi, gülümsünürdü.

Feyzulla:

-Belə görünür, bizim teatrdan bircə mənə veriblər, - deyirdi. - Uşaqlardan heç biri bir şey demədi. Alsaydılar, o saat deyərdilər.

Səkkizə beş dəqiqə qalmış Akademiyanın qabağına çatdılar. Qapını itələyib içəri girdilər. Qəribədir ki, qaranlıq idi, adam da gözə dəymirdi. Geniş mərmər pilləkənlərə tərəf addımladılar, birdən səs eşidib dayandılar. Kimsə boğuq bir saslə oxuyurdu, səsi binanı başına almışdı:

-Ermani, ay ermani,

Paytona mindir mani.

Feyzulla baxıb oxuyanı gördü. Qarovulçuydu. Qarovulçu da onları gördü. Oxumağına ara verib onlara yanaşdı:

-Kimi istəyirsiz, ara? - dedi.

Feyzulla bayaqdan bəri ovcunda hazır tutduğu dəvətnaməni təmkinlə qarovulçuya uzatdı.

Qarovulçu dəvətnaməyə etina etmədən:

-Bu nadir? - dedi.

Feyzulla:

-Yubiley də, - dedi, qarovulçunun gözünü döydüyünü görüb əlavə etdi, - bəs yubiley burda deyil? Dantenin yubileyi... Qarovulçu patron kimi açıldı:

-Ha da, gündə birinin yubileyidir. Bir gün Davıdovun, sabah Mamedovun, onunçün dükanda spiçka tapılmır da... dünən əldən almışam. Beş korobka... on beş kopeyka.

Feyzulla və Həcər maddım-maddım qarovulçuya baxırdılar. Qarovulçu doyunca deyinib ürəyini boşaltdı. Sonra onlara tərəf döndü:

-Yox, qardaş, - dedi. - Bu gün burda yubiley-zad yoxdur. Səhv elmisiz. Yəqin ayrı gündür.

Feyzulla:

-Axı burda mayın 11-i yazılıb, - dedi.

Qarovulçu özündən çıxdı.

-Kişi, nə istəyirsən, nə qaribə adamsan, dedim yoxdur, vassalam. Burda heç kəs yoxdur, hamı gedib evinə, iş qurtarıb. Siz də çıxın gedin evinizə.

Pilləkənlərdən addım səsi eşidildi. Yuxarıdan eynəkln bnr oğlan düşürdü.

-Nədir, Aristakes dayı, - deyə qarovulçuya müraciət etdi. Aristakes əyilib alnminium çaynikdən bankasına çay tökür, zumzümə edirdi. Başını qaldırıb:

-Nə bilim, deyir yubileyə gəlmişik, deyirəm burda yubiley-zad yoxdur, elə manimla spor eləyir.

Cavan oğlan Feyzullagilə yaxınlaşıb salam verdi, dəvətnaməni alıb baxdı, güldü:

-Əmi, kimsə sizinlə zarafat edib, - dedi, - bu yubiley bir həftə bundan qabaq oldu.

Feyzulla:

-Axı..., -dedi və udqundu, - burda yazıblar 11 may.

Oğlan:

-Kimsə əlnən yalandan yazıb. Kimsə zarafat eləyib, - dedi və xudahafizləşib getdi.

Ermani, ay ermani.

Paytona mindir mani.

Qarovulçu yenə bir ağız oxudu, səsi boş binada hamamdakı kimi yayıldı.

Feyzullayla Həcər küçəyə çıxdılar. Feyzulla gözünü qaldırıb Həcərə baxa bilmirdi. Bilirdi ki, Həcər bu saat açılacaq: yerə soxum sənin fərsiz boyunu, mən də deyirəm axı... Kimdir səni adam yerinə qoyan?

Amma Həcər də dinmirdi. Beləcə lal-dinməz addımlayaraq metro stansiyasına çatdılar.

Həcər:

-Metro, - dedi.

Feyzulla boğuq səslə:

-Hə, - dedi.

Çırtma vursaydılar ona, qan damardı. Həcər Feyzullanın çoxdan yadırğadığı yumşaq və həlim səslə:

-Gəlsənə metroya gedək, gəzək, ay Feyzulla, - dedi.

Feyzulla:

-İstəyirsən gedək, - dedi, sonra xəbər aldı, - heç metroya minmisən?

Həcər ani sükutdan sonra:

-Yox, - dedi, - hələ minməmişəm.

Təbəssümə bənzər bir şey Feyzullanın dodaqlarına qondu.

-Bah, onda kef çəkəcəksən, - dedi, - bir özgə aləmdir. Beş qəpikləri yarığa atdı.

-Keç.

Həcər keçdi.

Feyzulla:

-Beş qəpik atmasaydım keçə bilməzdin, - dedi, - o saat adamın qıçından vurur.

-Sən nə danışırsan.


-Bəli, bəli, görürsən, bu da yeriyən pilləkən.

Həcər:

-Bıy, ay Feyzulla, bu nə qiyamət şeydir, - dedi.

Feyzulla arvadının təəccübündən daha da həvəslənir, təcrübəli bələdçi kimi metronun müxtəlif möcüzələrini Həcərə göstərir, daıışır, izahat verirdi.

Həcər də elə hər şeyə təəccüblənir, hər şeydən zövq alır, elə hey için çəkirdi.

Sabah yəqin ki, Həcər yenə deyinəcək, söylənəcək, Feyzullanın gününü göy əskiyə düyəcəkdi. Amma bu gün onun könlünü qırmaq istəmirdi. İstəmirdi Feyzulla bilsin ki, düz iki aydır - metro açılandan bəri Həcər hər səhər həmin bu qatarlarla bazara gedib gəlir.

1968

Jalə
04-16-2009, 10:22 AM
Mən, Sən, O və telefon

Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi...
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.

Vaqif Vəkilov (səmədoğlu)

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: paoportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.

Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.

İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir. Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsafədir - kilometrdir, millər, parseqlər. Mən bu məsafənin beşdə dördünü keçə bilərəm - dörd rəqəmi yığa bilərəm, amma heç vədə son rəqəmi - beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır - açarını itirmişəm.

Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur?

Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi.

İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.

Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.

Firuz tostunu davam etdirirdi:

- Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı - bizim xanımlar. hələ evdə də bir çətən külfətimiz var - oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı - hamı gülüşdü. - Bu gün də biz Rasimi itiririk. Heyf ondan. Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səadət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik. İndi bu badələri mən axırıncı ikidin saqlığına - bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.

Hamı mənə baxırdı, külüşlərin və badələrin cingiltisi arasından tanış üzləri görürdüm - dostlarımın üzlərini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifadə vardı.

Qonaqlar dağılışanda biz hamımız - Firuz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhərii gecəli küçələriylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:

- Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?

- Uzaq gələcəkdə.

- Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? - O, şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. - Elə bilirsən ki, ailə həyatı cəhənnəmdir.

Firuz:

- Özünə layiq qız tapa bilmir, - dedi.

- Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?

— Mütləq, - dedim, - ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.

— Kamal:

-Gözümün işığı, - dedi, - gecənin bu vaxtında sənə hardan qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu vaxtında küçələri gəzən qızı almazsan yəqin.

- Bəli, - dedim, - tamamilə doğru buyurursunuz. Odur ki, bu söhbəti xətm edək.

- Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq. Budur, bax, avtomat da var.

- Gözəl fikirdir, - dedim, - amma iki qəpikliyim yoxdur. Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.

- Nömrəni deyin. Firuz:

- Əşi, ağlına gələn nömrəni çək, - dedi. - Məsələn... - birdən o, sözünü yarımçıq qoydu. - Yox, qardaş, keçəl suya getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan mənim xirtdəyimdən.

- Qorxaq, - dedim, - məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boynuna götürmür. Kamal, bəlkə sən deyəsən.

- Mənim bir təklifim var, - deyə Firuzun arvadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, - heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.

Firuz:

- Əla, - dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. - İki. Mən iki çəkdim. Firuzun arvadı:

— Doqquz, - dedi.

— Kamal:

- Sıfır, - dedi və arvadına baxdı, - sən de.

— Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd.

— Murad:

- Beş, - dedi.

Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.

- Nişanlım yatıb, dedim. hamı gülüşdü. Mən dəstəyi asdım.

Yolumuza davam etdik, yavaş-yavaş dağılışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim. Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng buylara baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü. Gecə saat iki idi. Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.

Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə - azacıq yorğun, azacıq da təəccüblü.

- Bəli.

- Salam.

- Salam. Kimdir?

- Mənəm. Gəlin tanış olaq.

Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.

- Axı tanışlıq üçün vaxt bir az gecdir.

- Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən bu saat ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.

- Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?

- Yox. Bəs siz ərdəsiniz?

O güldü.

- Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?

- Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.

- Bəs mənim nömrəmi hardan tapdınız?

- Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam.

- Əcəbdir.

- Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.

- Olur, eybi yoxdur.

- Sizinlə görüşə bilərik?

- Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq.

İndi gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub gedəcək. Görərsiz.

- Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.

- Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.

- Doğrudan?

- Doğrudan. Gecəniz xeyrə qalsın.

- Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.

Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm. Mənim də kimimsə var.

Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimizlə möhkəm toqquşdum. O həm də mənim elmi rəhbərim idi.

Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun. Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona görə də...

- Ona görə də, - dedim, - sənin bu siyasətçiliyin lap məni boğaza yığıb.

- Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. Gedək bizə çay içməyə... Firuzun arvadı:

- Bilirsən, - deyirdi, - heç birimiz onu öyrətməmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta.

O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.

- Doğrudan, - dedi, - qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz - böyüklər də onların düzəltdiyi sözlərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..

Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci - yadıma sala bilmirdim ki, bilmirdim.

- Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?

- Hansı axşam? Nə rəqəm?

İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana - qapıdan çıxanda Səmayə dedi:

- Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun nömrəsidir.

- Allo. Salam. Mənəm.

- Salam. Kimdir?

- Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim. Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.

- Onda səsiniz başqa idi, - dedi və istehzayla əlavə etdi, - ya bəlkə bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin başqa dostu təklikdən şikayət edir. Məşğulətçin telefon macəralarına qurşanmısız.

O, sərt və kəskin danışmağı bacarırdı.

- And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?

- Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, - o, arxayınlıqla güldü. - Deməli, bu gün ayıqsınız.

- Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.

- Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxırdım. Radiom xarab olub.

- Siz həmişə belə kec yatırsınız?

- Hə, mən kecə yarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.

Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.

- Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir bu keçə vaxtı piano çalan?

- Aa, - o güldü. - Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu qammalar məni lap cəzana yetirib. Radiom işləyəndə heç olmasa eşitmirəm onun çalmasını.

- Radioyla nəyə qulaq asırsınız ki?

- Efir evimin içi kimidir. Bax burda həmişə kecə konserti var - elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını görürdüm - burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda da anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də şənlənirəm. Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərinn də eşidirəm. Radio qəribə şeydir. Elə bil bütün dünya mənim otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar, təyyarələr...

- Təyyarələr niyə?

- Qulaq asın, - dedi. Başa düşdüm ki, susub dinləyir, Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi? Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?

- Radioyla təyyarələr qohumdurlar, eləmi? - deyə qəfilcəyə soruşdu.

-Hardan qohumdurlar ki?

- Səmadan, - dedi və yenə susdu. İndi dəstəkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.

- Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.

Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç niyə: mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım. İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən. Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.

Birdən özümə gəldim. Tələsik onunla xudafizləşib dəstəyi asdım.

Evimə tərəf addımlaya-addımlaya düşünürdüm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar. Mən onun haqqında nə bilirdim? heç nə. Bircə onu bilirdim ki, kecələr o, radio dinləməyi sevir, qonşusu isə pianoda qamma çalır.

Bu hekayənin iştirakçılarından biri - telefondur. Mən telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdirimizin otağında - masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər hərəkətdən diksinirdi. Yəqin ona elə gəlirdi ki, bu mina - telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın qaçıb...

Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüssüzlüyün rəmzi idi - sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən. Bu tipli telefonların müqabilində telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə cavab verə bilmirlər. Zəng elə ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar - cəzasızlığın, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gəmi üzərindəki üstünlüyünə oxşayırdı.

Bilsəniz evimdə telefon olmamasına nə qədər hayıfsılanırdım. Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.

Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı. Bu söhbətlərə alışmışdım - onun bir az yorğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara. Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır. Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmirdim.

Bir dəfə soruşdum:

- Neçə yaşındasınız?

- Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, - dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyətindən. Mən də inad edib soruşmurdum. O özü də bu barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm. Bircə adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı Mədinə deyildi, başqa idi.

- Axı biz haçan görüşəcəyik?

- Neylirsiz görüşməyi? - dedi. - Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın. O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?

- Yox. Ərizə vermişəm, gedirəm ordan.

- Hara?

- Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?

O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.

Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin - Rasimlə Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların iştirakıyla çox yaraşıqlı düzəltmişdilər. Mən hamıdan kec gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, işığı adama daha xoş gəlirdi.

Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il tarixi il olacaq - Seymur evlənəcək. Biz bir qədəh də içdik və Firuz məni kənara çəkdi. O, axşamdan içmişdi, lap dəm idi və qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. Özü də ancaq mənə deyirdi.

- İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq gözlə baxasan. Bilirəm ürəyində mənə gülürsən, bəlkə də nifrət edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan - o par-par parıldayan təzə mebelini göstərdi, - ya da Səmayənin şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. Amma… - o, pauza verdi, - amma gərək adamın ağlı başında olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə ketməyəsən.

- Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm.

O, əlini yellədi:

- Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?

- Qəzetdə, - dedim. - Dünəndən əmrim verilib.

- Özün bilən yaxşıdır, amma məndən soruşsan nahaq getdin.

O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim radionun son mahnılarından. biri idi. Birdən mənim yadıma qammalar, sonra nsə radio düşdü.

- Tost demək istəyirəm, - dedim.

Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-zad deyən deyiləm.

- Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? Məsələn, növbətçilər, yol baxıcıları.

- Kim, kim? - deyə ordan-burdan səsləndilər.

- Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından kecə vaxtı, qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.

Rasim:

- Dinməyin, deyəsən aşnamız dəmdir, - Hamı bərkdən gülüşdü. Firuz tez mənə baxdı və ayağa durdu:

- Dayanın, dayanın, - dedi. - Deyəsən xətrinə dəydi. Xahiş edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının sağlığına, eləmi Seymur?

Hamı qədəhləri qaldırdı.

- Yox, - dedim, - mən yol baxıcılarının sağlığına demək istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən inciməyin.

- Pah atonnan. Yaxşı, de gəlsin...

- Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün radiostansnyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu dünyayla birlikdə o necə təkdir...

Mən bir qurtuma qədəhi başıma çəkdim.

Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey demədi. Bir azdan sonra isə başqa şeylərdən danışmağa başladılar.

Mən dəhlizə çıxdım, nömrəni yığdım və dinləməyə başladım. Dəstək susurdu. «Bu da sənin yol gözətçin - deyə düşündüm. - Nahaq sən onun dərdini çəkirsən. O da yəqin hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?»

Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, yenə hay vermədi. Bir saat da keçdi, yenə zənk elədim. Hansı vaxtla yeni il idi bilmirəm, bəlkə Qrinviç vaxtıyla.

Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng eləyəndə cavab çıxdı.

- Sizi Atlantik yeni iliylə təbrik edirəm, - dedim. Yəqii ki, nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim.

- Sizsiz? İndicə girmişəm qapıdan.

- Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam.

- Rəfiqəmgildəydim.

- Dəxli yoxdur, - dedim, -yeni ildə mən sizə vacib bir şey demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm.

- Belə de. - O güldü. - Əcəb şad xəbərdir. Yeni il pis başlamır.

- Siz mənim əzizim, gözümün işığısınız, bilmirəm hansı sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir-birimizi görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz yaşaya bilmərəm.

- Daha doğrusu, mənim telefonumsuz, - dedi. - Bilirəm, bu sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.

İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi - həyatın xromotik qamması - ağ və qara pərdələrin - gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin ardıcıllığı...

- Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, görüşməyək. Bu məhəbbətin ən gözəl formasıdır, bir-birimizə telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir.

- Birtərəfli əlaqədir, - dedi, - o, mənada ki, mənə zəng edə bilirsiz, amma mən sizə yox.

- Bəli, ona görə də mən sizi görməliyəm. Ünvanınızı deyin bu saatca gəlim ora.

- Xahiş edirəm sizdən, dedi və səsində ağrı duydum.

Xahiş edirəm bu sevinci məndən almayın. Belə təklifi mənə çoxları edir. Siz də etsəz, sizinlə də salam-kalamım kəsiləcək, - susdu, sonra əlavə etdi, - amma sizə mən çox isnişmişəm. Siz ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm.

Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim. Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı - işçilərin familiyaları və telefon nemrələri. Mən gözucu bu siyahıya nəzər saldım və birdən diksindim - elə bil tanımadığım adamlar içində tanış bir sifət görmüşdüm.

- Vəlizadə kimdir? - deyə xəbər aldım.

- Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki?

Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri - tuk-tuk-tuk, - pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin nömrəsi otuz beşdir.

Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, makinasında mənim verdiyim böyük materialı yazarkən heç ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha doğrusu, necə deyim, mən - mənəm.

Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən zəng vururdum və telefon susurdu. «Zərər yoxdur, həmişəki vaxt zəng edərəm, qoy sürpriz olsun».

Gecə ona zəng vurdum.

- Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim.

- Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işim vardı, onlarda işləyirdim.

Gülüşümü güclə boğaraq:

- Nə işdi ki? - deyə soruşdum.

- Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır.

- Təzə müdir?

- Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib.

- Yox əşi, - mən yenə də gülməkdən özümü küclə saxlayırdım, Hə, necədir təzə şöbə müdiriniz?

- Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda...

Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma gəlmirdi.

- Niyə xoşunuza gəlməyib ki?

- Əşi, heç, birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də yaxşı adamdır. hər halda özünü belə tox tutur. Hündür, göyçək oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən... Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə danışır: sabaha çap eləyin.

İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı. Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı onsuz da bilirdim.

- Bəs sizin işiniz nə oldu? - deyə soruşdu. - Təzə işə düzəldiniz?

Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı və belə cavab verdim:

- Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım.

Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, amma xüsusi bir şeylə ayrılarından fərqlənmirdi. Adi bir sifət... Bəlkə hətta ona gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik idi bu. Bütün bunlar dünən idi.

Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun məna yad olan zahiri görünüşüylə bu qədər yaxın, doğma məhrəm səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq axtarırdım.

Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox maraqlanırdım görüm o bu dəyişikliyi duyurmu?

Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını.

- Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən demə belə mehriban, belə həssas adammış ki...

- İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.

- Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. Bu gün baxdım - «görəsən haçan baxıb ki, mən sezməmişəm», - deyə düşündüm. - Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.

- Qısqanıram sizi ha, - dedim.

Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da bilirdim. O isə hər şeydən bixəbər idi.

Artıq mən heç bir şey edə bilməzdim. hadisələr mənim nəzarətimdən, ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın məktub kimi.

Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, ifadə, düşüncə tərzini dəyişdirəydin. Telefonda bir adam olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz psixologiyası.

İşdə mən tamam başqa adam idim. Xeyirxah, amma arada pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə mənim barəmdə danışırdı, hər hərəkətimi, hər addımımı, üzümün hər ifadəsini təhlil edirdi. Çox vaxt söhbəti mən özüm salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz açmağıma heç ehtiyac qalmır. O özü hvvəslə Seymur müəllimdən danışır. Rüstəmlə uzun-uzadı telefon söhbətləri zamanı danışır. Amma Seymurla heç vaxt Rüstəm barəsində danışmırdı. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç kəsin təsəvvürü yox idi. Mən bilmirdim sevinim buna, ya kədərlənim. Bəzən mənə elə kəlirdi ki, onun bu barədə heç kəslə danışmamasına səbəb tam bir laqeydliyi, biganəliyidir. Bəzən də əksinə düşünürdüm. Düşünürdüm ki, o bunu ən titrək, ən əziz, ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq istəmir. Qəribə şey idi - elə bil duyğularım qatmaqarışıq düşmüşdü. Təsəvvür edin, Seymur kimi mən onu telefon həyatına qısqanırdım. Gecə telefon söhbətlərində isə məni - Rüstəmi onun Seymur haqqında uzun-uzadı söhbətləri əsəbiləşdirirdi.

Bir dəfə ona:

- Gəlin, - dedim, - bir-birimizə «sən» deyək. Axı çoxdan tanışıq.

- Yaxşı, gəl, - deyə telefondan cavab eşitdim.

- Sağ ol, gecən xeyrə qalsın, - dedim və uşaq kimi sevindim ki, indi Mədinə mənimlə «sən» deyə, onunla isə «Siz deyə danışır.

Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haqqında, özümün ikinci «Məni» haqqında özgə bir şəxs kimi düşünürəm.

- Mənə elə gəlir ki, sən bir balaca ondan gəsirsən?

- Nə bilirsən? - deyə işvəylə cavab verdi, - bəlkə o məndən bir balaca kəsir.

Mən hirslə dəstəyi asdım. Üç gün ona zəng eləmədim.

İşdə isə o gün həvəslə mırt vururduq. İdarənin köhnə işçilərindən biri mənə yanaşdı:

- Əbəs yerə özünü yorma, - dedi və gülümsündü, hələ heç kəs bizim bu balaca xanımın qəlbini fəth eləyə bilməyib.

Hər üçümüz güldük, Mədinə gedəndən sonra müsahibim dedi:

- Rahibə kimi bir şeydir. Heç kəs onun ürəyinə yol tapa bilmir. Vəfalı arvad imiş. Əri neçə il bundan qabaq həlak olub.

Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub.

O gün işdən gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki, Mədinə makinada nə isə yazır. Onun uzun nazik barmaqları vardı və o, makinada yazanda adama elə gəlirdi ki, pianoda çalır.

Gecə ona zəng elədim.

- Salam.

- Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün niyə dəstəyi çırpdın? Sənin açığına bu gün Seymur məni evə ötürdü.

- Necə? - deyə mən təəccüblə soruşdum və təəccübümün səmimiyyətinə inana bilərsiniz.

- Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünki mərifətli adamdır.

«Daha doğrusu, mərifətsiz, gicin biridir» - deyə düşündüm. Kül ağlıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə gəlmədi ki, ötürüm».

Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki, onu ötürmək istəsəm, Yox deməz, hətta bəlkə ona xoş gələr. Bəlkə də acıqla deyirdi, telefonu çırpdığım üçün məni - Rüstəmi hirsləndirmak üçün deyirdi. - Deməli, o mənə - telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə biləsən? Bunu bir vaxt bilə biləcəyəmmi? Gümanlar, fərziyyələr nçində çaşıb qalmışdım. Amma bircə şeyi dəqiq dərk etmişdim və odur ki, gələn səfər o işdən gec çıxanda nə etmək lazım olduğunu bilirdim.

Biz gediş-gəlişi azalmış adamları seyrəlmiş küçələrlə keçirdik və mən ondan soruşdum:

- Bəs işiniz olmayanda axşamlar neyləyirsiz?

- Evdə otururam, - dedi.

- Elə tək-tənha oturursunuz evdə?

- Bəli, nədir ki?.. Oxuyuram, radioya qulaq asıram.

Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı? Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona minnətdar idim.

- Bu da mənim pəncərəm, - deyə üçüncü mərtəbəni göstərdi.

- Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm.

- Yox, - dedi.

Amma mən geri çəkilmək istəmirdim,

- Bəlkə məni evinizə dəvət edəsiz?

- Məmnuniyyətlə. Amma indi gecdir, - o, saatına baxdı və mən hiss elədim ki, əsəbiləşir.

- Gecdir? Siz belə tezdən yatırsınız?

- Yox, amma... - o, narahat idi, söz tapa bilmirdi.

- Yaxşı, indi ki, mənə bir stəkan çay vermək istəmirsiniz, gəlin bir az da gəzişək, hava alaq.

O dinmədi. Biz bir neçə dəfə onların evlərinin başına hərləndik. Mən yaman getmək istəyirdim onun evinə. Telefon söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işıq mənzili, radionu, yumşaq kürsünü görmək istəyirdim. Bəlkə də o gün məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdim.

Ancaq dəhliz qapısının qarşısında ayrılarkən o, əlini tələsik mənə uzatdı.

- Yaxşı, hələlik Seymur müəllim. Çox sağ olun. Gecəniz xeyrə qalsın.

Gülümsündü, cəld çevrilib qaçdı.

Mən onun addım səslərini dinləyirdim və birdən hər şeyi başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez saata baxırdı. O, telefon zənginə gecikməkdən qorxurdu. Mənim zəngimə.

Bir neçə gündən sonra bizim məsul katib istehsalat müşavirəsində axmaq bir çıxış elədi. Mən söz aldım və onu birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim yazığım gəldi bu kişiyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində.

Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla ona görə ki, tamamilə haqlı deyildim, ikincisi ona görə ki, Firuzun məsləhətlərini xatırladım, üçüncüsü də ona görə ki, bu işdən də getmək istəmirdim. Axı Mədinə burda işləyirdi. Nə isə məsul katibin otağına getdim, üzrxahlıq elədim.

Gecə Mədinəyə zəng eləyəndə bilirdim nədən danışacaq.

- Bilirsən, Rüstəm, - onun səsində bir canlanma, həvəs vardı, - bizim Seymur bilirsən neçə mərd adamdır. Bu gün mən olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından çıxanı deyib. Bilirsən, hamı bundan danışır. Axı hələ indiyə kimi onun bir sözünü iki eləyən olmayıb. Özü də bu qədər adamın içində kişini biabır eləyəsən.

- Bilirəm, - dedim, - bu tipdə adamları mən yaxşı tanıyıram. İclaslarda alovlu nntqlər deyirlər, adamların içində basıb - kəsirlər, amma sonra təklikdə kedib üzr istəyirlər. Yəqin sənin Seymurun da iclasdan çıxıb gedib o kişinin yanına, şahidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarmağa.

O, kədərli səslə:

- Axı belə niyə danışırsan? - dedi. - Niyə sən onu sevmirsən?

- Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.

- Çox gözəl. Hamımız bir-birimizi sevək də.

- Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən görüşürsən, üzbəüz danışırsan, kinoya gedirsən.

- Kinoya? Nə bilirsən ki, onunla kinoya gedirəm.

- Niyə də getməyəsən?

O güldü. Görünür bu fikir ona xoş idi.

- Mənimlə isə ancaq telefonla əlaqə saxlayırsan.

- Axı biz səninlə danışmışdıq.

- Sən mənim haqqımda ona bir şey demisən?

- Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir kəlmə də deməyəcəyəm. Mənimçün bu, necə deyim, - o bir an susdu, söz axtardı, - müqəddəs bir şeydir.

Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı pilotlar haqqında idi və Mədinə qəhərlənmişdi. Bəlkə buna görə onda qəlbini boşaltmaq ehtiyacı vardı və biz bulvarla evə qayıdarkən o mənə həlak olmuş ərindən danışırdı. Deyirdi ki, bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış olduq. O pilot idi, mən adicə sərnişin. Sonra mən stüardessa işləməyə başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan - Moskvaya, Moskvadan - Bakıya uçurduq və təyyarədə xəlvət guşə tapıb öpüşürdük. Sonra boynuma uşaq düşdü, məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm.

Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındakı məsafədir. Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə - yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı məsafə.

Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su atdı. Yəqin aviasiya tarixində ilk dəfə idi ki, müasir hava laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar. Sonra o, göyə qalxdı. Sonra yağış yağdı.

Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki, o bu səsi hamıdan qabaq eşidir. Biz göydə hərəkət edən rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi:

- Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə qəbiristanlığa gedir, mən də göyə baxıram.

Sonra Mədinə mənə danışdı ki, bəzən axşamlar aerodroma gedir, elə belə bir kənarda dayanır, düşən, qalxan təyyarələrə tamaşa edir. Sonra dedi ki, uşaq da ölü doğuldu, ərinin bu yadigarı da qalmadı.

Mən əlimi onun üzünə çəkib yanaqlarındakı göz yaşlarını sildim, sonra dəli kimi onu öpməyə başladım.

O:

- Yox, yox, yox, lazım deyil, - deyirdi və mən hiss edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir.

Mən onu ötürdüm və dərhal zəng elədim.

Səsi həyəcanlı və hətta bir qədər şən idi və mənim bütün romantiklərə - havada, yerdə, dənizdə həlak olmuş bütün biçarələrə yazığım gəldi.

- Bilirsən, - dedim. - İndi işdə də onunla «sən» deyə danışırdıq, - dünən biz ayrılan kimi sənə zəng elədim, telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın belə?

Mən heç gözləməzdim. Onun rəngi qaçdı, sifəti gərginləşdi. Amma tez özünü ələ aldı və dedi:

- Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım...

- Dünən səni yuxumda görmüşəm.

- Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda neçə görmək olar?

- Səsini görmüşdüm yuxuda. Bir də «Nerinqa» radionu.

- «Nerinqa»nı yenə təsəvvür edə bilərəm, amma səsimi necə görmüsən, heç ağlıma sığışdıra bilmirəm. Səncə, mən necəyəm? heç məni təsəvvür edə bilirsənmi?

- Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı - mən onun əsil görkəminə uyğun olmayan şeyləri deyirdim.

- Afərin sənə, - dedi. - Lap düz təsəvvür edirsən. İndi mən hər gecə sənin yuxuna girəcəyəm.

- Yəqin sən tək mənim yuxuma girmirsən...

- Yenə başladın?

- Yox, bilirsən, deyirlər Məhin Banu hər gecə yüz kişinin yuxusuna girirmiş. Sənin tiracın neçədir?

- Mən bircə nüsxəyəm və ancaq sənin yuxuna girirəm. Sən mənim gözümün işığısan.

- Hədsiz dərəcədə minnətdaram.

- Bura bax, gözümün işığı, bir məsələni səninlə məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən çıxma, hay-küy salma, telefonu da atma.

Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü təəccüblənirdim ki, niyə bu barədə danışmır.

- Qulaq as. Amma əvvəl yanına gətir validol qoy.

- Yaxşı, ürəyimi çəkmə.

- Yaxşı. Üç gün bundan qabaq Seymur mənə təklif elədi ki, ona ərə gedim. Ürəyin getmədi ki?

- Yox, - dedim. - Nə cavab verdin ona?

- Hələ heç bir cavab verməmişəm. Səninlə məsləhətləşmək istəyirəm. Axı sən mənim ən yaxşı, ən əziz dostumsan. Ən əziz adamımsan.

«Qadın psixologiyası qəribədir. Başqasına aşiq olan kimi sən ən yaxşı dost, ən yaxın adam olursan».

- Lazım deyil - dedim və ən qəribəsi bu idi ki, mən səmimi deyirdim. - heç kəsə getmə. Ya da mənə gəl. Mən səni sevirəm. Ay allah, kaş telefonla evlənmək olaydı.

O qəhqəhə çəkdi. Bir qədər əsəbi və süni gülürdü.

- Ağıllı oğlan ol. Axı sən hələ lap balaca uşaqsan.

- Mən? Nə bilirsən, sən ki, məni görməmisən.

- Mən hiss edirəm. Hər şeydən hiss edirəm, sənin səsindən, xasiyyətindən, mənə əlaqəndən. Yalvarıram sənə, həmişə belə qal, böyüməyə tələsmə.

- Nə bilirsən, bəlkə mən sənin Seymurundan böyüyəm.

- Yox, yox əzizim. Qadın hissləri heç vaxt aldatmır. Bu lap məzhəkəyə oxşayırdı, amma mənim gülməyə həvəsim yox idi. Nə isə doğrudan da ağrı, kədər, intizar duyurdum.

- Lazım deyil, Mədinə, - deyirdim. - Bəs mən nə edəcəm? Axı ərin icazə verməyəcək ki, gecə sənə zəng vurum.

- Fikirləşib bir şey taparıq. Axı telefon əlaqəsi xəyanət deyil, günah deyil. O vaxta sənin də evində telefon olacaq, mən özüm sənə zəng eləyəcəm.

Axı ona necə başa salaydım ki, bu heç bir vaxt mümkün olmayacaq.

- Məni başa düş, - deyirdi, səsi ciddi və kədərli idi, - bax, - siz kişilər hərdən təklikdən, tənhalıqdan şikayətlənirsiz. Mənim lap gülməyim tutur, çünki siz əsil təkliyin nə demək olduğunu heç vaxt başa düşə bilməzsiniz. Elə təklik ki, onu yalnız qadın başa düşə bilir. Gecə ayılırsan, divarlar üstünə gəlir... nə isə, qəmli şeylərdən danışmayaq. Sən nə desən, onu edəcəm. İstəyirsən yox deyim.

Mən ona nə deyə bilərdim? O susdu, sonra mən təyyarə uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır. Heç bir vaxt bizim heç birimiz - nə mən - Rüstəm, nə də mən - Seymur onun həlak olmuş ərinin yerini tuta bilməyəcəyik.

O axşam işdən sonra ilk dəfə məni evinə dəvət etdi. Mən dəhlizi və mərtəbəni bilirdim, amma mənzil qapısını tanımırdım. Qaranlıqda başqa qapını döydüm. Açan olmadı. Kibrit çəkdim və qapının üstündə not vərəqində yazılmış «Açar qonşudadır» sözlərini oxudum. Not kağızını görən kimi qammalar yadıma düşdü və bildim ki, qapını çaşdırmışam. Çönüb qarşıdakı qapını döydüm.

«Nerinqa» radiosu, yumşaq kürsü, torşer - hər şey eynilə mən təsəvvür elədiyim kimiydi.

- Bu saat, Seymur, sənə əntiqə musiqi tutacam, - dedi. - Sən qulaq as, mən də çay qoyum.

Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss edirdim ki, ona qadınlığı xoş və çətin bir ağrıyla qayıdır. Divar dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdən o mənim əllərimin arasından çıxdı və nəyəsə qulaq asmağa başladı. Mən də dinləyirdim. Bilirdim ki, bir neçə saniyədən sonra mən də bu uğultunu - təyyarə uğultusunu eşidəcəyəm. Amma heç bir töyyarə - filan yox idi. Birdən başa düşdüm ki, Mədinə nəyə qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu vaxtlar o zəng edərdi.

- O, - yəni mən.

Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng eləməyəcək, amma bir an mən də şübhələndim, mən də gözlədim və mən də möcüzə arzuladım - istədim, telefon səslənsin.

Telefon susmuşdu.

1967

Qaynaq: Xəzər

Jalə
04-16-2009, 10:25 AM
Qırmızı limuzin

Yeddi təpəli şəhrimdə
İtirdim qönçə gülümü
Nə də düşünmək ölümü
Nə ölümdən qorxmaq ayıb.
Nazim Hikmət

O, qəfilcən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçəni sanki ilk dəfə görürdü. Bir ya ikimərtəbəli evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. O, ya sanki çox uzaqlarda qalmış xəyal kimi, ilğım kimi, süzülüb nazilmiş xatirələr kimi, bulanıq yuxu kimi qeyri-müəyyən bir aləmi andırırdı. Uşaqlığının anımlarıydımı bu?

Yox, uşaqlığı bu məhəllədə keçməmişdi. Bəlkə haçansa, çox illər qabaq buralara kimsə qonaq gəlibmiş, bəlkə bu evlərin birində qohumları, ya dostları, tanışları yaşayırmış. Yadına sala bilmirdi. İşlədiyi idarənini yolu bu küçələrdən keçmirdi. Şəhəri sərgərdan dolaşıb dəxli olmayan məhəllələrdə azmaq şakəri də yoxdu. Bəs nədən bütün yan-yörə ona bu qədər məhrəm gəlirdi, sanki haçansa bu həndəvəri qarış-qarış, addım-addım hadırlamışdı. Bir də içindəki bu təşviş, qəribə nigarançılıq, narahatlıq hissi - məşum bir duyğu - hardandı? Sanki nədənsə eymənirdi. Nədən? İçində elə bir hiss vardı ki, sanki ömrü boyu yaşadığı şəhərin tanış gəlməyən bir məhəlləsinə deyil, özgə, yad bir şəhərin ona tanış görünən küçələrinə düşmüşdü.

Saatına baxdı. Gecə yarısına, patrul saatına az qalırdı. Ömrü boyu yaşadığı bu şəhərin hər yönünə, hər istiqamətinə, məhəllələri arasındakı məsafələrə bələd idi. Bu dar küçələrin labirintlərindən çıxıb geniş prospektlərlə özünü evinə çatdırmalıydı. On iki olana qədər. Yoxsa gəzəyənlərə - patrula rast gəlib səhərədək saxlanıla bilərdi.

Bəlkə ay işığı idi onu eyməndirən. Müxtəlif biçimli, yarıuçuq xərabələri andıran bu köhnə binaların, düyün düşmüş kələf kimi bir-birinə dolaşmış ensiz küçələrin adamsızlığında, «qu» deyib qulaq tutulan səssizliyində ay işığı ətrafı gümüşü-boz bir rəngə - kül rənginə boymışdı və O.ya elə gəlirdi ki, bu ölü rəngi hansısa başqa bir dünyadan sızıb-süzülür. O, ay ziyasının kəməndinə bağlanıb gecələr gözü açıq gəzən lunatik deyildi. Yuxuda da deyildi. Ayıqdı. Vaxtı, saatı dəqiq müəyyənləşdirə, hərəkətlərinə nəzarət edə bilirdi. Bəzən yuxuda çəkisizlik aləmindəymiş kimi ayaqlarının yüngülcə bir təkanıyla yerdən aralanıb uzun bir məsafəni tullantıyla qət etdiyini də xatırladı, yenə də yuxuda qıçlarının qıc olub bircə addım ata bilmədiyini də. Amma indi nə ayaqları qıc olmuşdu - həmişəkitək addımlayırdı, nə də çəkisizliyin yüngüllüyünü duyurdu. Yuxu deyildi bu.

Bəs onda gecənin bu vaxtı şəhərin bu məhəlləsində nə işi vardı? Niyə gəlmişdi bura, necə düşmüşdü bu yerə, haçandan bəri burdaydı? Nə qədər çalışırdısa da bu sualların bircəciyinə də qəti cavab tapa bilmirdi. İçən də deyildi ki, bu müəmmanı sərxoşluğunun ayağına yazsın. Təşviş hissinin, az qala vahiməyə, qorxuya keçə biləcək nigarançılığının da səbəbi bu idi. Həm də ürəyinə dammışdı, indicə, lap bu yaxında nəyinsə məşum bir şeyin - nəyin? - baş verəcəyini fəhmlə duymuşdu. Bu önduyum idi. O.yu eyməndirən.

Kor dalana arxa çevirib tindən sola buruldu, bir neçə addım atandan sonra qarşıda başqa bir sal divarla üz-üzə gəldi. Yeni bir çıxmaza düşmüşdü, amma yenə də sol tərəfdə dar bir qapı vardı, bu qapıdan keçib həyətə yox, başqa bir küçəyə çıxdı və həmin andaca ürəyinə dammış qorxu durulub aydınlaşmağa başladı; səsdən hürkmüşdü.

Bayaq bəlkə çox uzaq bir hənir kimi duyulan səs indi artıq uğultu kimi eşidilirdi. Motor uğultusuydu. İşə salınıb qızdırılan motorun uğultusu. Az sonra motor qızacaq və maşın hərəkət edəcəkdi. Gecənin bu vaxtı, dar küçələrdən hər hansı bir maşının keçməsi imkansız olan bu yerdə hələ görmədiyi avtomobil nədən O.yu belə xoflandırırdı? Özü də bilmirdi, amma nəyin bahasına olur-olsun bu məşum maşından qaçıb qurtulmaq, uzaqlaşmaq, xilas olmaq istəyirdi.

O, addımlarını yeyinlətdi və addımlarının yeyinlətməsiylə maşın səsinin sürətlə yaxınlaşdığını da hiss etdi. Az qala panikaya qapılırdı, addımlarını tələsdirə-tələsdirə qaçmağa başladı və qaça-qaça düşünürdü ki, maşın bu dar, dolaşıq küçələri belə sürətlə necə keçə bilir?

Uğultu lap yaxından gəlirdi. O, özünü məcbur elədi ki, qanrılıb geriyə baxsın. Bir an dayandı, döndü, baxdı. Dar küçəni belədən-belə, səkidən-səkiyə tutmuş iri, qırmızı bir limuzin düz O.yun üstünə gəlirdi, iyirmi beş-otuz metrliyində idi. Ani, sövq-təbii xilas olmaq istəyiylə. O. özünü yanındakı qapıdan içəri saldı, qaranlıq dəhlizin divarına sıxılıb gizləndi. Elə bil dərhal maşının da sürəti azaldı, uğultusu sanki yavaşıdı; hətta onun dayandığını düşünmək olardı. Amma qırmızı limuzin dayanmamışdı, intəhası əvvəlkindən fərqli olaraq xeyli aramla hərəkət edirdi. O.yun gizləndiyi qapıya yaxınlaşırdı.

… və gəlib düz qapının qarşısında dayananda O. Qırmızı limuzinin içini də gördü. Maşının içində heç kəs yox idi. Sürücüsü də yoxdu, sükanın ardındakı yer bomboşdu.

***

…Zəngli saatı həmişəki kimi 7-nin üstünə qoymuşdu. Amma saat zəng çalmamış özü oyandı. Qəribə yuxusunun üşütməsi hələ canından çıxmamışdı. İki-üç saniyədən sonra şüuru durulub aydınlaşdı: öz evində, öz yatağında olduğunu dərk etdi. İndicə gördüklərinin yuxu, qarabasma olduğunu anladı və xəfifcə gülümsünüb başını buladı.

Yeni bir gün başlanırdı. Durub yuyunmalı, idman etməli, üzünü qırxmalı çay içməli və işə getməliydi. Bu gün görəsi olduğu işləri düşündü, onların hər gün təkrarlanan cansıxıcı ardıcıllığını xatırlayanda ürəyi darıxdı. Yorğanı başına çəkib yenidən yuxunun girdabına dalmaq istədi. Amma bunu bacarmadı və birdəfəlik təsdiq olunmuş ömür cədvəlinə riayət edərək sıçrayıb yataqdan qalxdı.

Yarım saat sonra tək-tənha yaşadığı mənzilinin qapısını açarlayıb pilləkənlə dördüncü mərtəbədən enməyə başladı. Beş dəqiqədən sonra 7 nömrəli avtobusa minib metro stansiyasının yanında düşməli, metronun üç stansiyasını keçib dördüncüsündə çıxmalı və yüz metr məsafəni piyada addımlayıb idarəsinə çatmalı idi. On səkkiz il idi ki, şənbə-bazardan və bir aylıq məzuniyyət müddətindən başqa hər gün eyni vaxtda, eyni saat və dəqiqələrdə eyni minik vasitələriylə eyni marşrutu qət edirdi.

Siqaret yandırıb evinin çöl qapısından eşiyə çıxan kimi diksinib ayaq saxladı. Küçədə, səkinin yanında qırmızı limuzin dayanmışdı. O. Nəyə desən and içə bilərdi ki, bu gecə yuxuda gördüyü həmin maşındır. İçi də bomboşdu. Yuxuda gördüyü kimi. Amma indi yuxudakı ay işığının gümüşü-gül rəngindən fərqli olaraq bol günəşli bir gündü və O.nun qapısında dayanmış bu qırmızı limuzindən heç bir qorxusu-hürküsü yox idi. Maşındır da, burda dayanıb. Dayanıb-dayanıb. Nə olsun? Doğrudur indiyədək al qan qırmızı rəngiylə başqa maşınlardan fərqlənən bu qırmızı limuzini burda dayanan görməmişdi. Amma düşündü ki, bəlkə də görüb - burda ya başqa bir yerdə, fikir verməyib, diqqət eləməyib, görünür nədənsə şüuraltı bir qatda yaddaşına həkk olunub və odur ki, yuxusuna da girib.

Avtobusun ləhliyə-ləhliyə gəldiyini görüb addımlarını yeyinlətdi və artıq çoxdan vərdiş etdiyi basabas içində dal qapıdan birtəhər içəri dürtüldü. Avtobusun arxa pəncərəsindən geriyə baxdı - nədən maraq etdiyini özü də bilmirdi - amma hər halda evinin qapısına sarı baxdı. Qırmızı limuzin elə durduğu yerdəcə dayanıb qalmışdı.

İkinci dayanacaqda çox adam düşdü, avtobusun içi seyrəkləşdi və O.boşalmış yerlərdən birinə əyləşdi. Pəncərədən şəhərin adamla, maşınla qaynaşan küçələrinə baxır və pərən-pərən olmuş fikirlərini toplaya-toparlaya bilmirdi. Avtobusun sağından-solundan şütüyən maşınlara xüsusi diqqət edirdi, elə bil nəyisə axtarırdı. Birdən ağlına gələn fikirdən öz-özünə gülümsündü: «bəlkə qırmızı maşını arayıram, çoxdan görməmişəm ».

Qırmızı limuzini avtobusdan enəndə gördü, dahda doğrusu avtobusdan düşüb beş-on addım keçəndən sonra maşını metro stansiyasının qarşısında gördü. Metronun girəcəyi tərəfdə, səkinin qırağında dayanmışdı. Yenə də adamsızdı.

Cetonu atıb metronun dırmanıb-enən pilləkəniylə yerin dibinə hərəkət edərkən. O. düşünürdü ki, bəlkə bu günlərdə şəhərə bir dəstə yeni maşınlar gəlib - qırmızı rəngli - odur ki, onları müxtəlif yerlərdə belə tez-tez görür. «Hətta yuxuma da girirlər» - gülümsündü və dərhal da başına gələn ehtimaldan üşünən kimi oldu. «Ya bəlkə bu eyni maşındır, məni təqib edir». Yenə də öz fərziyyəsinə güldü. «Ay hay. Məni təqib edir! Qəribə təqib üsuludur, keçdiyim yerlərdə gəlib durur. Hətta yuxumun içinə də yol tapıb». Amma onu da düşündü ki, işdi-şayət bir də bu qırmızı maşını görsə hökmən nömrəsinə diqqət edəcək. Onu da fikirləşdi ki, nədən «bu qırmızı maşın» ifadəsi gəldi ağlına? Demək müxtəlif yerlərdə və hətta yuxusunda gördüyü qırmızı limuzinləri eyni avtomobil sayır.

Bu qəribə, mənasız və məntiqsiz düşüncələr beynini elə doldurmuşdu ki, ömründə bəlkə də ilk dəfə öz dayanacağını ötürdü, bir də gördü ki, vaqonun qapıları bağlandı, qatar hərəkət etdi və elan olunan dayanacaq onun düşəcəyi deyil, ondan sonrakıdır. Gələn dayanacaqda vaqondan çıxdı, bir az gözləyib əks istiqamətdə gedən qatara mindi və lazım olan yerdə düşdü. Dırmanan pilləkənlə yer üzünə çıxdı. Yaylı qapılardan keçib küçəyə addımını basan kimi səkinin qırağında qırmızı limuzini gördü və bu səfər heç təəccüblənmədi də. Sanki onu yenidən görəcəyinə heç bir şəkk-şübhəsi yoxdu. Bu dəfə adamsız boş maşının nömrəsinə diqqət elədi: 19-91.

İdarələrinə tərəf addımladıqca düşünürdü: görən qırmızı maşın da mənim dalımca idarəyə gələcəkmi? Ya idarəmə çatanda onu orda görəcəm? Yox, bu mümkün deyildi. İdarənin yeganə yolu bu küçədən keçirdi, deməli ora yollanırsa gəlib mənim yanımdan ötməlidir və o zaman mən sürücüsünü də görərəm. Bu da yuxu deyil ki, sürücüsüz hərəkət eləsin…

Yanından keçən maşınlara diqqət edirdi, aralarında qırmızı limuzin yox idi. İdarələrinin qabağında xeyli maşın park olunmuşdu, amma onların arasında da qırmızısı yox idi.

Liftlə səkkizinci mərtəbədəki iş otağına qalxdı. Otağının pəncərələri həyətə baxırdı. İlk dəfə olaraq buna heyfsiləndi. Pəncərədən küçəyə baxsaydı aşağıdakı maşınlara göz qoyardı. «Mənim də deyəsən başım xarab olub. Bu qırmızı maşın niyə məni maraqlandırmalıdır axı...».

Bütün günü redaksiyanın işləriylə məşğul oldu. Sabahkı qəzetdə çıxacaq mətnlərin korrekturasını oxumağa, biri günkü nömrədə gedəcək materialların, məktubların saf-çürük edilməsinə başı elə qarışdı ki, fasilə zamanı bufetə keçib adəti üzrə yüngülvari nahar eləməyi də unutdu. Dördə yaxın korrekturaların öhdəsindən gələndən sonra nəfəsini dərməyə macal tapdı, bərk acdığını hiss elədi və 6-cı mərtəbədəki bufetə endi. Bufetin pəncərələri küçəyə açılırdı və O. şorbanın, kartofun və çayın pulunu ödəmək üçün piştaxtaya yanaşanda qeyri-ixtiyari pəncərədən aşağı baxdı. Aşağıdakı maşınlardan biri qırmızı limuzin idi. Həmin o maşın idimi?

O. özünə də qəribə gələn bir həvəslə bu maşının həmin limuzin olub-olmadığını yoxlamaq istədi. Liftlə aşağı endi, küçəyə çıxdı və içi adamsız, boş qırmızı maşının nömrəsinə baxdı: 19-91.

Həmin limuzin idi.

O.yun matı-qutu qurumuşdu. Bir müddət kirimişcə dayanıb matdım-matdım qırmızı avtomobilə baxdı. Elə bil nə isə gözləyirdi. Daha doğrusu kimisə - bu maşının sahibi, sürücüsü axır ki, peyda olmalıydı, avtomobilinə yanaşmalıydı və bu qəribə sirr açılmalıydı. Amma maşına heç kəs yanaşmırdı.

İşin sonuna yaxın bir vaxt idi və ara-sıra park edilmiş idarə ya şəxsi maşınların yiyələri, sürücüləri gəlib öz avtomobillərinə minir, motoru işə salıb gedirdilər. Get-gedə idarənin qabağı maşınlardan boşalırdı. Cəmisi beş-altı maşın qalmışdı, onlardan biri də qırmızı limuzin idi. O. dərk elədi ki, artıq xeyli vaxtdır burda durub qalıb və tamamilə boş yerə kimisə, yə nəyisə gözləyir. Kimi? Nəyi? Özü də bilmirdi. Halbuki bu gözləmənin mənasız və əbəs olduğunu duyurdu. Ta səhərəcən burda dayana bilərdi. Maşının sahibi, ya sürücüsü ortaya çıxmayacaqdı. O nədənsə buna əmin idi. Ona da əmin idi ki, buradan aralanıb evinə gedəndə qırmızı limuzini qapısında görəcək. Nədən bu qədər əmin idi, özü də aydın dərk edə bilmirdi. Amma bu beləydi.

Yola düzəldi, indi maşınlardan çox küçədən keçən adamlara diqqət edirdi. Bir tanış sifətə rast gəlmirdi. Elə bil tanımadığı yad, özgə bir şəhərə düşmüşdü. Bu əlbəttə yalnız bugünkü duyumu deyildi, son iki-üç ildə O. da bu şəhərin başqa köhnə sakinləri kimi öz şəhərlərini elə bil tanımırdılar, elə bil yadırğamışdılar, elə bil şəhəri tamam başqa bir əhali doldurmuşdu. Nəinki sifətlər, adamlar - rəftar, özünü tutmaq, özünü aparmaq vərdişləri də dəyişmişdi. Sanki şəhərin binaları, küçələri, meydanları da başqalaşmışdı, özgələşmişdi, yabançılaşmışdı. Əvvəllər idarəsi ya evi həndəvərində beş-on addım atanda beş-on tanışla rastlaşan O. indi saatlarla küçələri dolaşa bilərdi və tanıdığı bircə nəfərlə də qarşılaşmazdı.

Bu fikirlər metro dayanacağına çatanda düz qapının qarşısında 19-91 nömrəli qırmızı limuzini dayanan gördü. Haçan və necə yetirmişdi özünü bura? Axı idarədən bura bircə yol vardı və O. qırmızı maşını yanından ötəndə görməmişdi. Bəlkə də fikri yayınmışdı, diqqət eləməmişdi. Hər halda maşın cabəca burda idi. Yenə də içi bomboş. Adamsız.

O.yun içində dolaşıq hisslərin kələfi düyün düşmüşdü - bu həm təəccüb, izahsız sirrin çözülməsinə maraq, həm bir azacıq təşviş, qorxu hissi, həm də get-gedə şiddətlənən hikkə idi. Kimsə onunla - məhz onunla - çünki ev, idarə, metro dayanacağı məhz onun - O.yun marşrut nöqtələri idi - bəli, kimsə onunla oyun oynamaq fikrinə düşübsə, çox əcəb. O. bu oyundan boyun qaçırmayacaq, bu müəmmalı oyunu oynamağa hazırdır: yalnız oyunun şərtlərini və qaydalarını bilməli, oyunçuları tanımalıdır. Heç olmasa üzlərini görməlidir.

Bu barədə hərəkət edən metro qatarının içində düşünürdü və fikirlərinin axını qəribə bir nöqtədə cəmləşdi. Əgər bu oyunu doğrudan da onunla nə məqsədləsə - məqsəd hələ aydın deyildi - oynayırdılarsa, O.yun ev - mənzil - ev gediş-gəliş yollarını dəqiq bilirdilər. İzləyiblər, güdüblər, müəyyənləşdiriblər - nə çətin iş imiş bəyəm? Deməli bu kozır onların - kimlərin? əlbəttə bilmirdi - onların, hər kimdilərsə onların, təqibçilərin əlindədir. Onların oyunlarını pozmaq isə mənim əlimdədir. Öz dayanacağımda, dördüncü dayanacaqda metrodan çıxsam, lap yəqin görəcəm ki, maşını orda saxlayıblar. Mən isə dördüncü dayanacaqda yox, ikincidə çıxacam. Niyə görə birinci yaxud üçüncü dayanacaqda deyil, məhz ikincidə düşməyi qərarlaşdığını isə yalnız metrodpn çıxanda dərk etdi. Bu sövqi-təbii qərarın bir şüuraltı səbəbi də varmış: bir vaxtlar hər gün, ya günaşırı gəldiyi, iki ildən bəri isə qapısına daban basmadığı ev iki addımlıqda idi - Katibənin evi.

***

Katibə onların redaksiyasında işləyirdi. Təbii ki, katibə işləyirdi. Bir gün, daha doğrusu bir gecə O. da, Katibə də nömrə üzrə növbətçi idilər. Gecə 12-yə yaxın nömrəni təhvil verib redaksiyadan bərabər çıxdılar. O. Katibənin evlərinəcən ötürdü. Metroyla iki stansiya yol gedərkən, yer üzünə çıxıb Katibəgilin evlərinə çatanacan tamam başqa məsələlərdən danışırdılar: işlərindən, işdəki adamlardan, havadan. Bir ildi Katibəylə işləyirdilər - indiyəcən heç bir vaxt sözləri qadın və kişi münasibətlərindən düşməmişdi. Amma indi, yolboyu kənar söhbətlər edərkən hər ikisinin ürəyinə dammışdı ki, bu gecə ayrılmayacaqlar ( bunu sonra Katibə də boynuna aldı).

Katibə cavandı, yaraşıqlı və yapışıqlıydı. Tək yaşayırdı. O.da subaydı, heç vaxt evlənməmişdi də. Beş il bundan qabaq indikindən təbii ki, beş yaş cavandı.

İşarə, təklif, dəvət kimi səslənən sözləri öncə kim dedi: Katibəmi evlərinin ağzında O.nu çaya dəvət etdi, ya O.mu kibritin ancaq evdə ola biləcəyini gözəlcə dərk edərək Katibədən kibrit istədi? Yaxud təkliflərin, işarələrin ikisi də oldu, ikisi də təbii qarşılandı. Sonra, yuxarı qalxanda onu da dedilər ki, artıq gecdir, metro işləmir.

İlk dəfə idi ki, Katibənin evini görürdü. Gecəni orda qaldı. Üç il davam edən münasibətləri yorulub bitmək üzrəydi, baxıb usanmışdılar bir-birindən. Katibə, bəlkə də elə məhz bu səbəbi öncədən duyaraq iş yerini dəyişdi. Evdə telefonu da yoxdu.

Katibə iş yerini dəyişməzdən əvvəl artıq araları soyumuşdu, bir neçə həftəydi görüşmürdülər. Amma Katibə onların redaksiyasından gedəndən sonra O.lapdan Katibəgilə gəldi.

Katibənin qonaqları vardı - təzə iş rəfiqələri. O.nu soyuq qarşıladı. O. bir az oturub getdi. Bir həftə sonra yenə gəldi. Katibə evdə yoxdu, sonra bir də gəldi. Yenə evdə tapmadı. Daha bir də gəlmədi.

Bu ayrılıq O.nu nə incidir, nə ağrıdırdı. Ömrü boyu tək yaşamağa alışmış adam kimi yalqızlığa vərdiş etmişdi, uyuşmuşdu yalqızlıqla, məhrəmləşmişdi, təkliyi onu sıxmırdı, darıxdırmırdı. Ara-sıra darıxanda - belə günləri də olurdu -kiməsə, köhnə tanışlarından birinə telefon edirdi, ya onun evində, ya öz mənzilində bir-iki saatlıq görüşüb ayrılırdılar, sonra aylarla, illərlə bir-birini itirib axtarmırdılar. İkinci dayanacaqda metrodan çıxarkən - heç bir qırmızı limuzin-filan görmədi, görə də bilməzdi. Onun burda düşəcəyi kimin ağlına gələ bilərdi ki… Öz ağlına da qəfildən gəlmişdi bu fikir.

Ayaqları elə bil özləri onu Katibənin evinə aparırdı. Hələ unudulmamış pilləkənlərlə - ikinci mərtəbədə bir pilləsi uçulub dağılmışdı, ayağını ehtiyatlı basmalıydın - üçüncü mərtəbəyə qalxdı və arada iki illik məsafə yoxmuş kimi zəngin düyməsini basdı.

Qapı ardından addım səsləri eşidildi.

- Kimdi?

Adını dedi.

Qapı açıldı. Katibə təəccüblə O.ya baxırdı.

-Sənsən? Nə əcəb belə, xeyir ola. Sən hara, bura hara?

Dedi ki, yolu bu tərəfə düşmüşdü, baş çəkmək istədi.

Hələ də qapıda durmuşdular. Nəhayət Katibə O.nu içəri dəvət elədi.

-Keç otağa, - dedi - amma bağışla, bir az səliqəsizdi otaq. Nə bileydim ki, qonağım gələcək.

Otağın qəribə görkəmi vardı. Bomboş, mebelsizdi. Yalnız divar güzgüsü qalmışdı, çıxarılmış şəkillərin yerində mismarlar və şəkillərin yeri boyda rəngi oboyların başqa sahələrindən ayrılan kvadratlar vardı. Otağın bir güncündə karton qutulara kitablar qablanmışdı. Kitabların, curnalların, qəzetlərin bir yığımı da pəncərənin qarşısına düzülmüş və yerə səpələnmişdi.

Divar güzgüsü O.nun xatirələrində müəyyən səhnələri canlandırırdı və Katibə onun güzgüyə xüsusi bir nəzər atdığını gözdən qaçırmadı. O.yun daxili baxışla hansı şəhvani səhnələri təsəvvüründə oyatdığını da bildi: bəzən güzgü qarşısında sevişməkdən xoşlanardılar. O, gözünü güzgüdən ayırdı və otağa bir nəzər də saldı. Döşəmənin bir hissəsinin də rəngi başqaydı, digər sahələri kimi solmamışdı. Solmamış kvadrat indi yox olmuş çarpayının altındakı sahə idi. Onların çarpayısının. Qısa sürən xoş saatlarının yatağı. Onun qulağına çarpayının cırıltısı da gəldi. Onların hərəkət edən iri bədənlərinin ağırlığı altında cır-cır cırıldayan çarpayının səsi.

Katibə:

-Vidalaşmağa gəlmisən? - dedi.

-Vidalaşmağa? - başa düşmədi - köçürsən?

Katibə başıyla təsdiq etdi.

-Evini dəyişirsən?

-Ölkəmi dəyişirəm.

O. bir müddət sükut içində Katibəni süzdü.

-Hara gedirsən?

-Uzaqlara - Katibə xəfif gülümsündü. - Başqa qitəyə. Okeanın o tayına.

Handan-hana O. xatırladı ki, Katibənin anası yəhudi imiş, Amerikada qohumları var - gərək ki, xalası və dayısı.

-Haçan gedirsən?

-Biri gün. Bütün şeylərimi satdım. Bu gün çarpayını da apardılar. Bu gecə yerdə yatmalı olacam.

-Bəs bu kitablar?

-Bunları da sabah gəlib aparasıdırlar. - Birdən nə isə yadına düşdü - Dayan, mətbəxdə hələ çaynik və stəkan-nəlbəkim var. Bu saat sənə çay süzərəm.

O.:

-İstəməz, - dedi, amma Katibə artıq m ətbəxə keçmişdi.

O. pəncərəyə yanaşdı; metro dayanacağı görünürdü.

Divar güzgüsünə yanaşdı, özünə baxdı. Başı çal idi, amma elə bil saçları ağarmamışdı, kif atmışdı.

Üstə olan kitabları bir-bir götürüb baxır, vərəqləyib qoyurdu. Çox köhnə ensiklopediyalar, seriya cildlər, lüğətlər, müxtəlif sahələrə aid kitablar - arasında çox nadirləri də vardı. Demək olar ki, kitabların hamısında mətnin kənarlarında karandaşla edilmiş qeydlər, yazılar vardı, bəzi sözlərin, ifadələrin, cümlələrin altı cızılmışdı. Ara-sıra sual, ya nida işarələri də gözə çarpırdı.

Katibə mətbəxdən iki kətil gətirdi. Birinin üstünə çay süzülmüş stəkan və qənddan qoydu. İkinci kətili O.ya uzatdı.

-Otursana.

-Sənin belə zəngin kitabxanan varmış. Heç mən bilməzdim.

-Atamdan-anamdan qalıb. Sonra az-çox mən də almışam. Amma əsas onlarınkidir.

-Bəs niyə mən indiyədək heç diqqət eləməmişəm. Harda gizlədirdin bunları?

Katibə acı-acı gülümsündü.

-Sən nəyə diqqət edirdin ki… İçəri girən kimi üstümə atılıb məni yatağa dartırdın. Sonra da doyub, sakitləşib tez-tez saata baxırdın. Səni düşdüyün bu çətin vəziyyətdən qurtarmaq üçün deyirdim: yəqin tələsirsən, təcili işin var. Əlüstü: hə, çox vacib işim var, getməliyəm deyib tez aradan çıxırdın.

O. xatırladı ki, doğrudan da hər şey məhz Katibənin dediyi kimi olurdu, amma belə söhbətləri o vaxtlar da etmişdilər və bir-birlərindən soyumalarının bir səbəbi də bəlkə elə bu gileylər idi. Yenidən bu giley-güzarlara qayıtmamaq üçün sözü dəyişdi.

-Bu qeydlər atanındır? - kitabdakı karandaş yazılarını göstərdi.

-Atamın da var, anamın da. Hər halda mənim deyil.

-Atan ingiliscə də bilirdi?

-İngiliscə də, almanca da, farsca da…

-Kimə qoyursan bu kitabları?

-Heç kimə qoymuram. Satmışam.

-Satmısan? Kimə?

-Müxtəlif adamlara. Birini bir qism kitablar maraqlandırır, başqasını başqa.

-Heyfin gəlmir? Axı burda valideynlərinin qeydləri, fikirləri var .

-Neyləmək olar ki? Onlar ölüb. Valideynlərim də, kitablar da.

-Səncə kitablar da ölür?

-Əlbəttə.

-Xırdala görək .

-Bunun nəyin xırdalayasan, aydın məsələdir. Kitabların sahibi, yəni onları alan, toplayan, oxuyan, onlarla vaxt keçirən, nə bilim, onlar haqqında düşünən, düşündüklərini qeyd edən adamlar öləndə kitablarını da özləriylə aparırlar. Yəni onlar da ölür - kitablar. Təzə sahiblərininki isə o kitablar deyil, təzə kitablardır. Zahirən həmin kitablar olsa da.

O. çayından bir qurtum alıb təəccüblə Katibəyə baxırdı. Elə bil onu ilk dəfə görürdü. Katibə:

-Mən kitab oxumağı da sevirəm, kitablar haqqında düşünməyi də. Tək bir məzmunları haqqında yox, ümumən kitablar haqqında. Bax bu kitabların çoxu əlli-altmış ildən bəri bir yerdədirlər. Bir yerdə yaşayırdılar. Rəflərdə qonşuydular. Bir-birinə isnişmişdilər. Bəzən mənə elə gəlirdi ki, onların personacları hətta gecələr bir-birinə qonaq gedir, bir-biriylə söhbət edir, bir-biriylə küsüşüb-barışırlar. Lap səninlə mənim kimi.

-Biz küsməmişdik ki, barışaq.

-Əlbəttə, elədir. Nə isə… Hər halda bu kitablar bir ailə idi. İndi bir-birindən ayrılırlar, ailə dağılır. Sabah hərəsi şəhərin başqa-başqa yerlərində, başqa-başqa evlərdə, başqa-başqa adamların əlində olacaq. Bir də heç vaxt bir-birləriylə görüşməyəcəklər. - Bir an susdu, sonra əlavə etdi - səninlə mənim kimi…

İlk dəfə görürdü Katibəni, ilk dəfə kim olduğunu kəşf edirdi .

-Sən beləsənmiş, - dedi. - Bəs niyə bütün böyük bunları mənə əvvəllər demirdin?

-Macal verirdin ki, içəri girən kimi atılırdın üstümə…

-Yaxşı, yenə başlama…

-Yox, doğrudan eləydi də, işdə ancaq rəsmi söhbətlər, şunu götür, şunu qoy. Evdə… isə… boğuq sözlər, nəfəsin darıxıb kəsilirdi az qala… sonra da… əsnəmələrin…

Bura gələrkən ağlına da gəlməmişdi O.nun. Amma indi Katibənin qəsdənmi, bilərəkdənmi, ya qeyri-ixtiyari, istər-istəməz oyatdığı xatirələr onu coşdurur, hallandırırdı və düşünürdü ki, Katibəylə heç vaxt yalın-yalxı döşəmənin üstündə, qəzetlərin üstündə, pərən-pərən səpələnmiş kitabların arasında sevişməyib. Ayağa durub qolunu Katibənin boynuna dolamaq istədi. Katibə ehmallıca, amma qətiyyətlə geri çəkildi.

-Lazım deyil, - dedi. - Heç nəyi qaytarmaq mümkün deyil. Axır vaxtlar səni az xatırlayırdım, heç yuxuma da girmirdin. Telefon etmək fikrim də yox idi sənə. Amma ürəyimin hansı bucağındasa bir istək qalmışdı ki, burdan həmişəlik ayrılmaqdan qabaq səninlə vidalaşmaq pis olmazdı. Neçə dəfə sınamışam, ürəyimdə bir şey tutanda, həmişə baş verir. Özün öz ayağınla gəlib çıxdın. Yəni doğrudan mənim getməyimi eşitməmişdin?

-Canımçün yox. Tamamilə təsadüfən gəlib çıxdım. Bir iş də vardı…

-Nə iş?

İstədi qırmızı maşın haqqında danışsın, sonra fikrindən daşındı. Həm də nə danışa bilərdi axı, nəyi izah edə bilərdi? Bu gün üç-dörd dəfə eyni maşını görüb? Nə olsun, görüb, görüb.

Bir də ki, Katibə artıq heç burda, bu otaqda, bu şəhərdə deyildi. O.yla başqa bir dünyadan danışırdı elə bil. O.nun yanında, bu otaqda cismani varlığı idi, ruhu isə çox-çox uzaqlarda idi.

O.hər enişinə-yoxuşuna, hər dikinə-çökəyinə bələd olduğu, dərisi tarım çəkilmiş, kip ağuşlarında boğulub həzz aldığı bu bədən haqqında düşünürdü və düşünürdü ki, bu bədənə nə qədər bələd imişsə, bu ruha da bir o qəər nabələd imiş.

Dəli bir istək oyandı O.da. Divar güzgüsünü vurub sındırmaq, çilik-çilik etmək istədi. Amma xatırladı ki, güzgünün sınması bədbəxtlik gətirir. Nə, Katibənin bədbəxtçiliyinə razı olardı, nə öz bədbəxtçiliyini istərdi. Yəqin bu güzgünü - onların məhəbbət güzgüsünü də satıb, onun da müştərisi gələcək və bəlkə başqa bir evdədə güzgü qarşısında sevişməkdən xoşlanan başqa biriləri tapılacaq.

Artıq bu boşalmış, səsləri, hənirləri susmuş otaqda keçirdiyi hər dəqiqə O.yçün işgəncə kimi idi və gərək olan bütün vida sözlərini deyib qapıya tərəf yollandı. «Yaxşı yol - dedi, bir daha - salamat get - dedi, - orda ömrün uğurlu olsun - dedi. Hətta: - Bəlkə haçansa, hardasa görüşdük» - dedi. Halbuki ikisi də bilirdi: bir də heç vaxt, heç yerdə - heç harda görüşməyəcəkdilər.

Qapını açmışdı artıq, bütün sözləri tez-tələsik deyib Katibənin alnından öpdü və yeyin addımlarla pilləkənləri enməyə başladı. İkinci mərtəbənin uçuq pilləkənində az qala büdrəyib yıxılacaqdı, ayağı burxuldu. Qanrılıb yuxarı baxdı. Katibə hələ də qapının astanasında dayanıb ona əl edirdi. Gözlərində yaş-filan da yoxdu. Gülümsünürdü.

Burxulan ayağının ağrısı bir az keçən təkin yavaş-yavaş pilləkənləri enməyə başladı və yuxarıdan cırıltıyla örtülən qapının səsini eşitdi. Qapının son cırıltısı O.ya çarpayı cırıltısını andırdı və əbədi ayrıldıqlarını tam mənasıyla elə bil yalnız bu an anladı... Ou da dərk elədi ki, illər boyu görüşməsələr də Katibə bəlkə də O.nun bu şəhərdə son həyanı idi. Qırmızı maşın əhvalatını olsa-olsa bircə ona danışa bilərdi.

Geri qayıtmaq, hər şeyi Katibəyə açmaq istədi. «Getmə, köçmə - demək istəyirdi, - gəl evlənək, bir yerdə yaşayaq, kitabları da heç kəsə satmayaq - demək istəyirdi.

…ya heç olmasa bu gecə, bir bu gecə birlikdə olaq, kitabları sərək altımıza, qəzetləri çəkək üstümüzə, bir-birimizə sarılıb yataq»…

Amma mümkün deyildi bu, özü də bilirdi. Hər şey bitib həll olunmuşdu. Heç bir şeyi dəyişmək mümkün deyildi. Qədərdən qaçmaq olmazdı.

Birinci mərtəbəyə çatdı, küçə qapısını adlayıb səkiyə çıxanda, qırmızı limuzini lap burnunun ucunda görəndə heç elə təəccüblənmədi də. Elə bil belə də olmalıydı. Qırmızı maşının onu gəlib burda da tapması sanki tamamilə təbii bir şey idi.

Daha heç eymənib qorxmurdu da. Sakitcə, saymazyana, tələsmədən metroya tərəf addımladı. Narın yağış çisələyirdi. Elə bil bir bu yağış tanış idi. O.ya - bu özünün olub özgələşmiş şəhərdə. Adamları tanımırdı, evlər, küçələr dəyişmişdi, başqalaşmışdı. Ətrafına baxıb tanış heç nə görmürdü. Başını qaldırıb buludlara baxırdı. Buludlar tanışdı. Tanış buludlardan tanış yağış yağırdı. Elə bil yağış da buluddan yox, Keçmişdən yağırdı. Əbədi itirdiyi, həmişəlik qeyb etdiyi ötmüş günlərdən.

Metroya haçan minib-düşdüyünün fərqinə varmadı. Avtobusu da gözləmədi, evinə tərəf piyada yollandı.

Yağış əvvəlki kimi çisələyirdi. Beş-on addım da atacaq, evinə çatacaqdı və… evinin qarşısında qırmızı maşını görəcəkdi.

Mütləq.

Beş-on addım atdı. Evinin qapısı göründü. Evin qabağı bomboş idi. Heç bir maşın-filan yoxdu. Nə qarası, nə yaşılı, nə qırmızısı. Ağlına gəldi ki, beş-altı saatdan sonra yatağına girəcək və qırmızı maşını yuxusunda görəcək.

***

Yuxudan hövlnak oynadı. Saata baxdı. Səhər beşin yarısı idi. Zəngli saatın səslənməsinə iki saat yarım qalırdı. Amma O. bilirdi ki, bu gün məhz indi oyanıb durmalı, yatağından qalxmalıdır.

Durdu, yatağından qalxdı. Pəncərəyə yanaşdı. Zənnində yanılmamışdı. Bomboş, adamsız, hərəkətsiz küçədə yalnız tək bir maşın vardı. O.yun qapısında dayanmışdı. Qırmızı limuzin.

O. artıq nə edəcəyini dəqiq bilirdi. Duş qəbul etdi, yuyundu, üzünü qırxdı. Ağ təmiz köynəyini, ütülənmiş kostyumunu geydi, təzə qalstuk bağladı, çəkmələrini sildi.

Qapıdan çıxmazdan qabaq otağına bir də nəzər saldı. Zəngli saatı dayandırmaq istədi. Sonra fikirləşdi ki, qoy işləsin, 7-də boş otaqda zəng çalıb kimsəni oyatmasın .

Siqaret yandırmadı. «Son siqaret-filan» - bu sayaq romantikadan xoşlanmırdı. Aramla, amma çox da yubanmadan pilləkənləri endi, küçəyə çıxdı.

Küçədə ins-cins yox idi. Axşamkı yağışın nəmi səkidən, asfaltdan çəkilmişdi.

Qırmızı limuzinə yanaşdı. İçində və ətrafında heç kəs olmasa da bilirdi ki, qapısı açıqdır.

Qapısı açıq idi. Açdı. İçəri keçdi. Sükanın arxasında oturdu.

Bilirdi ki, açarı üstündə olmalıdır.

Açarı üstündə idi.

Natanış küçəyə, natanış evlərə, tanış göyə baxdı. Göydən tanış buludlar çəkilib getmişdi.

Açarı burdu.

***

Teleqraf acansının məlumatı:

«Bu gün səhər saat 5 radələrində üçüncü yoxuş küçəsində bir avtomobil partlamışdır. Güman edilir ki, avtomobil işə salınarkən içinə qoyulmuş güclü bomba partlamışdır. Bombanın kim tərəfindən qoyulduğu, maşının kimə məxsus olduğu, sükan arxasında oturub tikə-tikə parçalanıb tanınmaz olmuş şəxsin kimliyi məlum deyil. İstintaq aparılır».

26-27 avqust 1991